turklehceleri.org

qərq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qərq

[ər.] Adətən “etmək”, “olmaq” köməkçi feilləri ilə birgə işlənir. • Qərq etmək – 1) batırmaq (suda). Düşmən vəziyyətin çıxılmazlığını görüb, gəmilərini qərq etdi; 2) boğmaq (suda). ..Bir də gördüm dəryanın suyu qalxır yuxarı, az qalır məni qərq edə. C.Məmmədquluzadə; 3) məc. məhv etmək. Bu müsibət müharibə qızışdırıcılarını hökmən boğub qərq edəcəkdir. (Qəzetlərdən); 4) məc. bir şeyin çoxluğunu ifadə edir. [Çimnaz:] ..Bəsdirin, qızlar, nə onu çiçəyə qərq edirsiniz. Ə.Məmmədxanlı. [Kərim:] Bizə elə bir lampa lazımdır ki, günəş kimi parlasın, aləmi öz işığına qərq etsin. Ə.Sadıq; 5) batırmaq, bulamaq. Ey həmdəmim, səni qana qərq elər; Gəl tərpətmə yaralanmış könlümü. M.V.Vidadi. Çeynədilər, dişlədilər, diddilər; Bir-birini al-qana qərq etdilər. A.Səhhət. Qərq olmaq – 1) batmaq. Gəmiçi özünü itirsə əgər; Tufanlar içində qərq olub gedər. S.Vurğun. Gəminin dalınca üzmək istədi, bacarmayıb suya qərq oldu. M.Hüseyn; 2) boğulmaq (suda). Batmış gəmidəki yolçuların hamısı qərq oldu. – Ciğato çayı minlərlə qərq olmuş insan meyitləri(ni) .. axıdıb Urmu gölünə aparırdı. M.S.Ordubadi; 3) adətən tərkiblərdə işlənib bir şeyin çoxluğunu, şiddətini, dərinliyini və s.-ni bildirir. Gözümün yaşına qərq oldu tənim; Bu hal ilə işim müşküldür mənim. Q.Zakir. Sabir kimi qərq oldu gözüm yaşına cismim. M.Ə.Sabir. Keçmişdi keçən şəb gecədən bir neçə saət; Məhtab ilə olmuşdu cahan qərqilətafət. A.Səhhət. Sonra səs-səmir kəsildi, kənd böyük bir sükuta qərq oldu. Çəmənzəminli. Afaqın solğun üzü göz yaşları içərisində qərq oldu. Ə.Məmmədxanlı.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qərq

batma, boğulma
{batma, boğulma}


Son arananlar: