turklehceleri.org

udmaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

udmaq

I. f.
1. Udlaq əzələlərinin hərəkəti ilə bir şeyi ağız boşluğundan qida borusuna və mədəyə ötürmək. Həbi udmaq. Bütöv tikəni udmaq. – Dəryalar tutdu məni; Naqqalar uddu məni; Əziz, istəkli dostum; Nə tez unutdu məni? (Bayatı). Qoca hülqumunda düyünlənən iri bir tikəni udan kimi oldu. M.Hüseyn. // məc. Öz içinə alıb yox eləmək, məhv eləmək, həmişəlik aparmaq. Arvad yerində qımıldandı: – Necə Ayaz gəlmədi?! Vay, kül mənim başıma, olmaya bu cəhənnəm uşağı da uddu!.. M.İbrahimov. Ona çox görmə sən, gəl bu anları; Vuruş bəzən udur qəhrəmanları. M.Rahim. // məc. Ümumiyyətlə, məhv etmək, yox etmək, puç etmək. [Nigar xanım dedi:] Üç igidi udan dağlar; Dağlar, Eyvazı neynədiz?! “Koroğlu”. [Vaqif qapıçıya:] Bu torpaq [Qacarı] da udar. S.Vurğun. // məc. Çökmək, qaplamaq, qavramaq, içinə alaraq görünməz etmək. Çayın dilə gəlmiş suyu sürətlə ətrafa yayılır, o taydakı çəltik və pambıq əkinlərini yalayıb udurdu. Ə.Vəliyev. Ağır buludlar get-gedə yerə enir, elə bil hər şeyi udmaq istəyir. H.Seyidbəyli.
2. məc. Qanunsuz olaraq yiyələnmək, mənimsəmək, yemək, zora salıb almaq. Başqasının malını udmaq. – Rüşvət haramdır, – dedin, aldın, utanmadın! Mali-yetimə “od” deyə uddun da, yanmadın! M.Ə.Sabir.
3. məc. Dözmək, təhəmmül etmək, qatlaşmaq, dözərək sükut etmək, üzə verməmək. [Səkinə] dırnağına .. batan iynənin ağrısını udub, uf da demədən yenə öz işi ilə məşğul idi. M.İbrahimov. // məc. Xoşagəlməz, təhqirli bir sözə, hərəkətə sakitcə, etirazsızca dözmək, ötürmək, cavabsız qoymaq, fikir verməmək. Belə sözləri daha ud, bəy! – deyə, Alagöz qışqırıb qaçmaq istərkən Müqim bəy qapının ağzını kəsdi. S.Rəhimov. [Zəhra] Həsənin ona əl qaldırmasını və təhqiranə sözlərini heç cürə uda bilmirdi. M.İbrahimov. [Yunis xalasına:] Əgər sən bilsəydin ki, mən nəyi udub danışmıram.. Ə.Məmmədxanlı.
4. məc. Aydın, bütöv deməmək, yarımçıq demək, yaxud heç deməmək. Sözü udmaq. Həyəcandan cümlənin axırını udmaq. – Xəlilov dilinin ucuna gələn sözünü güclə uddu. M.Hüseyn. ‣ Acı həb kimi udmaq – bax. udmaq1 3-cü mənada. Qurban sakitcəsinə bu zarafatlara və kəskin sözlərə dözür və hamısını acı həb kimi udurdu. T.Ş.Simurq. Qan udmaq – bax. qan. Hava udmaq – təmiz havada dərindən nəfəs alaraq havanı içəri çəkmək, hava udmağa çıxmaq. Dağlarda təmiz hava udmaq. ...havasını udmaq məc. – ...havası ilə nəfəs almaq. Zəhər kimi udmaq – bax. acı həb kimi udmaq. Hər kəs peşmançılığını bir zəhər kimi udmaq istəyirdisə də, bacarmır. B.Bayramov.

II. f.
1. Oyunda, yarışda üstün gəlmək, aparmaq. Nərddə udmaq. Komanda 3:1 hesabı ilə rəqibini uddu. – [Rəsul] gördü ki, bu zalımlar udduqları pullarla kifayətlənməyib, üstəlik yatdıqları yorğan-döşək və balışları da aparmışlar. “Aşıq Qərib”. [Mərcan bəy:] Mən qumar oynamamışam ki, udam ya uduzam... Ü.Hacıbəyov.
2. Lotereya, loto, istiqraz oynanışında uduş əldə etmək, bəxtinə çıxmaq. Üçfaizli istiqraz bileti üzrə yüz manat udmaq. Pul-şey lotereyasında xalça udmaq. – İkinci tirajda da Ağaverdi bir şey uda bilmir. S.Hüseyn.
3. məc. Bir şeydə üstünlük qazanmaq, fayda, xeyir götürmək, xeyrinə həll olmaq. Hər halda bu məsələdə o uddu. Mübahisəni kim uddu? – Siyasət hər zaman bir oyuncaqdır; Kim usta tərpənsə, o udacaqdır. S.Vurğun.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

udmaq

aparmaq, qazanmaq
{götürmek, kazanmak}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

udmaq

kazanmak, utmak, ütmek, yutmak


Last searches: