QƏTL
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qətl
is. [ər.]
1. Öldürmə, öldürülmə. Dilbər əlində aşiqin qətli nədən həram ola; Aşiqə çün həlal edər vəslini qan bahasına. Nəsimi. Mənə deyirlər ki, filankəs babidir; yəni mürtəddir. Mən də bilirəm ki, onun qətli vacibdir. C.Məmmədquluzadə. Zamanovun qətli məsələsi getdikcə Dəmirovu hiddətləndirirdi. S.Rəhimov. • Qətl etmək, qətlə yetirmək – öldürmək. Qətlə yetişmək – öldürülmək. ..Məşhur yunan tarix yazanı Herodot .. Misirə səyahət edən zaman Misir davasında qətlə yetişən farsları məhz başlarının çanağının nazikliyi ilə tanıyıb. C.Məmmədquluzadə. [Qayadibi kəndinin] əhalisinin bir parası qətlə yetişib, yerdə qalanı da qaçıb dağlarda, meşələrdə gizlənmişdi. S.S.Axundov. Qətli-am köhn. – ələ keçirilən bir ölkənin bütün əhalisinin qılıncdan keçirilməsi; kütləvi qırğın. Qətlinə fərman (vermək) – birinin öldürülməsi, edam olunması haqqında hökm, əmr (vermək). Natəvan, müjdə, bu gün qətlinə fərman gətirir. X.Natəvan. Bu xaki-siyəhdən başımız çərxə ucaldı; Ol lalərüxun qətlimə fərmanını görcək. S.Ə.Şirvani. ..Sünbüllər məzlum-məzlum başlarını aşağı salıb, qətlinə fərman verilmiş müqəssirlər tək cəlladları olan biçinçilərə müntəzir idilər. Ə.Haqverdiyev.
2. din. köhn. Məhərrəmlikdə düzəltdikləri imamların öldürülməsi hadisəsini təmsil edən tamaşa; şəbih (bu mənada çox vaxt “qətl” şəklində işlənir). Soyuğa və qara baxmayaraq, qətl hazırlığı görünürdü, əlvan geyimli şəbihlər bir tərəfə toplanıb, rollarını əzbərləyir. Çəmənzəminli.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
qətl
öldürme, öldürülme