turklehceleri.org

dəymək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

dəymək

I. f.
1. Toxunmaq. Mixək əkdim ləyəndə; Mixək boynun əyəndə; Bir cüt qurban demişəm; Əlim əlinə dəyəndə. (Bayatı). // Əl vurmaq, əlini toxundurmaq. Şeylərə dəymə! Kitablara dəymə! – [Hacı Murad:] Yox, oğlum, dəymə, yetişəndə yığıb sənə göndərəcəyəm. S.S.Axundov.
2. Bir şeyə yetişib toxunmaq, rast gəlib toxunmaq. [Aslan bəy:] ..Hər halda 30 güllə atılarsa, ondan biri dəyəcək... C.Cabbarlı. [Cavad:] Güllə də igiddən qorxar, o həmişə qorxağa dəyər. Ə.Vəliyev.
3. məc. Toxunmaq, pis təsir etmək, təhqir etmək. Qəlbinə dəymək. Könlünə dəymək. Onun sözü mənə dəydi. – Eh, gözüm, nə dəyib köyrək könlünə? Ey şirin güftarım, nöşün ağladın? M.P.Vaqif. [Fəxrəddin bəy:] Sözün var, söz danış, qəlbə dəymək nə lazım! N.Vəzirov. Rövzəxana dəydi baqqalın sözü; Dişlərin qıcırdıb qızardı gözü. M.S.Ordubadi.
4. “Gözə”, “gözünə”, “gözümə” sözləri ilə – görünmək, sataşmaq. Çoxdandır gözümə dəymirsən. – [Qarovul:] Gedən yoldaşlardan da gözə bir nişan dəyməyir. Ə.Haqverdiyev. Həsən kişinin gözünə bir qaraltı dəydi. M.İbrahimov.
5. “Qulağa”, “qulağına”, “qulağıma” sözləri ilə – yetişmək, qulağa çatmaq. [Əmiraslan ağa:] Ah, yenə qulağıma bir söz dəydi. S.S.Axundov. Azca keçməmiş, iki atlının səsi küçədən Gülnazın qulağına dəydi. M.İbrahimov. Bayramın qulağına at ayaqlarının tappıltısı dəydi. M.Hüseyn.
6. “Yerə” sözü ilə – yıxılmaq. Yeni məhbus üzü üstə yerə dəyib zarımağa başladı. M.İbrahimov. Kişi səndələdi, ağzı üstə yerə dəydi. M.Hüseyn.
7. “Soyuq” sözü ilə – soyuqlamaq, soyuğun təsirindən xəstələnmək. Gər dəysə soyuq, sancılanıb olsa da bimar; Hökm et, gələ cindar. M.Ə.Sabir. Əhməd, balam, üstüaçıq niyə yatıbsan, soyuq dəyər. A.Divanbəyoğlu.
8. “Bir-birinə” sözü ilə – qarışmaq. ..Dünya və aləm bir-birinə dəyib. C.Məmmədquluzadə. Dünya bir-birinə dəyib. Əlində bir berdankası olan hər kəs yerə-göyə sığmır. Mir Cəlal.
9. məc. Baş çəkmək, bir yerə, ya birisinin yanına az vaxt üçün getmək. [Mirzədadaş:] ..Sən get, evə dəy, mən də gedim, görüm arvad süfrəni açıbdırmı? N.Vəzirov. [Əbil:] Mən kötükçıxaran maşınlara dəyib, tez gəlirəm. Ə.Vəliyev.
10. “Köməyi”, “yardımı” və s. sözləri ilə – köməyi, yardımı olmaq, faydası olmaq, xeyri olmaq. Bir-iki qohum və əqrəbasından və bir neçə dövlətli tanışlarından savayı Hacı Məcid əfəndinin kimə faydası dəydi? C.Məmmədquluzadə. [Aslan bəy:] Qoy deməsin camaat ki, Aslan bəyin kasıblara bir köməyi dəyməyir.. C.Cabbarlı. Bu işdə Şəmsiyyə və sərtib Səliminin də [Firiduna] köməyi dəymişdi. M.İbrahimov.
11. məc. Mənası olmaq, lazım olmaq. Belə bir gözəllik uğrunda vuruşmağa dəyirdi. Ə.Məmmədxanlı. // Dəyər şəklində – layiqdir. Yaxşı maldır, almağa dəyər. Baxmağa dəyər. // Əks mənada bəzən inkar şəklində işlənir. Hiç gül olmaz tikənsiz, hiç şadi qüssəsiz; Dərmə gülündən anın, çün güli dəyməz xarinə. Nəsimi. [Hacı Qara:] Bu sözlər bir pula dəyməz, axırıncı sözümdür, məni məəttəl eləməyin! Tez olun, yaraqlarınızı salın! M.F.Axundzadə.
12. Dəyib-dolaşmaq şəklində – toxunmaq, sataşmaq, mane olmaq. [Yoldaşlarımızdan biri:] Nəyimə dəyib-dolaşacaqlar? Yanımda nə pul var, nə qiymətli bir şey. M.Rzaquluzadə.
13. Bir sıra sözlərə qoşularaq müxtəlif ifadələr əmələ gətirir; məs.: göz dəymək (bax göz), zərər dəymək (bax zərər), başı daşa dəymək (bax baş), dişi-dişinə dəymək (bax diş).

II. f.
1. Dəymiş hala gəlmək; yetişmək. Taxıl dəymişdir. Tut dəymişdir. – Ağac meyvəni dəyənə qədər saxlar. (Ata. sözü). Yavaş-yavaş dəyər, bitər; Ləzzətli, dadlı meyvələr. A.Səhhət. Bu yerin misli yoxdur əncir-üzüm dəyəndə. S.Rüstəm.
2. Yetişmək (çiban, yara haqqında).

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

dəymək

I. toxunmaq
{dokunmak}

II. yıxılmaq, ilişmək
{yıkılmak, değmek}

III. soyuqlamaq
{soğumak}

IV. yetişmək
{yetişmek}

V. yoxlamaq
{yoklamak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

dəymək

değinmek, değmek, dokunmak, ermek, ilişmek


Son arananlar: