turklehceleri.org

kəsb

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

kəsb

is. [ər.]
1. Çalışıb qazanma və bunun nəticəsində əldə edilən qazanc, gəlir. Atanın kəsbi oğula halaldır. (Ata. sözü). [Tarverdi:] Belə adamlar da var dünyada? Yaxşı, kəsbimiz nədir? M.F.Axundzadə. İsmayılov .. öz kəsbi ilə özünü və ailəsini bir növ dolandırırdı. Ə.Haqverdiyev. • Kəsb etmək (qılmaq) – 1) çalışıb qazanmaq, gəlir götürmək. Derlər otur evdə, nədim kasibəm; Kəsb eləməzsəm, qazana bilmirəm. M.Ə.Sabir; 2) əldə etmək, qazanmaq, öyrənmək. Hər vilayətdə var beş-on məktəb; Edirik kəsb onda elmü ədəb. S.Ə.Şirvani. Getdikcə Mehman daha artıq iş təcrübəsi kəsb edir, ciddiyyətlə işə girişirdi. S.Rəhimov. Mehriban üçün həyat yeni böyük bir məna kəsb etməyə başlayırdı. H.Seyidbəyli.
2. bax. kəsbkarlıq. [Hacı Qara:] A qardaş, mən dinc, farağat, kəsb əhliyəm. M.F.Axundzadə. Hansı bir kəsbə yanaşdım ki, yar olsun tale; Sən çıxıb qarşıma, hər ləhzədə oldun mane. A.Səhhət. [Məşədi Əsgər] hələ on iki yaşında olduğu halda kəsb üçün Bakıya gəlib, neft gəmilərinin birisində muzdurluğa başlamışdı. S.Qənizadə. • Kəsb etmək köhn. – yaşamaq üçün bir sənət, peşə, işlə məşğul olmaq. Kəsb etmədi, cib kəsmək adət etdi; Quldur oldu, ev kəsdi, qarət etdi. A.Səhhət.


Last searches: