İynə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
iynə
is.
1. Tikiş tikmək üçün bir ucu sivri, digər ucu isə sap keçirilmək üçün deşikli metal milcik. Tikiş iynəsi. Maşın iynəsi. – Yusif Sərrac iynəsi əlində başını yuxarı qovzadı. M.F.Axundzadə. ..Gözəl ufuldadı, fikri Pəri nənədə olduğundan əlinə iynə batmışdı. M.Hüseyn. • İynə vurmaq (çalmaq) – tikiş tikmək, tikiş tikməklə məşğul olmaq. Sərdar evlərinin qabağında bir daxmaya girib, işi səhərdən axşama kimi başaşağı iynə vurmaqdadır. C.Məmmədquluzadə. Dilşad böyüyəcək, anası kimi mətbəxdə yerdə oturub xörək bişirmək, teşt içində paltar yumaq, dizi üstündə iynə çalmaqdan başqa artıq bir şey bilməyəcək.. T.Ş.Simurq.
2. Hər hansı bir xəstəliyə əks-təsir etmək və onun qarşısını almaq məqsədi ilə dəri altına dərman yeritmək üçün tibdə işlənən alət. Həkim iynəni qaynadıb, Tahirin yumşaq ətinə .. vurdu. M.Hüseyn. // dan. Həmin alətlə bədənə yeridilən maye (dərman). Penisillin iynəsi. Qan iynəsi. Qlükoza iynəsi. • İynə vurmaq – müalicə məqsədi ilə tibb iynəsi vasitəsilə bədənin bir yerinə dərman yeritmək. Səhiyyə şöbəsinin əmri ilə uşaqlara iynə vururduq. Mir Cəlal.
3. Müxtəlif məqsədlər üçün metaldan qayrılmış ucu iti incə milcik. Patefon iynəsi.
4. Bəzi böcəklərdə sancan üzv. Arı iynəsi.
5. Bəzi heyvanların bədənini örtən tikanlar. Kirpinin bədəni iynələrlə örtülüdür.
6. Şam ağacı kimi ağacların yarpağı. Şam ağacının iynələri. // Tikan (bəzi bitkilərdə).
7. Ümumiyyətlə, ucu şiş, batan şeylər haqqında. Buz iynələri.
8. məc. Toxunan söz, acı söz. Hər sözü tənədir, bir top iynədir. A.Şaiq. Müəllimin sözlərində zəhərli iynələr olduğunu molla Xəlil hiss edirdi. S.Hüseyn. ‣ İynə ağzından çıxmış – təzəcə tikilmiş (paltar). İynə atmağa yer yox idi – bax. iynə atsan yerə düşməz. – Küçədə iynə atmağa yer yox idi. M.Hüseyn. İynə atsan yerə düşməz – çox tünlük, qələbəlik, son dərəcə çox adam olan yer haqqında. Bazarda adam əlindən iynə atsan yerə düşməzdi. – Kiçik stansiyada iynə atsan yerə düşməz. S.Şamilov. İynə batırana şiş (biz) batırmaq – üstəlik əvəz çıxmaq, daha çox pislik etmək. İynə ilə gor qazımaq – çox böyük zəhmət və əziyyət tələb edən çətin və ağır işlə məşğul olmaq. [Şeyda Araza:] ..Orada bağ salmaq, əkin becərmək iynə ilə gor qazımaqdır. A.Şaiq. İynə itsə tapılar – çox işıqlı yer haqqında. İynə salmağa (düşməyə) yer yoxdur – bax. iynə atsan yerə düşməz. İynə ucu boyda – son dərəcə kiçik şey haqqında. İynə üstə (üstündə) oturan kimi – çox həyəcan, təlaş keçirmə, təlaş içində olma, narahat olma. ..Gəray ağa müsahibi Ağaxanla dərdləşir, iynə üstündə oturan kimi bir yerdə qərar tuta bilmirdi. S.Rəhimov. İynədən sapa qədər – hər şey, hər nə varsa, başdan-başa. İynədən sapa qədər götürmək. – Xalıqverdinin evi iynədən sapa qədər axtarıldı. Ə.Vəliyev. İynəsi tikiş tutmaq – arzusu yerinə yetmək, işi düzəlmək, bəxti gətirmək. İynəyə qədər (kimi) – ən kiçik, ən cüzi şeyə qədər, başdanbaşa, hamısı. İynəyə qədər hər şeyi yığıb aparmaq. Elə bil iynəsi itib – aralıqda vurnuxan, ora-buranı axtaran, qurdalanan adam haqqında.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
iynə
iğne
Axir izdelgen sözler:
- dükürdemek,
- Özdeş,
- güjeň,
- abrek,
- güvə,
- gürzə,
- tomorrow,
- həmişə,
- dükön,
- meraklandırmak,
- Camaat,
- güýç,
- alışık,
- aldatıcı,
- lamba,
- eventually,
- gübrə,
- zibildaşıyan,
- viyolonsel,
- Zeyrek,
- gürsgürs,
- İynə