turklehceleri.org

əhsən

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

əhsən

nida [ər.]
1. Bəyənmə, tərif bildirir – afərin! barakallah! eşq olsun! Əhsən sənə, ey vətənin qəhrəman oğlu! Əhsən onu yaradan əllərə! Əhsən bu kəlama! – Hər ildə müsəlman edə gər bunca tərəqqi; Bir az keçər aləm deyər: – Əhsən, belə millət! Ə.Qəmküsar. [Səfər bəy:] Əhsən! Yaxşı sudur, Qənbərqulu! B.Talıblı. Kimsə yerindən dedi: – Bu ağıllı təklifdir. Əhsən bu kəlama.. Ə.Vəliyev. • Əhsən demək (oxumaq) – tərifləmək, afərin demək, bəyənmək. Hamı sənə əhsən deyər. – Gül rüxsarın əhsən deyib bülbülə; O çeşmi-xumarın yadıma düşdü. “Abbas və Gülgəz”. O, tamaşa günü anasını aparıb zalda oturdacaqdı ki, baxıb oğlunun göstərdiyi məharətə əhsən desin. S.Rəhman. Ətri gözəl, təzə balın; Baxan kimi xoş dadına; Bir ağızdan əhsən dedi; Hamı onun ustadına. M.Dilbazi.
2. Bəzən əks mənada işlənir. [Gəray:] Əhdi, ilqarı nə tez qırdın sən? Adına bu yaraşarmı, əhsən! A.Şaiq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

əhsən

bəyənmə, tə’rif, afərin
{beğenme, tarif, lütuf}


Son arananlar: