turklehceleri.org

Haqq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

haqq

I. [ər.]
1. sif. Doğru, düz, düzgün, həqiqi. Haqq iş. – Nahaq söz od vurar qəlbə, fəqət haqq söz keçər daşdan. S.Vurğun. Bu haqdır, ağladıqca; Kişi qeyrətsiz olur. B.Vahabzadə. // is. Ədalət, doğruluq, düzgünlük, düzlük, insaf. İnsafı tərk edib, haqqı unutdu; O səni yumruğa, qapaza tutdu. S.Vurğun.
2. is. Hüquq, ixtiyar. Nə üçün kişilərin istədikləri zaman arvadlarını çıxarıb qovmağa haqqı olur, arvadların öz ərlərindən boşanmaq, başqa ərə getməyə haqqı olmayır? S.Hüseyn.
3. is. Gördüyü işin müqabilində birinə verilməli olan pul, muzd və s. Bir müddət işlədikdən sonra bəy [Nəbinin] haqqını kəsir. “Qaçaq Nəbi”. Münsif malı böləndən sonra haqqını alıb getdi. (Nağıl). // Üzvü olduğu bir təşkilata və ya bir şeydən istifadə üçün verilməli olan pul, məbləğ. Üzvlük haqqı. Kirayə haqqı. – Ev sahibi ilə görüşdüm, salamatlaşdım, mənzil haqqını artıqlığınca verdim və çıxdım küçəyə. C.Məmmədquluzadə.
4. Nisbət şəkilçiləri ilə: barədə (barəsində), xüsusda (xüsusunda) və i.a. Ailəsi haqqında fikirləşmək. – [Firidun Südabəyə:] Açıq deyim ki, sizin haqqınızda qəti bir qərara gələ bilmirəm. M.İbrahimov.
5. is. İxtiyar, hüquq, əsas. Bu işə qarışmağa onun haqqı yoxdur. – Əvəzin oğlundan böyük şey ummağa haqqı var idi. Ə.Vəliyev. Aynanın təəccüb etməyə də haqqı var idi. İ.Əfəndiyev. ‣ Haqq oldu – əcəb oldu, yerində oldu, yaxşı oldu. Dərdli Kərəm deyər: – Necə olur halım; Sənə lap haqq oldu, ay qanlı zalım. “Əsli və Kərəm”. Haqq vermək – 1) təsdiq etmək, doğru saymaq, düzgün, haqlı hesab etmək. [Bəhram:] Ah, Fitnə, sözünə indi verdim haqq; Neyləyim ki, səni qurutdu torpaq... A.Şaiq; 2) haqlı olduğunu təsdiq etmək. Şükür indi Güləliyə haqq verirdi. S.Hüseyn. Haqqına yetmək (çatmaq) – cəzasını almaq, cəzasına çatmaq. Haqq yolunda didərgini; Haqqına yetir, ay Allah! M.Araz.

II. is. [ər.]
1. Allah, Tanrı. Tək-tək ayılan varsa da, haqq dadıma çatsın; Mən salim olum, cümlə cahan batsa da, batsın. M.Ə.Sabir. [Qurban:] Nə deyim, haqqın kərəminə şükür. Ə.Haqverdiyev.
2. Haqqı şəklində – and olsun, and içirəm. [Nənəxanım:] Ay kişi, atanın goru haqqı heç zadım yoxdur. Nəyim var ki, ay başıdaşlının oğlu? Çəmənzəminli. [Leylək Ələmdar:] Qurani-mürsəl haqqı, mənim bu dükanı dağılan kişinin boğulmağına əsla .. gümanım gəlməz. S.Rəhimov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

haqq

I. hüquq, ixtiyar
{hukuk, yasa}

II. ədalət, həqiqət, doğruluq, düzlük
{adalet, hakikat, doğruluk, dürüstlük}

III. muzd
{hak}

IV. ödəmə, vermə, mükafat
{ödeme, verme, mükâfat}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

haqq

hak


Son arananlar: