qoşmaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qoşmaq
I. f.
1. Arabanı və s.-ni çəkib aparmaq üçün atı və başqa qoşqu heyvanlarını xüsusi surətdə arabaya və s.-yə bağlamaq. Öküzləri kotana qoşmaq. Arabaya dörd at qoşdular. Şimalda kirşəyə it və ya maral qoşurlar. – [Faytonçu:] Sənin xatirin üçün qırx yeddi manata qoşaram. Ə.Haqverdiyev. Payızın əvvəlindən Nurəddin arabasını qoşub, şəhərə kirayəçiliyə getdi. S.S.Axundov.
2. İlişdirmək, bənd etmək, bağlamaq. Qatara əlavə vaqon qoşmaq. Vaqonları parovoza qoşmaq. Kotanı traktora qoşmaq.
3. Birləşdirmək, qatmaq. Mən də qoşdum səsimi; Bu gəncliyin səsinə. Ə.Cavad.
4. Cəlb etmək, bir işin iştirakçısı etmək. Siz varlı kolxozları bu işə qoşun! Qoyun kəndimiz şəhərə çatsın! S.Rəhimov.
5. Birgə, bərabər göndərmək, yanınca göndərmək, yoldaş etmək. O, Süleyman adlı bir nəfəri bizə qoşdu. M.S.Ordubadi. [Səfi bəy:] Buyurun gedək, adam qoşum, sizi xalanızgilə aparsınlar. S.S.Axundov. Bakıda Firidunu növbəti çağırışçılara qoşub Tbilisiyə göndərdilər. Mir Cəlal.
6. Düzəltmək, təlif etmək, demək. Mahnı qoşmaq. Dastan qoşmaq. – [Hacı Rəsul:] Deyəsən bu sözləri lap mənə qoşublar. Vallah, mənim halıma qoşublar: hara qədəm basdım, xəzan oldu. Mir Cəlal. El aşıqları incə Azərbaycan dilində xalqımızın mərdliklərini tərənnüm edən ölməz dastanlar qoşurdular. İ.Əfəndiyev.
II. f. Getmək, bir tərəfə üz tutmaq, yüyürüb getmək. Vaxta ki bu izdihamı gördüm; Mən də o yerə qoşub yüyürdüm. M.Ə.Sabir. Kənd uşaqları əllərində badya, mis kasa dərəyə doğru qoşurdular. A.Şaiq. Azacıq keçmədən cəsur insanlar; Qoşdu iş başına, tərpəndi şəhər. S.Vurğun.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
qoşmaq
I. bağlamaq, bəndləmək, ilişdirmək
{bağlamak, birleştirmek, iliştirmek}
II. birləşdirmək, qoşmaq
{birleştirmek, koşmak}
III. göndərmək, getmək
{sekmek, gitmek}
IV. düzəltmək, yaratmaq
{düzeltmek, yaratmak}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
qoşmaq
eklemek, koşmak