turklehceleri.org

xəyal

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

xəyal

is. [ər.]
1. Bir şəxsin və ya şeyin insan fikrində, təsəvvüründə təcəssüm edən surəti; təxəyyül. Onun xəyalı heç vaxt gözümün qabağından getmir. // Xəyala, fikrə gələn şeylər; xəyalat. Pəncərənin önündə o, dayanır lal kimi; Gördükləri görünür gözünə xəyal kimi. B.Vahabzadə. Yenə uzaq yollar keçir gözümdən; Yenə min xəyalda, min soraqdayam. N.Xəzri.
2. Fikir, düşüncə. Xəyalım hürr, can sərbəst, fikrim laübalıdır; Məni azad edən sultani-əqli-nöktədanımdır. M.Hadi. • Xəyal eləmək (etmək) – təsəvvürünə gətirmək, ağlına gətirmək, xəyalına gətirmək, düşünmək, fikir eləmək. Nə xəyal eləyirsən? – Könül titrər, gözüm görməz, əlim tutmaz, ayaq getməz; Görər heyranlığım canan, xəyal eylər ki, təmkindir. Qövsi. Hər axşam Şəban evə gələndə xəyal edirdi ki, Gülsüm həmişəki tək onun qabağına çıxıb əlinə su tökəcək, öz əli ilə qəbrə qoyduğu Gülsümün öldüyünə inanmırdı. Ə.Haqverdiyev. Məşədi Əsgər öz-özünə xəyal etdi ki, həqiqətdə həmin qərib müsafirin çamadanını əlindən qapıb qaçmaq çox asanca işdir. S.M.Qənizadə. Xəyala dalmaq (qapılmaq, getmək) – fikrə getmək, dərin düşüncəyə dalmaq. İndi [Şiraslan] yeni bir xəyala qapılır, sanki kainatla qovuşur... S.Rəhimov. Dərin xəyala dalsan; Mən sükutun olaram. N.Xəzri. Mən .. bəzən də qoca bir kötüyün üstündə oturub xəyala gedirəm. Z.Xəlil. Xəyala gəlmək – 1) yada düşmək, anılmaq, xatırlanmaq, təsəvvürə, fikrə gəlmək, xəyalında canlanmaq. Ol afitabrüxlə keçən günlərim mənim; İndi gəlir xəyalıma hicrində xabtək. S.Ə.Şirvani; 2) ağlına gəlmək, düşünmək. ..Xəyalıma gəldi ki, nökərimiz evi süpürəndə süpürgənin tikanı düşüb fərşin üstünə və batıb qonağın yumşaq yerinə. C.Məmmədquluzadə. Xəyalına gətirmək – xəyalında, təsəvvüründə canlandırmaq, yadına salmaq, xatirə gətirmək, düşünmək, fikrinə, təsəvvürünə gətirmək. Bəndalı xəyalına gətirə bilməzdi ki, adam adama əvəzsiz, pulsuz bir xeyir iş görə. Mir Cəlal. Qarı oturduğu yerdə gözlərini yumub, dumana bürünmüş uzaq günlərini xəyalına gətirdi.. Ə.Məmmədxanlı. Xəyalına girmək – ağlına gəlmək, fikrinə gəlmək, düşündürmək. [Taybuynuz öküz] işə bir az ağır gedəndə yaman sözlərdən, töhmətdən və döyülməkdən başqa bir şey görüb eşitmir, onun ac və susuz qalmağı da bir kəsin xəyalına girmir... F.Köçərli. Xəyalında canlanmaq – təsəvvüründə, hafizəsində canlanmaq, gözünün qabağına gəlmək, təsəvvürünə gəlmək, yadına düşmək. Gələcək Bakı – əməkçi Bakısı xəyalında canlanır. M.S.Ordubadi. Hər gecə əxilər süfrəsi başında gördüyü o müxtəlif qəriblər və kimsəsizlər içərisində yavaş-yavaş bu qocanın da siması [yolçunun] xəyalında canlanırdı.. Ə.Məmmədxanlı.
3. məc. Arzu edilən, həsrəti çəkilən şey mənasında. Ləbin xəyalı ilə dildə şur olur peyda; Bəli, nəməklə olur, rəsmdir, kəbab ləziz. S.Ə.Şirvani. [Mayanın] ata minmək, atın üstündə yol getmək isə şirin xəyalı idi. M.İbrahimov. • Xəyalından keçmək – fikrindən keçmək, arzusunda olmaq, ürəyindən keçmək. [Hacı Kamyab:] [Fərmanın] xəyalından mənim qızımı almaq keçir. Qoy xəyalplovdan nə qədər yeyəcək, yesin. Ə.Haqverdiyev. // Başa gəlməz, boş xəyaldan ibarət olan şey; xülya. Sevda nədir? Hicran nədir? Bir xəyal! M.Müşfiq. • Xəyal kimi – kölgə kimi, kabus kimi. Doğrusu ... hər zaman gözlərimdə siz; Gəlib durursunuz bir sual kimi; Gah şirin, gah acı bir xəyal kimi. S.Vurğun. Otağı göyümtül papiros tüstüsü bürüdüyündən, adamların siması xəyal kimi dumanlı görünürdü. M.Hüseyn. Dağlarımın başından qalxıb bir qartal kimi; Gəzdim ana yurdumu canlı bir xəyal kimi. R.Rza.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

xəyal

I. xulya, xəyalət, kölgə, kabus
{hülya, hayalet, gölge, kâbus}

II. təsəvvür, təxəyyül
{tasavvur, tahayyül}

III. vahimə, qarabasma
{vehim, karabasan}

IV. utopiya
{ütopya}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

xəyal

düş, hayal, serap


Axir izdelgen sözler: