xatir
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
xatir
is. [ər.]
1. İnsanın keçmişdə olmuş bir şeyi yadda saxlama qabiliyyəti; yaddaş, zehin. O əhvalat indi də xatirimdədir. – Xatirində varmı boranlı çağlar? Bürümüşdü bizi zalım qaçaqlar. M.Müşfiq. • Xatirə düşmək (gəlmək) – yada düşmək, hafizədə, yaddaşda yenidən canlanmaq. Düşəndə xatirimə göylərə çıxar ahim; O mahparə ilə xəlvət etdiyim gecələr. S.Ə.Şirvani. Xatirə gətirmək – yada salmaq, anmaq. Xatirində qalmaq (yaşamaq) – yadında qalmaq, unutmamaq. O gün bizim xatirimizdə əbədi olaraq yaşayacaqdır. M.İbrahimov. Beləliklə, mən tam üç gün Yaqutu görmədim və bu üç gün həyatımın ən uzun günləri olaraq həmişəlik xatirimdə qaldı. Ə.Məmmədxanlı. Xatirində saxlamaq – yadından çıxarmamaq, unutmamaq. Xatirindən çıxmaq – yaddaşdan çıxmaq, unutmaq. Ürəyim təngləşirdi. “Adi həyat” bildiyimiz şəhər yaşayışı, şəhərin yuxusuz gecələri xatirimdən çıxmırdı. T.Ş.Simurq.
2. məc. Könül, ürək, qəlb mənasında. Ey fəqir, ehtiyacını göstər! İstə məndən, nə xatirin istər! M.Ə.Sabir. [Almaz Aftilə:] Sən bilirsən ki, mən sənin xatirini nə qədər istəyirəm. C.Cabbarlı. // məc. Mənlik hissi. • Xatirinə dəymək (toxunmaq) – mənliyinə, izzəti-nəfsinə toxunmaq. Bu söz Kazımın xatirinə dəyən kimi oldu. Mir Cəlal. ..Xatirinə dəyməmək üçün Eldara heç bir söz demirdim. M.Rzaquluzadə.
3. Hörmət, sayğı. Sənin xatirin üçün. O, xatir bilən deyil. • Xatir saxlamaq – hörmət saxlamaq, sayğı bəsləmək.
4. Xatirinə şəklində – 1) hörmət, sayğı əlaməti olaraq. Mənə elə gəlir dünyada hər şey; Sənin xatirinə yaranıb ancaq. Ə.Kürçaylı. Professorun iştahı güc gətirsə də, Ədhəmin xatirinə özünü saxlaya bildi. B.Bayramov; 2) ...naminə, ...üçün, ...görə, ...uğrunda. İndi mən sabahın xatirinə; Onların bu gününü alımmı əllərindən?.. Almalıyam... çarə yox! B.Vahabzadə. ‣ Xatiri qalmaq – bir şeydən incimək, könlünə toxunmaq, məyus olmaq, ürəyi incimək. Xatiri olmaq – hörməti olmaq, nüfuzu olmaq, sayılmaq, istənilmək, əzizlənmək. Xatiri ... yanında əziz olmaq – hörmət edilmək, əzizlənmək, sayılmaq. ..Vətənə qulluq edən qadının xatiri hamının yanında əzizdir. Mir Cəlal. Hələ indi, bu qocalıq günlərində Gülzar xalanın xatiri Mustafa kişinin yanında o qədər əzizdi ki.. M.Əlizadə. Xatirini almaq – könlünü almaq, təskin etmək, ürək-dirək vermək. Taybuynuz öküzə heç mahnı oxuyan, xoş dillə onu oxşayan və xatirini alan olmur... F.Köçərli. Xatirini gözləmək (saxlamaq) – hörmətini gözləmək, hörmətini saxlamaq, hörmət etmək, xatirini istəmək. Xatirini istəmək – sayğı, hörmət bəsləmək, əziz saymaq, yanında hörməti olmaq. [Mustafa bəy:] Bilirsən, Mirzə Kərim, mən sənin xatirini çox istəyirəm. Ə.Haqverdiyev. Xatirini qırmaq (sındırmaq) – qəlbinə dəymək, ürəyini sındırmaq. Lələ Lətifin xatirini sındırmayıb gül bağına getdi. “Lətif şah”. Allah xatirinə – yalvarış, xahiş mənasında: sən Allah, Allah eşqinə. [Rəhim:] Ağa, Allah xatirinə mənim munisimi əlimdən alma! N.Vəzirov. [Gövhərin əri camaata:] Allah xatirinə, hər gün iclas çağırın, bəlkə bu arvadın üzünü az görüm. M.İbrahimov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
xatir
I. yaddaş, zehin
{yâd, zihin}
II. hörmət, ehtiram, saygı
{hürmet, ihtiram, saygı}