dərin
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dərin
sif.
1. Səthindən, yaxud ağzından dibinə qədər xeyli məsafə olan, böyük dərinliyi olan (dayaz əksi). Dərin quyu. Dərin çay. Dərin göl. – Bu dərə, dərin dərə; Suları sərin dərə; Ovçu maral axtarır; Göstərmə yerin, dərə! (Bayatı). // Dərində olan. Dərin, darısqal dibində dərənin; Rəd kimi guruldayır baltalar. A.Səhhət. Bu saat dənizdə ən dərin buruq harada qazılır? M.Hüseyn. // Dərindən çıxan. Dərin su bulanmaz. (Ata. sözü). // is. Dərin yer. Balta çox dərinə getdi. // is. Müəyyən dərinlikdə olan. Dənizin (çayın) dərin yeri. // Başqa özü kimilərə nisbətən daha çox dərinliyi olan. Dərin boşqab. Alnında dərin qırışıqlar var. // Zərf mənasında. Dərindən. Dərin qazımaq. – Yer hamarlanır, traktorlar dərin şum eləyirdi. Ə.Vəliyev. // Çox dərinlikdə olan, çox dərində yerləşən, çox dərinə girən. Ağacın dərin kökləri. Dərin süxurlar. // Çuxur, çuxurda olan. // Dərindən gələn (çıxan, eşidilən). Dərədə dərin bir uğultu vardı. M.Hüseyn. // İçəriyə doğru xeyli dərinliyi olan, xeyli içəriyə girmiş. Dərin taxça. Ağacda dərin oyuq.
2. Çox uzaqlara gedən, çox uzaqlarda olan, gözlə görünə bilən, hüdudu olmayan. Hava dəryası dərin olduqca, onun ağırlığı da artıq olur. H.Zərdabi. // məc. İntəhasız, sonsuz, ucsuz-bucaqsız. [Uluğ:] ..Eşqdir çalxanan köpüklü dəniz; Ya fəzadır dərin və sahilsiz. A.Şaiq. // Uzaq, uzaqda olan. Meşənin dərin küncündə cəh-cəh ilə oxuyan bülbüllərə qulaq verdim. A.Divanbəyoğlu. Maşınımız artıq gurultu və atışma səslərindən uzaqda, demək olar ki, dərin arxada idi. Mir Cəlal. // is. (cəm şəklində). Uzaq yerlər, uzaqlar; əlçatmaz, görünməz, tənha yerlər. Meşənin vahimələri özlərini daha dərinlərə, xəlvətlərə çəkirdi. S.Rəhimov.
3. məc. Çox məzmunlu, çox mənalı, əsaslı, əhəmiyyətli, ciddi; çox ağıllı, çox düşünmək tələb edən. Dərin söz. Dərin fikir. Dərin məlumat. Dərin təhlil. Dərin məna. Dərin əsər. – Bu dərin məanini gör, nə bəyan qılır Nəsimi; Fələkin dili tutuldu bu ulu bəyan içində. Nəsimi. [Dəli Səmədin] simasında dərin bir fikir, ya yüngül və şirin xəyalat oxunurdu. Çəmənzəminli. // Çox bilikli, çox məlumatlı, elmli, dünyagörüşü geniş olan. Çox yazmaq qəzetçi peşəsidir, çox kitab oxumaq .. dərin həkimlərin sənətidir. C.Məmmədquluzadə.
4. məc. Çox güclü, yüksək dərəcəyə çatmış, çox təsirli. Elə bil ki, Cəlilin vücudu ancaq dərin yas, acı kədərdən yoğrulmuşdu. S.Rəhimov. [Keşikçinin] ..iri, ala gözləri dərin bir səmimiyyətlə alışıb-yanırdı. M.Hüseyn.
5. məc. Tam, heç bir şeylə pozulmayan. Nənə dərin yuxusundan; Xeyli vaxtdır oyanmışdır. M.Dilbazi. Ortalığı dərin bir sükut qaplamışdı. M.Hüseyn. Məclis natiqin nə söyləyəcəyini gözləyərək dərin bir sükuta daldı. Ə.Vəliyev. ‣ Dərin(ə) getmək – ifrata varmaq. Ağa dərviş, çox dərin gedirsən, atam, mən bir yazıq, kasıb babayam, Allah xatirinə, məni bəlaya salarsan. N.Vəzirov. dərin-dərin 1) sif. çox dərin (çoxluq bildirir). Dərin-dərin dənizlər. – Dərin-dərin dəryaları boyladı; Xəncər alıb qara bağrım teylədi. Qurbani; 2) zərf dərindən. Dərindərin sızlamaq. – Böyükxanım da Münəvvərin əlbəsə və qiyafəsini mülahizə edib, dərindərin düşünürdü. M.S.Ordubadi.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
dərin
I. məzmunlu, mə’nalı, əsaslı, əhəmiyyətli, ciddi
{anlamlı, manalı, esaslı, önemli, ciddi}
II. güclü, tə’sirli
{güçlü, tesirli}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
dərin
derin