turklehceleri.org

saqqal

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

saqqal

is.
1. Kişilərin üzündə və alt çənələrinin üstündə bitən tüklər. Uzun saqqal. Saqqal qoymaq. – [Məşədi İbad:] Hə... Çünki mən saqqalıma həna qoyuram, elə bildim ki, sən də saçına həna qoyursan. Ü.Hacıbəyov. [Musa:] Saqqal yalnız üzü örtən tüklərdən ibarətdir. S.Rəhman.
2. Bəzi heyvanların və quşların çənəsinin altından sallanan tük topası. Keçi saqqalı. ‣ Saqqal ağar(t)maq – qocalmaq. Saqqal ağarıb, bel bükülüb, dinmə, filanı; Ovqatım olub təlx. M.Ə.Sabir. Ağardı saqqalı, saçı qar oldu; Sənəti sərxoşluq və qumar oldu. S.Vurğun. Saqqala (saqqal içinə) ağ düşmək – bax. saqqalı ağarmaq. Saqqala salam verməmək zar. – saymamaq, etinasızlıq göstərmək. Oğlan, saqqala niyə salam vermirsən? Ə.Haqverdiyev. [İnayət:] Xoş gördük, ay Məşədi Püstə bacı. Əlin böyüklər ətəyindədir, yenə saqqala salam vermirsən. H.Sarabski. Saqqala soğan doğramaq – ələ salmaq, oynatmaq, masqaraya qoymaq. [Rüstəm Səkinəyə:] Deməli, bu ağbirçək vaxtında saqqalıma soğan doğramaq qalmışdı, hə? M.İbrahimov. [Əşrəf Sədəfə:] Bacı, saqqalıma soğan doğrama. B.Bayramov. Saqqalbığ basmaq – üz-gözü tüklənmək, saqqalıbığı uzanıb bir-birinə qarışmaq. ..Qapıdan cır-cındır içində, saqqal-bığ basmış bir adam girdi. Çəmənzəminli. Saqqalı çallatmaq – bax. saqqal ağartmaq. [Səməndər Mixailə:] Saqqalı çallatsan da, yaman boşboğazsan ha! B.Bayramov. Saqqalı ələ vermək – başqasının təsiri altına düşmək, başqasının iradəsinə tabe olmaq, ixtiyarını başqasının əlinə vermək. Saqqalım yoxdur, sözüm ötmür – sözünə əhəmiyyət verilməyən, sayılmayan, dediklərinə qiymət verilməyən adamın özünə göstərilən münasibətə qarşı istehzalı cavab ifadəsi. [Salamov:] Gördün, ağa Bahadır, nə oldu? Salamməleyküm! Saqqalım yoxdur, sözüm ötmür. C.Cabbarlı. Saqqalın ağarsın! – qocal, uzun ömür sür mənasında alqış ifadəsi. Saqqalın tökülsün! – qarğış məqamında işlənən ifadə. [Arvad:] A kişi, mənim üstümə arvad alırsan? A sənin saqqalın tökülsün. Ü.Hacıbəyov. Saqqalına dən düşmək – qocalmağa, yaşa dolmağa başlamaq. Qərənfilin atası Rüstəm kişi qısaboy bir adamdı. Saqqalına dən düşmüşdü. S.Rəhman. Saqqalında bir tük (sağ) qoymamaq – bərk dalaşmaq, saqqalını yolmaq, saqqalının tüklərini didmək (ər haqqında). [Arvad:] Görək, Kərbəlayı Qubad, hərgah sənin saqqalında bir tük qoysam sağ, onda bu ləçək mənə haram olsun. Ü.Hacıbəyov. Saqqalını (saç-saqqalını) dəyirmanda ağartmaq – 1) çox görüb, çox işləyib böyük təcrübə qazanmaq; 2) qocaldığı halda heç bir şey öyrənməmək. Saqqalının ağ vaxtında – qoca vaxtında, yaşlı çağında. [Sultan kəndlilərə:] Balam, mən saqqalımın bu ağ vaxtında necə sizə izin verim ki, gedib quldurluq edəsiniz? C.Məmmədquluzadə.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

saqqal

sakal


Last searches: