turklehceleri.org

çıxmaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

çıxmaq

f.
1. Bir yerdən (binadan, otaqdan və s.-dən) kənar olmaq, içəridən dışarıya varmaq, getmək, xaric olmaq. Evdən çıxmaq. Kabinetdən çıxmaq. – Çay hazır olanadək mən özümə əlcəklər alım, – deyib Sona otaqdan çıxdı. N.Nərimanov.
2. Bir yerə getməyə başlamaq, yola düşmək. Qatar saat 2-də çıxır. – Əgər Şahmar bu gün çıxmasa, həm Nərminədən əli üzüləcək, həm də imtahanlara gecikəcəkdi. B.Bayramov.
3. Doğmaq, tülu etmək, görünmək. Gün çıxdı. – Çıxdı günəş, doldu cahan nur ilə; Cütçü sürür tarlada cüt şur ilə. M.Ə.Sabir. Yavaş-yavaş çıxmaqda olan Ay öz sarımtıl işığını ətrafa yayırdı. M.İbrahimov.
4. Yuxarı qalxmaq, başıyuxarı getmək, qalxmaq. Yuxarı mərtəbəyə çıxmaq. Yoxuşu çıxmaq. – Zeynal könülsüz addımlarla sakin olduğu evin pilləkənlərini yuxarı çıxırdı. S.Hüseyn. Xaspolad kəndin ortasındakı hündür təpəyə çıxdı. M.Hüseyn.
5. Göyərmək, bitmək, yerdən çıxmaq, cücərtisi görünmək. Pambıq yenicə çıxmışdı. – İndi əkdiklərin nə vaxt çıxar; Bu çıxınca səni zəmanə yıxar. M.Ə.Sabir.
6. riyaz. Bir ədədi (rəqəmi) başqa bir ədəd (rəqəm) qədər azaltmaq. 10-dan 3 çıxmaq. – Hacı Kərim hər zaman alış-verişini nağd edər, faizini də verəcəyi puldan çıxardı. S.Hüseyn.
7. İşini, vəzifəsini buraxmaq, tərk etmək, işlədiyi yerdən getmək, əlaqəsini kəsmək. İşdən çıxmaq. Vəzifəsindən çıxmaq. – Atam ruhani idarəsindən çıxmağa məcbur olmuşdu. A.Şaiq.
8. Öz işini görüb qurtararaq getmək, yerini tərk etmək. Fərhad qulluqdan çıxanda daha bir yanda əylənməyir, tez evə qayıdırdı. C.Cabbarlı.
9. Birdən-birə zahir olmaq, görünmək, qarşısına çıxmaq. Yoluma bir maşın çıxdı. – Bağlar arası ilə uzanan bir yolla gedirdim. Bu halda qarşıma bir neçə çadralı qadın çıxdı. S.Hüseyn.
10. Bir şeyin üstünə qalxmaq, dırmaşaraq qalxmaq. Dama çıxmaq. Ağaca çıxmaq. – [Tapdıq] atasını incitməyə, onun çiyninə çıxmağa başladı. Ə.Vəliyev. Mühəndis təpənin üstünə çıxıb, qumu bir xeyli kürəklədi. Mir Cəlal.
11. Müəyyən hündürlükdə olmaq. Su döşə çıxır. – Palçıq çıxır qurşağa; Quzulamış səngərdə. R.Rza.
12. Bir işi görmək üçün getmək, gəlmək. İməcliyə çıxmaq. Ova çıxmaq. – [Adil:] Səhər tezdən alverə çıxan (f.sif.) kimi bir çarxçını küçədə əylədim. B.Bayramov.
13. Qurtarmaq, sonu çatmaq, keçmək, ötmək. Yaz çıxdı. Gecə çıxdı. – Qış yenicə çıxmış, yaz girmişdi. M.İbrahimov.
14. Çap olunmaq, nəşr olunmaq, dərc edilmək, buraxılmaq. “Molla Nəsrəddin” məcmuəsi 1906-cı ildən çıxmağa başlamışdır. Kitab bu ay çıxacaqdır. – Bir də ki, Tahirzadənin əlindəki nüsxə təzəcə çıxmış, hələ də yayılmamışdı. Mir Cəlal. Canbalayevin isə ilk tənqidi məqalələri otuzuncu illərdə çıxmışdı. İ.Hüseynov.
15. Təhlükəli, xətərli yerdən uzaqlaşmaq. Bu gecə keçmişi vurduq, yıxdıq; Dağlardan üzə sağlam çıxdıq. M.Müşfiq.
16. məc. Olmaq. [Gəray ağa:] Yox, yox, nə [Ağaxandan], nə də məndən premyer çıxar! S.Rəhimov.
17. Yerin altından hasil edilmək, əldə edilmək. Respublikamızda yüksək keyfiyyətli neft çıxır. Sibirdə almaz çıxır. – Çayqırağındakı yamaclarda ev ağartmaq üçün göy rəngə çalan şirə .. çıxırdı. Ə.Əbülhəsən. // İstehsal olunmaq, alınmaq. Süddən yağ çıxır.
18. Doğulmaq, törəmək, yetişmək, meydana gəlmək. Şamaxıdan görkəmli şairlər çıxmışdır. Ailəmizdən iki mühəndis çıxmışdır. – [Komandir:] Mən özüm də kənddən çıxmışam, atamın da əli bax belə qabar-qabardır. S.Rəhimov.
19. Yaşamaq, salamat qalmaq, müəyyən vaxta qədər sağ-salamat yaşamaq. Yemsizlikdən qoyunlar yaza çıxmadı. – Seyyid, hanı şərabın, ötür fəsli-növbahar; Bir də baharə çıxmağının etibarı yox. S.Ə.Şirvani. Muzdurlar və yoxsullar dünənki gecəni bu günə qatıb, aprelin otuzuna çıxmışdılar. Ə.Əbülhəsən.
20. İstehsal edilmək, buraxılmaq, hazırlanmaq. Həmzə ilə Qadir də .. biri alman topçu tüfəngini, ikincisi isə .. alman zavodundan çıxmış (f.sif.) mauzerini gic yerə doldurur, boşaldırdılar. Ə.Əbülhəsən.
21. Verilmək, qəbul olunmaq, elan edilmək. Yeni qərar çıxdı. – Qayda belədir, həmişə manifest çıxanda ruznamələr onun məzmununu və mənasını camaata bildirirlər ki, hər bir kəs baxəbər olsun. C.Məmmədquluzadə.
22. Boşanmaq, ərindən ayrılmaq. Arvad ərindən çıxdı. – [Bəhlul:] Kişi bu şərtlə [anamı] aldı ki, “düşmənin uşağı”nı atıb çıxsın. B.Bayramov.
23. İcad olunmaq, kəşf olunmaq, düzəldilmək, buraxılmaq. Zavoddan yeni markalı maşın çıxdı. – Koroğlu demişkən: “Tüfəng çıxalı; Mərdlik də dünyadan baş aldı, getdi”. B.Vahabzadə.
24. Eşidilmək, qulağa gəlmək. Səs çıxmaq. Hay-küy çıxmaq. – Qərənfiləm, qalxaram; Açılmağa qorxaram; Gecə cınqırın çıxsa; Yerimnən dik qalxaram. (Bayatı). Səttarzadə isə eşitdikləri ilə kifayətlənmirmiş kimi bir neçə dəfə çağırdı: alo! alo!.. Cavab çıxmadı. Mir Cəlal.
25. Hesab etmək. [Qədir:] Dirigözlü adamı öldüyə çıxırlar. Mir Cəlal.
26. Bir sıra isimlərdən sonra gətirilərək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: yoxa çıxmaq, əldən çıxmaq, yoldan çıxmaq, özündən çıxmaq, yaddan çıxmaq və s.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

çıxmaq

I. gəzmək, dolanmaq
{gezmek, dolaşmak}

II. dırmanmaq, qalxmaq
{tırmanmak, çıkmak}

III. qalxmaq
{çıkmak}

IV. doğmaq, qalxmaq, yüksəlmək
{doğmak, kalkmak, yükselmek}

V. cücərmək, göyərmek, bitmək
{yetişmek, yeşermek, bitmek}

VI. tutmaq
{tutmak}

VII. götürmək, almaq
{götürmek, almak}

VIII. burxulmaq
{burkulmak}

IX. getmək
{gitmek}

X. atılmaq, sıçramaq
{atılmak, sıçramak}

XI. böyümək, yetişmək
{büyümek, yetişmek}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

çıxmaq

çıkagelmek, çıkmak


Last searches: