şuriş
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
şuriş
is. [fars.] Qarışıqlıq, qarğaşalıq, iğtişaş, şuluqluq. Qazax mahalının vəkili Pənah ağanın zamanında bir para şuriş və inqilabın vüquinə görə Qazax mahalından bir neçə elat keçib Qarabağ vilayətinə, İbrahim xanın təhti-himayəsinə gediblər. F.Köçərli. [Mozalan bəy:] Ay Allah, İranın bu şuriş vaxtında, görəsən, başıma nə müsibətlər gələcək.. Ə.Haqverdiyev. • Şuriş düşmək – qarışıqlıq, qarğaşalıq düşmək, iğtişaş qalxmaq, ara qarışmaq. Kənddə şuriş düşdü. C.Məmmədquluzadə. [Vəzir:] Sus! Öylə söz demə, yoxsa camaat xəbərdar olsa, haman dəm şuriş düşər. Ü.Hacıbəyov. Şuriş salmaq – 1) qarışıqlıq salmaq, qarğaşalıq salmaq, aranı qarışdırmaq, iğtişaş salmaq, şuluqluq törətmək. Müdir [Qurban Mərəndini] vətənpərəstlik hisslərini itirməkdə və şuriş salmaqda ittiham etdi. M.İbrahimov; 2) səs-küy salmaq, gurultu salmaq. Gəlin, indi nəğməni başdan çalaq; Dağa, daşa, səhraya şuriş salaq. A.Səhhət.