partlatmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
partlatmaq
f.
1. Partlayış nəticəsində dağıtmaq, parçalamaq. Dağı partlatmaq. – [Firəngiz:] Qabağı kəsən, mane olan sal qayaları necə də partladıb dərəyə endirirlər. B.Bayramov. // Partlayış əmələ gətirib dağıtmaq, məhv etmək. Düşmən gəmisini partlatmaq. Elektrik stansiyasını partlatmaq.
2. məc. Güllə ilə vurub öldürmək. [Sərvər:] Qol qoy, yoxsa partladaram səni! Ü.Hacıbəyov.
3. Partlamasına səbəb olmaq (şin və s. haqqında). Şini partlatmaq. Voleybol topunu partlatmaq.
4. Yarıq-yarıq etmək, üzərində dərin çatlar əmələ gətirmək; çatlatmaq. Şaxta dərisini partlatdı. Yağış narları partlatdı. // məc. Daxili əzab vermək, incitmək, üzüntü vermək (adətən “ürəyini”, “başını” sözləri ilə). Haqsızlıq adamı partladır. – [İncə:] Dursun dayı, anlat ki, mən müqəssir deyiləm, mənim ürəyimi partlatmasınlar. C.Cabbarlı. Beynimdəki qara fikirlər başımı partlatmaq istəyirdi. H.Nəzərli.