turklehceleri.org

cida

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

cida

I. is. Sivri dəmir ucluqlu, dəlici qədim silah; mizraq. Cidanı çuvalda gizlətmək olmaz. (Ata. sözü). Koroğlu qayıtmaz, tufan saçmasa; Cida işlətməsə, qılınc çaxmasa. “Koroğlu”. • Cida boyu – ölçü bildirir (adətən, gün, günəş sözləri ilə deyilir). [İntelligentin anası:] [Oğlum] gün iki cida boyu qalxmamış, üstünə diri ilan salasan, yerindən tərpənməz. Qantəmir. [Pəri cadu:] Əgər gün bir cida boyu qalxınca burada olmasa, sənin ətini öz anana yedirdəcəyəm. Ə.Haqverdiyev. Günəş bir cida boyda ucalanda uzaqda balaca bir qaraltı göründü. P.Makulu. ‣ Cidanın ucu çuvaldan çıxır – bax xoruzun quyruğu görünür (“xoruz”da).

II. zərf [fars. cüda] klas. Ayrı, uzaq. Cümləsin rahi-həqiqətdən cida görməkdəyəm.. C.Cabbarlı. • Cida düşmək, cidayə düşmək – uzaq düşmək, ayrı düşmək. Fikrim, zikrim, sözüm, xəyalım sənsən; Haçan könlüm səndən cidayə düşər. M.V.Vidadi. Cida düşüb ulusundan, elindən; Ənkəbuttək can asılır telindən. Aşıq Ələsgər. [Dərviş:] Heyvanlar da tək-təkinə dolanmayıb, arxadaşlar gəzdikləri halda mən öz həmcinsimdən cida düşüb ormanlarda, səhralarda qalmışdım. A.Divanbəyoğlu. Cida etdirmək klas. – ayırmaq. [Şah:] Bu necə olan işdir! Yoxsa keşiş məni aldatdı. Bu saat onun başını bədənindən cida etdirərəm. Ü.Hacıbəyov. Cida salmaq – ayırmaq, ayrı salmaq. Əzəl ayrılığımız haqqın işidir; Fələk bizdən cida saldı sağları. “Lətif şah”. [Ruqiyyə:] ..Məni özündən cida salma, ayrılıq oduna dözə bilmərəm. A.Divanbəyoğlu.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

cida

mizraq, süngü
{mızrak, süngü}


Axir izdelgen sözler: