dodaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dodaq
is.
1. Ağız kənarlarını təşkil edən iki mütəhərrik dəri-damar büküklərindən hər biri. Adamın iki dodağı olur. Alt dodaq. Üst dodaq. Nazik dodaq. – [Əhməd:] Qara saçları, eşqlə dolu uzun kirpikli gözləri, ərəbi burnu, hamısından artıq gözəl balaca ağzı, qırmızı dodaqları mənim xoşuma gəldi. T.Ş.Simurq.
2. Bir şeyin (qabın və s.-nin) kənarı, qırağı. Banka dodağına qədər doludur. // Məc. mənada. Dənizin dodaqları torpağı öpən yerdə; Bir qul kimi bağlanmış; Sahillərə ana yurdu; Badam gözlü çinlilərin. R.Rza. // Bəzən çiçəklərin dodaq şəklində olan bölüklərinə deyilir.
3. Müxtəlif alətlərin tutucu, sıxıcı hissəsi (bu mənada ancaq cəm şəklində işlənir). Məngənənin dodaqları. ‣ Dodağı qaçmaq – bax dodaqları qaçmaq. [Sarxan] gələndə ən qaşqabaqlı adamların da dodağı qaçırdı. M.İbrahimov. Əziz gülümsündü, qızın da dodağı qaçdı. Ə.Vəliyev. Dodağı yer süpürmək – bax dodağı yerlə getmək. Dodağı yerlə getmək – küsmək, incimək, çox pərt olmaq, qaşqabağını sallamaq. Sadıq kişinin qaşları çatılmışdı. Dodağı da yerlə gedirdi. M.Hüseyn. Dodağını büzüşdürmək – bax dodaq büzmək 2-ci mənada. Dodağını dişləmək – birdən bir şey yadına düşmək, xatırlamaq. Ayna dodaqlarını dişlədi. Ə.Məmmədxanlı. Dodağını sallamaq – küsmək, qaşqabağını tökmək, acıq eləmək, pərt olmaq. [Mirzə] dodağını sallamışdı. Mir Cəlal. Dodağının altında – bax dodaqaltı. Bahadır dərindərin fikirdə ikən, Novruz dodağının altında oxuyurdu.. N.Nərimanov. Rəna dodağının altında mırıldandı... S.Rəhimov. Dodağının altından gülmək – istehza etmək, istehza yolu ilə gülümsəmək, qımışmaq. Dodağının altından söylənmək – mırtıldanmaq, deyinmək, donquldanmaq. Dodaq büzmək, dodağını (dodaqlarını) büzmək – 1) narazılıq göstərmək; 2) istehza etmək. Qoca kəndli gülərək bu sözə dodaq büzdü; Əmniyyə rəisini başdan-ayağa süzdü. S.Rüstəm; 3) ağlamsınmaq, kövrəlmək, doluxsunmaq. Uşağa acıqlandım, dodağını büzdü; 4) naz əlaməti olaraq dodaqlarını büzmək; gülümsünmək. Kiçikbəyim albalı rəngli dodaqlarını xoş bir əda ilə büzdü. Çəmənzəminli. Dodaq çuxuru – üst dodağın ortasında burunun qabağındakı batıq yer. Üst dodağın çuxuru iki bığın arasıdır. Dodaq sallamaq – küsmək, qaşqabağını tökmək, acıq eləmək, pərt olmaq. Dodaqdodağa – dodaqlarını bir-birinə yapışdıraraq. [Əşrəf Rozaya:] ..Ətrafımızdakı çiçəklərin dodaq-dodağa öpüşməsi nə qədər munis, nə qədər şairanə. H.Cavid. Dodaq-dodağa vermək – ağız-ağıza vermək. Dayan, mən də çıxım evdən bağçaya; Ötək verib dodaq-dodağa, bülbül! M.Rahim. Dodaqları ağarmaq – bir hadisənin təsiri nəticəsində dodaqlarının qanı qaçmaq, dodaqları bozarmaq. Dodaqları altında – bax dodaqaltı. Mixail baba dodaqları altında mırıldanaraq kürkünü başına çəkdi. S.S.Axundov. Dodaqları büzülmək – 1) narazılıq, xoşnudsuzluq ifadə etmək. Qadın o saat dəyişildi, gözəl dodaqları büzüldü, qaşları qalxdı, üzündə bir xoşnudsuzluq ifadəsi duyuldu. Çəmənzəminli; 2) ağlamsınmaq. Dodaqları qaçmaq – gülümsünmək. Muradın dodaqları qaçdı. Üzündə bir gülümsəmə əlaməti vardı. S.Hüseyn. Dodaqlarını çeynəmək – qəzəb əlaməti olaraq dodaqlarını gəmirmək. Nadir yumruğunu qaldırıb, bütün gücü ilə dizinə vurdu. Dodaqlarını çeynəməyə başladı. B.Talıblı. Dodaqlarını sallamaq – bax dodağını sallamaq. [Kosa] sustalaraq çarpayının yanında dayanmış, əlini qoynuna qoymuş, dodaqlarını sallamış, mat-mat tamaşa edirdi. S.Rəhimov. Alt dodağı yer süpürmək – bax dodağı yerlə getmək. Xanpəri .. qozaların eyni vaxtda açılmayacağını fikirləşdikcə alt dodağı yer süpürürdü. Ə.Vəliyev. Nə dil bilsin, nə dodaq – bax dil1 .
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
dodaq
dudak