məsləhət
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
məsləhət
is. [ər.]
1. Necə hərəkət etmək, bir işi necə görmək haqqında təklif, göstəriş, tövsiyə. Həkim məsləhəti. Məsləhət vermək. – [Şah buyurdu ki:] Sizi bir əmrdən ötrü məsləhətə çağırmışam, gərək haman xüsusda bir tədbir göstərəsiniz. M.F.Axundzadə. [Ağca] dünyagörmüş xanımların məsləhətilə bir dayə tutub, uşağı ona tapşırdı. Mir Cəlal. • Məsləhət bilmək – olmasını, edilməsini müvafiq görmək, tövsiyə etmək. Həkimlər [Səlimin] yerində tərpənməyini, durub asta-asta, köməkçi ilə gəzməyini məsləhət bilirdilər. S.Rəhimov. Məsləhət deyil – məsləhət görülmür, lazım deyil, tövsiyə edilmir. ..Bəlkə, heç Şeyxi narahat eləməyimiz məsləhət deyil? C.Məmmədquluzadə. Heç məsləhət deyil, əyləş, özünə bir-iki saatlığa bir məşğuliyyət tap. Ə.Haqverdiyev. Məsləhət etmək (eləmək) – 1) bax. məsləhət görmək. Düşəndə eylərlər sizə məsləhət; Xahi aşikarə, xahi də xəlvət. Q.Zakir; 2) bax. məsləhətləşmək 2-ci mənada. Noxudu bozbaşa salanda aşpazı qoyub, axund ilə məsləhət eləyirik. C.Məmmədquluzadə. Bilmək olmur nə məsləhət edirlər; Bəlkə basqın eyləməyə gedirlər? A.Səhhət. Məsləhət qoymaq – məsləhətləşib qərara gəlmək. [Səriyyə:] Bu gün anam, Həmzə və oğlanları məsləhət qoydular ki, məni Qurbana versinlər. C.Cabbarlı. Məsləhət vermək (görmək) – necə hərəkət etmək, nə etmək haqqında birinə yol göstərmək, münasib bilmək, tədbir göstərmək, göstəriş vermək. Məşədi Həsən uzaq getməyi məsləhət görmədi. Ə.Haqverdiyev. [Almaz:] Sən öz sağlam duyğunla mənə məsləhət ver. C.Cabbarlı.
2. Hər hansı bir məsələyə dair mütəxəssisin tövsiyəsi, göstərişi; konsultasiya. Məsləhət almaq. Məsləhət üçün mütəxəssisə müraciət etmək. // Dərsi daha yaxşı mənimsəmək üçün müəllimin tələbəyə dərsdən əlavə köməyi, yardımı. Məsləhət saatı təyin etmək. Məsləhət günü.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
məsləhət
məşvərət, razılıq
{anlaşma, razılık}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
məsləhət
istişare, öğüt