Əhd
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
əhd
is. [ər.]
1. Öhdəsinə alma, söz vermə, üzərinə götürmə; and. Əhdini yerinə yetirmə. – Yadlar ilə sürər oldun səfanı; Tərk etdin iqrarı, əhdi, vəfanı. Q.Zakir. • Əhd qılmaq (bağlamaq) klas. – bax. əhd etmək. Əhd qıldın ki, cəfa kəsməyəsən aşiqdən; Aşiqi vədeyi-ehsan ilə məmnun etdin. Füzuli. [Səriyyə:] Bir-biri ilə əhd bağlamışdıq, ölənəcən bir-birindən ayrılmayaq. C.Cabbarlı. Əhd etmək (eləmək) – söz vermək, and içmək. Əhd etdi dil ki, bağlana zəncir zülfünə. S.Ə.Şirvani. ..Əhd edib mən ürəklə and içdim. H.Cavid. Əhdə vəfa etmək – verdiyi sözü, əhdini, andını yerinə yetirmək. [Səriyyə:] Rüstəm, əhdinə vəfa et! C.Cabbarlı. [Minnət xanım:] Mən əhd eləmişdim ki, qonaqların içində üzümü [Mərcan bəyə] göstərim, indi əhdimə vəfa edirəm. Ü.Hacıbəyov. Əhdinizə vəfa edin; Pozmayın ilqarı, qızlar! Aşıq Hüseyn. Əhdə durmamaq – bax. əhdindən dönmək (keçmək). Əhdindən qaçmaq – bax. əhdindən dönmək (keçmək). Nilufərəm, açmaram; Ətrim bica saçmaram; Yar yolunda baş qoysam; Öz əhdimdən qaçmaram. (Bayatı). Əhdindən dönmək (keçmək) – vədini yerinə yetirməmək, sözünə əməl etməmək, sözündən qaçmaq. [Şərəf xanım:] İndi nə olubdur ki, əhdindən dönüb, qızını öz yaşında yoldaşına verirsən?! S.S.Axundov. [Səriyyə:] Hər cür əziyyətə, məşəqqətə, hətta ölümə də razı olub əhdimizdən dönməyək. C.Cabbarlı. Əhdinə vəfasız çıxmaq – vədini unutmaq, verdiyi sözə əməl etməmək. Əhdə çıxsam vəfasız; Onda məni qına, yar! R.Rza. Əhdinə çatmaq – arzusuna çatmaq. Qoy öpüm al yanaqdan; Mən də çatım əhdimə. (Bayatı). Əhdi(ni) qırmaq (sındırmaq, pozmaq) – bax. əhdindən dönmək (keçmək). Zeynal yalan söyləyib Mehribanı aldatmaqla öz əhdini sındırır, şərtini pozurdu. S.Hüseyn. [Nüşabə:] Olsa yer, göy mənə qarşı əlbir; Pozmaram əhdi, sözüm birdir, bir! A.Şaiq. Gün çıxar, dağların əriyər qarı; Pozulmaz dostların əhdi, ilqarı.. N.Rəfibəyli.
2. Sözləşmə, əhdləşmə, əhdnamə, müqavilə. Qardaşlıq əhdini yazmağa gəldim; Köhnə haqsızlığı pozmağa gəldim. Ə.Cavad. • Əhd bağlamaq – razılığa gəlmək, qərara almaq, bir-birinə söz vermək. Sən əhd bağladın, ulduzlar oldu şahidimiz; Sitarələr utanır indi, ey nigar, məndən. Şəhriyar. Əhd bağlanmaq – razılıq əldə edilmək, qərara alınmaq.
3. köhn. Çağ, vaxt, zaman, dövr. ‣ Əhdi kəsilmək – bax. əhədi kəsilmək (“əhəd”də). [Qəşəm:] Torpağı ki böldük, düşmənin əhdi kəsiləcək. Mir Cəlal.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
əhd
ilqar, and
{yemin, and}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
əhd
adak