buraxmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
buraxmaq
f.
1. Əlini açaraq əlindəki, yaxud əli və s. ilə tutduğu şeyin çıxmasına, düşməsinə, getməsinə imkan vermək, daha tutub saxlamamaq. İpin ucunu buraxmaq. Quşu əlindən buraxmaq. Tutub buraxmır. // Əlindən salmaq. [Məryəm] ..başını bir neçə dəfə yellətdi və barmaqları boşalıb kağızı buraxdı. B.Talıblı.
2. İçərisindən keçirmək, bir şeyin öz içərisindən keçməsinə imkan vermək. Bu şüşə işığı buraxmır. Pərdə işıq buraxır. Bu kağız mürəkkəbi buraxır.
3. Bir yerə daxil olmağa, keçməyə icazə vermək, girməsinə, daxil olmasına mane olmamaq. İçəri buraxmaq. İclasa buraxmaq. Zala hələ heç kəsi buraxmırlar. Sərnişinləri vaqona buraxmaq. // Sürüb salmaq, otlamasına imkan vermək. Heyvanları əkinə buraxmaq. Sürünü meşəyə buraxmaq. Keçini bostana buraxmaq.
4. Yol vermək, imkan vermək, qoymaq, razı olmaq. Mən heç vaxt sizi yalvarmağa buraxmaram. M.S.Ordubadi.
5. Üzərinə saldırmaq. İti canavarın üstünə buraxmaq.
6. Üstündən keçmək, ötürmək; ixtisar etmək. Yazarkən mətnin üç xəttini buraxdım. Şerin ikinci bəndini buraxdı. İki sətri buraxıb, üçüncüyə keç.
7. Üzürlü və üzürsüz olaraq gəlməmək (dərsə, iclasa, məşğələyə və i.a.), ötürmək. Şagird bu həftə iki dərs buraxmışdır.
8. Ötürmək, əldən çıxarmaq, istifadə edə bilməmək. Üçüncü tramvaydı ki, buraxıram. İki avtobusu buraxıb, üçüncüsünə minə bildik. Fürsəti əldən buraxmaq.
9. Axıtmaq, axıb gəlməsinə, axıb getməsinə, ya axıb çıxmasına imkan vermək. Arxa su buraxmaq. Vannanın suyunu buraxmaq. Otağa təmiz hava buraxmaq.
10. Öz daxilindən çıxarmaq, yaymaq. Qaz buraxmaq. Tüstü buraxmaq. – Qatar Culfa burnundan fitini buraxdı. M.S.Ordubadi. Uzaqlarda ağ tüstü buraxa-buraxa (z) sürünən dəmir yolu qatarı görünür. M.Hüseyn.
11. Uçurtmaq, havaya qaldırmaq, atmaq, yollamaq. Badban buraxmaq. Havaya balon buraxmaq. – Bu halda sərayi-şahidən göyə bir fişəng buraxdılar. M.F.Axundzadə. // tex. Süni peyklər, raketlər haqqında. Aya raket buraxmaq.
12. Getməsinə icazə vermək, rüsxət vermək. Məni buraxın, gedim. Atası onu buraxmadı. Mən onu öz yanımdan buraxa bilmərəm. Uşaqları gəzməyə buraxmaq. Bir həftəlik məzuniyyətə buraxmaq.
13. Azad etmək, daha saxlamamaq; çıxmasına, getməsinə icazə vermək, imkan vermək. Əsirləri vətənlərinə buraxmaq. İnəkləri tövlədən buraxmaq. Quşu qəfəsdən buraxmaq.
14. Vermək, təxsis etmək; sərəncamına, ixtiyarına vermək. Klub təşkili üçün vəsait buraxmaq. Pul buraxmaq.
15. Məktəbdə təhsil verib, hazırladıqdan sonra hüquq və ad vermək. Ali məktəblər ildə minlərlə mütəxəssis buraxır.
16. Tərk etmək, əl çəkmək, vaz keçmək, boşlamaq, atmaq. Papirosu buraxmaq. Sənətini buraxmaq. Mən köhnə mənzili buraxdım. Bu fikri burax. – Şam ağacı bildi bu keyfiyyəti; Söylədi: Bəsdir, buraxın söhbəti. M.Ə.Sabir. Bir ləhzə buraxmaz məni asudə xəyalım. A.Səhhət. Ölüb gedənlərin yasını burax; Anla ki, hər zaman axır bu həyat! S.Vurğun. // dan. Boşamaq, boşanmaq, ayrılmaq, atmaq, tərk etmək. Arvadını buraxmaq. Ərini buraxmaq.
17. Başlı-başına qoyub getmək, başsız qoymaq. İşi buraxmaq. – [Katib:] Heyif ki, mən dəftərxananı buraxıb gedə bilmədim. Ə.Haqverdiyev.
18. Əlaqəni kəsmək, uzaqlaşmaq, əl çəkmək. İstəsən aləmi gəz qarış-qarış; Xain adamları tez görüb, burax. S.Vurğun.
19. Nəşr etmək, çap edib yaymaq. Nəşriyyat bu il çoxlu kitab buraxdı. Qəzet buraxmaq. // İstiqraz, lotereya, pul və s. haqqında. Yeni marka buraxmaq. // Çapa, nəşrə, tamaşaya qoymağa icazə vermək. Əsəri çapa buraxmaq. Yeni pyesi tamaşaya buraxdılar.
20. Tapşırmaq, saxlamaq üçün vermək. Evi kimə buraxıb gəldin? – Çamadanı konduktora buraxıb getdim. Mir Cəlal.
21. Təxir etmək, sonraya qoymaq, keçirmək. Mübahisəni sonraya burax. – [Əbülhəsən bəy:] Eşq, məhəbbət məktubunu gündüz yazmaq cayiz deyil, ..onu gecə saat birdən sonraya buraxmalısan. M.S.Ordubadi. Doğrudan da Əhməd məsələni uzağa buraxmayıb, o saat Nabat xanımın yanına elçi göndərdi. B.Talıblı.
22. Satmaq üçün vermək, təchiz etmək. Mağazalara mal buraxmaq. // Satmaq. Müştərilərə yeni mallar buraxmaq.
23. İstehsal etmək. Fabriklərimiz növbənöv mallar buraxır. Avtomobil zavodları yeni tip maşın buraxır.
24. Uzatmaq, genəltmək. Paltarın ətəyini bir qədər buraxmaq lazımdır.
25. Boşaltmaq, gərginliyini azaltmaq. İpi bir az buraxmaq.
26. Qoymaq, rastlaşdırmaq, qarşısına çıxarmaq. Dünya hadisələri heyrətamiz bir surətdə inkişaf edir, insanları hər gün yeni bir vaqiə qarşısında buraxırdı. M.İbrahimov.
27. məc. Xidmət etmək. Aşxana gündə iki yüz adam buraxa bilir. Hamam saatda yüz adam buraxır.
28. Əmr şəklində: burax (bir şeydən daşındırmaq üçün işlənir) – baş qoşma, bənd olma, məşğul olma, əl çək, fikir vermə. Burax, canım, onunla işin olmasın.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
buraxmaq
I. salmaq
{salmak}
II. ötürmək, keçmək
{geçirmek, geçmek}
III. axıtmaq
{akıtmak}
IV. yaymaq, çıxartmaq
{yaymak, çıkartmak}
V. uçurmaq, atmaq, yollamaq
{uçurmak, atmak, yollamak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
buraxmaq
bırakmak, feshetmek, fırlatmak, salmak