Könül
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
könül
is. şair.
1. Qəlb, ürək (mənəvi mənada). Könlümün sevgili məhbubu mənim; Vətənimdir, vətənimdir, vətənim. A.Səhhət. [Ağarəsul] ..işi yubatmayıb həmin saat könlündəki məhəbbəti qıza söylədi... E.Sultanov. // məc. Obrazlı təşbehlərdə, tərkiblərdə işlənir. Könül aşnası. Könül mülkü. Dəli könül. – [Qərib:] Qıya baxıb, könül evin yıxansan; Tanımırsan solu-sağı, Ağcaqız! “Aşıq Qərib”. Könül şəhri gündən-günə talandı; İmdi oldu bir xərabə çöllər, hey! M.V.Vidadi. Aralıqdan könül quşun ürkütdük; Bir-birilə qonuşmadıq, ayrıldıq. M.P.Vaqif.
2. İstək, arzu, həvəs, meyil. Teatra getməyə könlüm yoxdur. Öz könlü ilə. – [Nigar:] ..Qonşu arvadların sözünə görə qızın könlü Yusifdədir. N.Nərimanov. ‣ Könlü açılmaq – qəm-qüssəsi dağılmaq, şadlanmaq; ürəyi açılmaq. Nə könlüm açılar, nə üzüm gülər; Səkrəqibə məhrəm olandan bəri. Q.Zakir. [Nazlı:] ..Azacıq gedib gəz də, könlün açılsın. H.Cavid. Camaatın könlü yaxşı açılsın; Razıyıq, – dedilər, – sazəndə çalsın! H.K.Sanılı. Könlü bulanmaq – kefi pozulmaq, nəşəsi dağılmaq, qanı qaralmaq. Könlüm bulanır küçədə cövlanını görcək; Nitqim tutulur hərzəvü-hədyanını görcək. M.Ə.Sabir. Könlü çəkmək – ürəyi çəkmək, iyrənməyib istəmək. Könlü xoş olmaq – məmnun olmaq, xoşnud olmaq. Könlü istəmək – arzu etmək, xoşlamaq istəmək. Elə mənim də sizi könlüm istəyir. M.S.Ordubadi. Əmiraslan hər bir əmr və göstərişdən azad idi. Hər nə könlü istəsəydi, onu edərdi. S.S.Axundov. Könlü qalmaq (incimək) – xatiri sınmaq, incimək. Könlü olmaq – 1) istəmək, meyli olmaq, həvəsi olmaq. Gəz dolan, bağdan ara; Bülbülü bağdan ara; Bağbanın könlü olsa; Nə gəlib bağda nara? (Bayatı); 2) razı olmaq. Könlü olmamaq – istəməmək, ürəyi olmamaq. [Gülçöhrə:] Ay ata, vallah, ərə getməyə heç könlüm yoxdur. Necə eləyim? Ü.Hacıbəyov. [Hacı Murad:] Məhərrəm bəydə könlün yoxdur, bəs İmranda necə? S.S.Axundov. Könlü pozulmaq – bax. könlü bulanmaq. Könlü tutulmaq – qəmgin olmaq, qüssələnmək, tutulmaq. Gördü nazik ayağın ol dilxun; Tutulub könlü oldu çox məhzun. S.Ə.Şirvani. Könlü yaralı – fəlakət üz vermiş, ürəyində dərdi olan, kədərli. Könlündən çıxartmaq – unutmaq, unudub yada salmamaq. Könlündən keçmək – ürəyindən keçmək, ürəyində arzu etmək, istəmək. Onun könlündən çox şeylər keçir. Könlünə dəymək (toxunmaq) – xətrinə dəymək, ürəyinə toxunmaq, qəlbinə dəymək, incitmək, küsdürmək. Ey gözüm, nə dəyib köyrək könlünə; Ey şirin güftarım, nöşün ağladın? M.P.Vaqif. Ey dilim, lal olasan, bilməyirəm kim, nə dedin; Aşina könlünə dəydin ki, olub biganə. S.Ə.Şirvani. Ancaq mən Eldarın könlünə dəyməmək üçün daha tüfəngə əl atmadım. M.Rzaquluzadə. Könlünə düşmək – (birdən) arzulamaq, istəmək, ürəyi istəmək. Axırda elçi quş əti yeməkdən yorulur. Könlünə mal əti düşür. “M.N.lətif.” Könlümə düşmüş idi bir neçə bütlər həvəsi; Bir zaman beyti-xuda dəhrdə bütxanə idi. S.Ə.Şirvani. [Kişi:] Əgər sənin və həkimin könlünə ət düşübsə, mən sizə qoyun verrəm. M.Dilbazi. Könlünə görə – öz arzusu ilə, öz xoşu ilə. Könlünə yatmaq – ürəyinə yatmaq, xoşuna gəlmək, qəlbinə yatmaq, bəyənmək. Könlünü açmaq – 1) sevindirmək, şadlandırmaq, ürəyini açmaq. Hər gün açır könlümü zövqi-visalın yengidən; Gərçi güllər açmağa hər ildə bir novruz olur. Füzuli; 2) birisinə inanaraq ürəyindəkiləri açıb söyləmək, sirlərini açıb demək. Könlünü almaq – xoş (şirin) sözlə dilə tutub razı, yaxud təskin etmək, acığını unutdurmaq; qəlbini ələ almaq. Vaqif deyir, yalvar yara, könlün al; Bir busə diləyib, boynuna qol sal.. M.P.Vaqif. [Mələk Şeydaya:] Mən səni sıxmaq üçün deyil, yalnız könlünü almaq, acılarını unutdurmaq üçün gəldim. H.Cavid. [Səfər bəy:] ..Xərc çəkmişəm ki, birtəhər Molla Abuşun ağzını yumum, məhkəmə rəisinin könlünü alım.. B.Talıblı. Könlünü ələ almaq (ovlamaq) – ürəyini ələ gətirmək, razı etmək, məhəbbətini qazanmaq, qəlbini ovlamaq. Bir ayaq ilə mənim könlümü aldın ələ sən; Görüm, ey saqiyi-gülçöhrə əlin var olsun! S.Ə.Şirvani. Ancaq onu da de görüm, onun könlünü ələ gətirmək mümkündürmü? E.Sultanov. Könlünü xoş eləmək – birinin arzusunu yerinə yetirərək sevindirmək. Könlünü qırmaq (incitmək) – bax. könlünə dəymək. [Turxan bəy Çingiz bəyə:] Yazıq deyilmi! ..Neçin könlünü qırdın? H.Cavid. Könlünü parçalamaq – bax. könlünü qırmaq. İncə bir riqqət Rübabənin könlünü parçaladı. Mir Cəlal. Könlünü sındırmaq – bax. könlünü qırmaq. Əsli qızların könlünü sındırmaq istəmirdi. “Əsli və Kərəm”. [Xala:] Yaxşı deyil, ay bala, uşaqlıq eləmə, get, könlünü sındırma! Ə.Məmmədxanlı. Könül açıqlığı – şadlıq, fərəh, sevinc. [Cəmil bəy:] Doğrusu, könül açıqlığı olmayınca insandakı nəşə də alt-üst olur. H.Cavid. Könül bağlamaq – bax. könül vermək. Könül bulandıran – ürək-bulandırıcı, xoşa gəlməyən, arzu edilməyən. Könül bulandıran qəmgin bir axşam; Səlim bəy tutmamış evində aram. M.Rahim. Könül bulandırmaq – kədərləndirmək, qüssələndirmək, qanını qaraltmaq. Könül qırmaq (yıxmaq, sındırmaq) – ürək sındırmaq, özündən küsdürmək, özündən incitmək, incik salmaq. Sən də, gözüm, Allaha baxıb, zülmü az eylə; Peyvəstə könül yıxsan əgər, bir də saz eylə. M.P.Vaqif. Könül oxşamaq – 1) əzizləmək, xoş sözlər söyləmək; 2) xoşa gəlmək, ruhu oxşamaq, ürəyə yatmaq. İlıq, könül oxşayan meh əsirdi. Ə.Vəliyev. Könül oxşayar yaşıl kölgəniz. M.Seyidzadə. Könül vermək (bağlamaq) – 1) aşiq olmaq, ürəkdən sevmək. Könül verdin hər bivəfa yadlara; Hayıf oldu, ömür getdi badlara. M.V.Vidadi. Dostun vəfasını gördüm; Sevdim, seçdim, könül verdim.. Aşıq Ələsgər. Səni vəfalı bilib eşqinə könül verdim; Pəriliqalara olmazmış etibar, ey dost! S.Ə.Şirvani; 2) razılıq vermək, razılaşmaq, razı olmaq. Mən bu işə könül vermədim. İki könül bir olmaq – sevişmək, bir-birini sevmək. İki könül bir olsa, tez tapar dalda yeri. (Ata. sözü). Könül yoldaşı – yaxın dost, səmimi dost, həmdəm, sirdaş, qəlb yoldaşı.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
könül
I. arzu, dilək, istək, həvəs, meyl
{arzu, dilek, istek, heves, meyil}
II. ürək, qəlb
{yürek, kalp}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
könül
gönül