vurmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
vurmaq
f.
1. Əli ilə və ya əldə tutulan bir şeylə çırpmaq, zərbə endirmək. Ağacla vurmaq. Şillə vurmaq. Qamçı ilə vurmaq. Əllərinə vurmaq. – [İvan bəy:] Səsini kəs, buyuraram, başına yüz tatarı vurarlar. N.Vəzirov. Fərraşlar Məşədi Həsəni yıxıb, ayağına on çubuq vurdular. Çəmənzəminli. Əlimdəki dəyənəyimlə iti vura-vura (z.) qovdum. A.Şaiq. // Buynuz, təpik və s. ilə zərbə endirmək. İnək uşağı vurdu. Onu at vurmuşdur. // Döymək, kötəkləmək. Uşağı vurmaq olmaz.
2. Bir şeylə toxundurmaq. Qasım kişi çaxmağı daşa vurub, qovu basır çubuğa. C.Məmmədquluzadə. [Rüstəm:] Mən yavaşca öküzün boynuna vurub, həyətə döndərdim. S.Rəhimov. Eldar Ayazın çiyninə vurdu. Ə.Məmmədxanlı.
3. Çalmaq, çaxmaq, qaxmaq, soxmaq. Mıx vurmaq. Paya vurmaq.
4. Güllə ilə vurub öldürmək. Ovçular meşədə üç qaban vurdular. – Bir dəfə Tükəzban xala gecə bostandan qayıdırkən tüfəng ilə bir canavar vurub öldürmüşdü. B.Talıblı. // Bir şeylə vurub yaralamaq. Quşu ayağından vurmuşlar. – [Kərbəlayı Rəcəb:] Arığın nə işi var qoruqda, vuralar qılçası sına. N.Vəzirov.
5. Atəşə tutmaq, topa tutmaq, gülləyə basmaq. Sahildən düşmən gəmilərini vurmaq. • Vurub salmaq – güllə və s. zərbəsinin gücü ilə yerə düşməyə məcbur etmək. Ağacdan almanı vurub salmaq. Zenitçilər düşmən təyyarəsini vurub saldılar.
6. Bir şeyi sərrast atıb hədəfə toxundurmaq, dəydirmək. Nişanı vurmaq. Nə qədər atdımsa, hədəfi vura bilmədim.
7. Dayamaq, dirəmək, qoymaq, söykətmək. Divara dayaq vurmaq. Ağaca dəstək vurmaq.
8. Taxmaq, keçirmək, bağlamaq. Atın ayağına cidar vurmaq. – Səlim bəy Nəbinin ayaqlarına qandal vurub, Gorus qazamatına göndərir. “Qaçaq Nəbi”. [Gilə] içəri girib, qapını örtdü və sürməsini vurdu. Ə.Vəliyev.
9. Yükləmək, yığmaq, çatmaq, doldurmaq. Arabaya (maşına, gəmiyə) yük vurmaq, tay vurmaq. – Çıx minbərə, zahirdə oxu nəql kitabı; Buğdanı vur anbara, elə meyl şərabı. M.Ə.Sabir.
10. Taqqıldatmaq, döymək. Qapını vurmaq. Darvazanı vurmaq. – Hələ şam yeməyi hazır olmadan, iki qız bir də anası qapını vurub içəri girdilər. M.S.Ordubadi. // Döyəcləmək, çalmaq. Nağara vurmaq. Dəf vurmaq. // t-siz. Zərbə və ya başqa bir səslə bildirmək, xəbər vermək. Telefonun zəngi vurdu. Saat 12-ni vurdu.
11. Xarab etmək, məhv etmək, zədələmək, zərər vermək. Almaları dolu vurdu. Əkinləri don vurdu. Meyvələri şaxta vurmuşdur. – Şaxta vurmayacaq göy zəmiləri; Qış gəlib gedəcək bir bahar kimi. S.Vurğun. |Nəbi:] Yenə dolu vurdu bizim bağları; Az qaldı ki, düşmən ala dağları. “Qaçaq Nəbi”.
12. məc. Bərk təsir etmək. Saçlarının ətri və bədəninin hərarəti Rüstəmi uzaqdan vurur, ruhunu oxşayırdı. M.İbrahimov. Kərim bəy qapını açanda ağır və boğucu isti hava onu vurdu. Mir Cəlal. Gorus dağının başında Nəbini isti vurur, bir kölgəlik tapıb uzanır. “Qaçaq Nəbi”.
13. məc. dan. İçmək (yalnız spirtli içki haqqında). [İsmayıl bəy:] Günorta əyləşib, gecə yarısınadək vurdunuz, o sənin sağlığına, sən onun. N.Vəzirov. [Səfər bəy:] Gəlib Mirzə Turabla araq vursaydım, bundan yaxşı olardı. B.Talıblı.
14. dan. Oğurlamaq, çırpışdırmaq, çalmaq. [Əhməd dedi:] Sandıqçanı vurmuşam, içi dolu pul. N.Nərimanov.
15. Sürtmək, çəkmək, yaxmaq. Pəncərələrə rəng vurmaq. Üzünə pudra vurmaq.
16. Yapışdırmaq, asmaq. Divara elan (afişa) vurmaq. Divara xalça vurmaq.
17. Yıxmaq, çırpmaq. Hüseynağa çölə çıxdıqda külək onu yumurlayıb yerə vurdu. M.İbrahimov.
18. riyaz. Artırmaq, zərb etmək. Beşi ikiyə vurmaq.
19. “Özünü” sözü ilə – yalandan göstərmək, oxşatmaq. Özünü dəliliyə, bilməməzliyə, xəstəliyə vurmaq. – [2-ci əcinnə:] Özünü vurubsan səfehliyə, xanımın xoşuna gəlib, səni çörəkləyib saxlayır. Ə.Haqverdiyev. Nəbi özünü karlığa vurub, ona yaxın gəlməsini əli ilə işarə edir. “Qaçaq Nəbi”.
20. “Özünü”, “özlərini”, “özümüzü” sözləri ilə – soxulmaq, girmək, bir şeyin içərisinə atılmaq, dalmaq, cummaq, yönəlmək, üz tutmaq. Özünü sürüyə vurdu. Özlərini meşəyə vurdular. – [Nəbi:] Uşaqlar, yerimiz açıqdadı. Zalım uşağı bizi qıracaq, atları minib, özümüzü düşmənin qoşununa vuraq! “Qaçaq Nəbi”. Eyvaz kişi özünü çaya vurdu. Ə.Vəliyev.
21. Sancmaq, çalmaq. İlan vurmaq. Əqrəb vurmaq. – Əziziyəm, qan damar; Arı vurar, qan damar; Kasıblıq adın çəkmə; Ürəyimə qan damar. (Bayatı.) [Səadət xanım:] İlan vuran yatar, amma mənim yuxum gəlməz. N.Vəzirov.
22. Calamaq, aşılamaq. Peyvənd vurmaq. Aşı vurmaq. – Vurduq ağaclara biz peyvənd, calaq. Seyidzadə.
23. Kəsmək, kəsib gödəltmək. Paltarın ətəyindən bir qədər vurmaq. Dəllək saçımı vurdu. Pambıq kollarının başını vurmaq.
24. t-siz. Döyünmək, atmaq, işləmək. Nəbzi vurmaq. – Yenə də bir vuraydı qəlbimiz gizli-gizli; Sən ey əsmər bənizli! M.Müşfiq. Bir soruş gör, heç ürəyim bir gün onsuz vurdumu? Ə.Cəmil.
25. t-siz. Atmaq, fışqırmaq. Fontan vurmaq. Fəvvarə vurmaq.
26. Xüsusi cihaz və s. vasitəsilə yeritmək (maye, hava, qaz və s.). Nasosla su vurmaq. – Həkim iynəni qaynadıb, Tahirin yumşaq ətinə penisillin iynəsi vurdu. M.Hüseyn.
27. dan. Çevirmək, bir vahidi əsas götürərək hesablamaq. Kağız pulu qızıla vurmaq.
28. Bir sıra isimlərin yanına gətirilərək, ismin ifadə etdiyi məna ilə əlaqədar mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: dövrə vurmaq, zərər vurmaq, dəm vurmaq, əl vurmaq.
29. “Vurdu” şəklində – birdən, gözlənilmədən. İki gün çəkmədi, vurdu anam xəstə düşdü. Mir Cəlal.
30. “Vurub” şəklində – çox-çox geridə buraxıb, ötüb, aşıb. Trest müharibədən əvvəlki həcmi vurub keçəcəkdir. Mir Cəlal.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
vurmaq
I. toxunmaq, dəymək
{dokunmak, değmek}
II. çırpmaq, dəymək, kötəkləmək
{çırpmak, dövmek, hırpalamak}
III. çalmaq, çaxmaq, qaxmaq, soxmaq
{çalmak, çakmak, kakmak, sokmak}
IV. dayamaq, dirəmək, söykəmək
{dayamak, diremek, yaslamak}
V. yükləmək, yığmaq, çatmaq, doldurmaq
{yüklemek, yığmak, çatmak, doldurmak}
VI. zədələmək
{zedelemek}
VII. içmək, gillətmək
{içmek, yuvarlatmak}
VIII. oğurlamaq, çalmaq, çırpışdırmaq
{saklamak, çalmak, çırpmak}
IX. yapışdırmaq, asmaq
{yapıştırmak, asmak}
X. yıxmaq, çırpmaq
{yıkmak, çarpmak}
XI. sancmaq, çalmaq, dişləmək, zəhərləmək, dolamaq
{iliştirmek, çalmak, ısırmak, zehirlemek, dolamak}
XII. calamaq, aşılamaq
{bağlamak, aşılamak}
XIII. kəsmək, gödəltmək
{kesmek, kısaltmak}
XIV. döyünmək, atmaq, işləmək
{dövünmek, atmak, çalışmak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
vurmaq
çakmak, çarpmak, vurmak