pənah
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
pənah
is. [fars]
1. Sığınma, birinin yanına qaçıb ondan himayə və kömək istəmə. • Pənah etmək (eyləmək) – 1) özü üçün sığınacaq etmək, məskən etmək. Aləmin dərdü qəmindən xəbərin yox, Seyyid; Mən ki meyxanəni illərdi pənah eyləmişəm. S.Ə.Şirvani; 2) bax. pənah aparmaq. Pənah gətirmək (aparmaq) – bir adamın yanına, bir yerə sığınaraq ondan imdad, sığınacaq istəmək. ..Züleyxa çəkdiyi məşəqqətlərdən cana gəlib, öz qardaşlarının evinə pənah gətirdi. C.Cabbarlı. Pənah yeri – sığınacaq, pənahgah. [Köçəri quşların] bütün pənah yerləri bağların qaratikan çəpərləri idi ki, orada az-çox yem tapa bilirdilər. S.S.Axundov.
2. məc. Himayəçi, arxa, dadaçatan, istinadgah, pənahgah. Səməd üzünü Məşədi Heydərə tutub, qaş-göz elədi və Nadiri göstərərək belə bir qüvvətli pənahı olduğunu işarə etdi. B.Talıblı. • Pənah çıxmaq – himayəsi altına almaq, qayğısını çəkmək. [Zeynəbə Qara Kərəmoğlu] bir qardaş, bir ata kimi pənah çıxdı, işə çəkdi, uşaqlarını kolxoz bağçasına aldı. M.İbrahimov. Pənah olmaq – 1) imdadına çatmaq, kömək etmək; 2) bax. pənah çıxmaq. Pənahında saxlamaq – himayə etmək, himayəsində saxlama, qayğısını çəkmək; qorumaq, hifz etmək. Hərami qaşların fitnədir karı; Onu pənahında saxlaya tarı. Q.Zakir. [Şamama Cadu:] Allah səni öz pənahında saxlasın, cavan qəddini yerə vurmasın. Ə.Haqverdiyev. // məc. Ümid, dayaq. Qarı öz yeganə pənahı nəvəsini bir parça çörəkpulu üçün yenə də bazara yola salmaq istəyirdi. S.Rəhimov. Körpələrin pənahısan; Anaların gözü səndə. N.Rəfibəyli.