turklehceleri.org

səs

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

səs

is.
1. Qulağa gələn, eşidilən səda; eşitmə orqanının qavradığı şey; ün, səda. Uzaqdan səs gəlir. Zurna səsi. Top səsi. – Həyətdə Cəfər əminin fiti və tənbəl-tənbəl atılan addımlarının səsi eşidilirdi. H.Nəzərli. // Danışma, oxuma, qışqırma və s. zamanı səs tellərinin titrəməsindən hasil olan və ucalığı, səslənməsi ilə fərqlənən səda. Nazik səs. Səsini ucaltmaq. Səsindən tanımaq. Yanıqlı səs. – Salam, yoldaş katib, icazə verin, əlinizi sıxım, – deyə, kim isə xoş bir səslə daldan Şirzada müraciət etdi. M.İbrahimov. Sonra qızın dizlərinin heyi kəsildi, yıxılmamaq üçün ovçunun qoluna söykəndi, zəif bir səslə yalnız: – Məni evə apar, laçınım, – dedi. Ə.Məmmədxanlı. • Səsi batmaq – hər hansı bir səbəbə görə səsi tutulmaq, eşidilməz olmaq. [Fərhad bəyin] ağzı qurumuş, səsi batmışdı. Qantəmir. Elə bil birdən səsim batdı. Ə.Məmmədxanlı.
2. Səs tellərinin müğənnilik (vokal) qabiliyyətini göstərən səslənmə dərəcəsi. Zil səs. Gur səs. Səsini yoxlamaq. – [Xədicə] ..mahnı oxuyub səsini mənə eşitdirirdi. S.Hüseyn.
3. Bəzi cansız şeylərin çıxardığı və onlar üçün səciyyəvi olan səda. Küləyin səsi. Selin səsi. Dalğaların səsi. – Quşların nəğməsi, suların səsi; İnsandan uzaq olmasaydı əgər. M.Dilbazi. [Məzlum] radioqəbuledici cihazın səsini aldı. S.Vəliyev.
4. fiz. Hava və ya başqa mühit zərrəciklərinin titrəyiş hərəkəti. Səs nəzəriyyəsi. Səs sürəti. Akustikanın səs bəhsi.
5. dilç. İnsan nitqinin aydın dərk edilən elementi; sövt. Burun səsləri. Diş səsləri.
6. məc. Gurultu, patıltı; gurultu-patıltı; səssəda. Səsi sonra çıxacaq. • Səs qopmaq (düşmək) – şayiə yayılmaq, xəbər yayılmaq, gurultu qopmaq. İkindi çağı idi. Obada “Dursunu ayı basmış” deyə səs qopdu. A.Şaiq. Kəndə səs düşdü. R.Rza.
7. məc. Mülahizə, rəy, mühakimə, fikir. Kütlənin səsi. Xalqın səsinə qulaq asmaq.
8. Dövlət və ictimai idarələrdə hər hansı bir məsələnin həllində öz fikrini bildirmək hüququ. Həlledici səs. Məşvərətçi səs. • Səs vermək – 1) çağırışa cavab vermək, hay vermək. Eşidir, amma səs vermir. – Gəlirəm, anacan, – deyə, qız yuxarıdan anasına səs verir. Ə.Məmmədxanlı; 2) seçki zamanı bir məsələni, işi həll edərkən səsvermədə iştirak etmək, səsini bu və ya başqa adamın və ya bir işin lehinə vermək. Döyüşdə sınanmış mərd əsər kimi; Ellər vəhdətinə səs verək bu gün. M.Rahim. Səsə qoymaq – bir məsələnin və ya bir namizədin nə dərəcədə məqbul olub-olmadığını səsvermə yolu ilə müəyyən etmək. Yenə bir neçə yerdən səs gəldi ki, gündəlik təsdiq olunsun. Buna baxmayaraq, Nəcəf demokratiyanı gözləyərək səsə qoydu. M.İbrahimov. Şəhərli gənc, Xanlar Qasımoğlunun sədr olmasını səsə qoydu. Mir Cəlal. ‣ Səs çıxarmadan – sakitcə, səssiz, susaraq, dinmədən. Nəriman səs çıxarmadan ötənin qıçından tutdu və yerə çırpıb boğazladı. Mir Cəlal. Səs çıxmamaq – cavab verməmək, səssiz-səmirsiz oturmaq, danışmamaq, dinləmək, susmaq. Əvvəlcə heç kimdən səs çıxmadı. M.Hüseyn. Odunçuoğlu elə bil [tarçını] eşitmir, heç kəsin üzünə baxmır, başını aşağı dikib, yerindən qımıldanmır, ondan bir səs çıxmırdı. Ə.Məmmədxanlı. Səsə düşmək – bax. dilə-ağıza düşmək 1-ci mənada. Sözüm dilə düşdü, mən səsə düşdüm; Dilimin ucundan qəfəsə düşdüm. B.Vahabzadə. Səsi kəsilmək – susmaq, dinməmək, kirimək. Nə qədər ki gəlir təndə nəfəsim; Bülbüli-şeydatək kəsilməz səsim. Q.Zakir. Ol xoruzu öldürübən atdılar; Ta ki kəsilsin səsi asudəcə. A.Səhhət. Səsinə səs vermək – çağırışa cavab vermək, həmrəylik göstərmək. Xalqın ən yaxşı oğulları Zərdabinin səsinə səs verir və onun ətrafına yığışırdı. M.İbrahimov. Məsmə qadınlar arasında .. səsinə səs verənlər olduğunu görüb cürətləndi. Mir Cəlal. Səsini çıxartmamaq – susub qalmaq, dinməmək, danışmamaq, susmaq. Hacı Səməd isə səsini çıxartmayıb öz-özünə yavaşcadan oxumağa başladı. S.S.Axundov. [Veysəl:] Yatanların oyanmasından qorxub səsini çıxartmadı. Ə.Vəliyev. Səsini içinə (içəri) salmaq (çəkmək) – tam sükut etmək, səsini çıxartmamaq, tamamilə susmaq. Aşıq Sənan səsini içəri saldı. “Abbas və Gülgəz”. Şahin əvvəlcə üz-gözünü turşudub ufuldadı, sonra səsini içinə çəkdi. İ.Şıxlı. Səsini səsinə qatmaq – 1) səsinə səs vermək, birgə hərəkət etmək, həmrəy olmaq; 2) bax. səs-səsə vermək. Molla da bunun yanında əyləşib, səsini qatır onun səsinə, başlayır ağlamağa. “M.N.lətif.” Səs-səsə vermək – bir yerdə ağız-ağıza verərək oxumaq, yaxud danışmaq, qışqırmaq. Uşaqlar sözlərini qurtarmamış üçü də səs-səsə verib ağlaşdılar. Çəmənzəminli. ..Körpə uşaqlar quş kimi səs-səsə vermişdilər. Mir Cəlal. Qulağına səs gəlmək – eşitmək. Bir gün Mirzə Səfər rastabazardan ötərkən qulağına səs gəldi: Mirzə Səfər! Mirzə Səfər! Ə.Haqverdiyev.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

səs

səda, hay, qalmaqal, gurultu, çığırtı, bağırtı, tıqqıltı
{seda, figan, karmaşa, gürültü, çığlık, bağırtı, takırtı}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

səs

oy, rey, ses, yaygara


Son arananlar: