qiyamət
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
qiyamət
is. [ər.]
1. Dini etiqadlara görə axırzamanda aləm dağıldıqdan sonra bütün ölülərin dirilib qalxması; məhşər günü. Güman etməyin ki, Şeyx Şəban azan verməyinə muzd alırdı; xeyr, əstəğfürullah, azan verməyi məhz savab əməl hesab edərdi və əcrini qiyamətdə Allahdan gözləyirdi. Ə.Haqverdiyev.
2. məc. Müsibət, fəlakət, bəla, əzab, işgəncə mənasında. Mənə bir munca qaraqorxu gəlmə ruzi-məhşərdən; Qiyamət varmı, ey vaiz, firaqi-yardən artıq? M.V.Vidadi. Hər günüm hicrində, ey məh, bir qiyamət tək keçər. S.Ə.Şirvani.
3. məc. Gurultu, patıltı, səs-küy, mərəkə. ..Bunu görüb hər bir kəsdən soruşdumsa: – Bu nə qiyamətdir? – mənə cavab verən olmadı. C.Məmmədquluzadə. Lakin paltarları səhnəyə aparılmış arvadların qiyamətindən xəbərim yox imiş. Evə gələr-gəlməz üç yerdən üstümə düşüb ağızlarından çıxanı dedilər. H.Sarabski.
4. məc. Çox gözəl, çox yaxşı, əla, görməli, eşitməli, çox maraqlı şey, hadisə, adam və s. haqqında. Vəh nə qamət, nə qiyamət, bu nə şaxi-güli-tərdir. Füzuli. Sürmələnmiş siyah gözlər süzülür; Oturub-durmağı qiyamət olur. M.P.Vaqif. Yatana yaxın da bir kasa qatıq tapılsa, lap qiyamət olar. M.İbrahimov. Dostlar oturmuşdular. Gecəni qiyamət keçirirdilər. Mir Cəlal. // Eyni mənada bəzən “qiyamətdir” şəklində işlənir. Mən öz-özlüyümdə bu qədər ağıllı, bu qədər kamallı, bu qədər səliqəli Hacı görməmişəm, desəm, inanın, Hacı qiyamətdir, qiyamət! Qantəmir.
5. məc. dan. Çoxluq, bolluq bildirir. Bazarda qiyamət mal var. – Günün istisindən qar əriyib, qiyamət palçıq etmişdir. N.Vəzirov. ‣ Qiyamət eləmək (etmək) – 1) çox böyük nailiyyət, müvəffəqiyyət əldə etmək, şöhrət qazanmaq, böyük fəaliyyət göstərərək hamının diqqətini özünə cəlb etmək. Səni meydanda görən kimsə desin namxuda; Eyləyibdir genə aləmdə qiyamət, Hadi.. S.Ə.Şirvani; 2) son dərəcə gözəl, qəşəng şey haqqında. Yüzün qiyamət eylər şol zülfü xal içində. Nəsimi. Səri-kuyin məhşər, qəddin qiyamət; Qiyamət edərsən saətbəsaət. Q.Zakir. Qiyamət qoparmaq – 1) qışqırıq salmaq, haray qaldırmaq, vəlvələ salmaq, mərəkə salmaq, dava qaldırmaq. Qıldı mən xəstəni məlamət; Başıma qopardı yüz qiyamət. Xətayi; 2) şiddət etmək. Hüsaməddinin ordusunu mühasirəyə almış Aran atlıları qiyamət qoparmışdı. M.S.Ordubadi. Külək yenə də qiyamət qoparırdı. S.Rəhimov. Qiyamət qopmaq – çaxnaşma düşmək, səs-küy qalxmaq, vəlvələ düşmək, mərəkə qopmaq, aləm qarışmaq. Qiyamət qopdu hüsnündən, yeddi iqlimə yayıldı. Nəsimi. Qiyamət qopsa, xublara; Aşiqindən zərər gəlməz. Q.Zakir. Qiyamət qopdu yahu, köhnə dünya tarü mar oldu. M.Möcüz. Qiyamətə qalmaq – çox uzun və gəlib çatacağına az ümid olan, yaxud heç ümid olmayan vaxt haqqında. Sirr sözüm yadlara aça bilmirəm; Qaldı qiyamətə dağ ürəyimdə. Aşıq Ələsgər. O zaman anladım itib əməyim; Qaldı bir də qiyamətə diləyim. A.Səhhət. Qiyamətə qədər, qiyamətəcən – heç bir vaxt, heç bir zaman. [Qəmər:] ..Adam ki biriynən bir tikə çörək kəsdi, qiyamətəcən gərək onu unutmasın. M.İbrahimov. Qurdla qiyamətə qalmaq kin. – bax. qurd1.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
qiyamət
I. məhşər
{mahşer}
II. müsibət, fəlakət, bəla, əzab
{musibet, felaket, bela, sıkıntı}
III. gurultu, patıltı, səs-küy
{gürültü, patırtı, çığlık}
Axir izdelgen sözler: