turklehceleri.org

açılmaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

açılmaq

f.
1. Qapağı, örtüsü və s. götürülmək, düşmək, açıq hala gəlmək. Qutu açıldı. Qazanın qapağı açıldı. Damın üstü açıldı. Şüşənin ağzı açıldı. Qıfıl açıldı.
2. Aradakı maneə götürülmək, yaxud yox olmaq. Qarlar əridi, dağ kəndlərinə yol açıldı. // Tayları, layları açıq hala gəlmək. Küləkdən pəncərələr açıldı. – Dalanda ayaq səsi eşidildi, dərhal evin qapısı zərblə açıldı. Mir Cəlal.
3. Qatlanmış, bükülmüş, düyünlənmiş, bağlanmış şeyin qatları, bükükləri, qırışıqları düzəltmək, düyünü, bağı açıq hala gəlmək. Çətirin düyməsini basan kimi açıldı. Bağlama yerə düşüb açıldı. Örpəyi açılıb başından düşdü. Gəminin yelkənləri açıldı. Belindən qayış açıldı. Boğazından qalstuk açılıb düşdü. Lent açıldı. Ayaqqabıların qaytanı açıldı.
4. Qoşqudan azad edilmək (olmaq). Atlar arabadan açıldı. Öküzlər kotandan açılıb otlayırlar.
5. Aralanmaq, seyrəklənmək, arada məsafə əmələ gəlmək. Səflər açıldı.
6. Aralanmaq (qapalı, yumulu şey). Gözləri açılmaq. Ağzı açılmaq. – Ah, o gözlər ki, nigahilə dilü didələrim; Açılırdı, daha bir də məni şad etməyəcək. A.Səhhət.
7. Başlanmaq. İşə başlamaq. İclas saat üçdə açıldı. Məruzədən sonra müzakirə açıldı. İdarələr yayda saat 8-də açılır. Məktəblərin açılmasına lap az qalmışdır.
8. Təsis olunmaq, əsası qoyulmaq; tətbiqə, işləməyə başlamaq. Son illər ölkəmizdə çox sayda yeni məktəblər açılmışdır. Yeni dəmiryol xətti açıldı.
9. Yaranmaq, əmələ gəlmək, mümkün olmaq. Yeni mədən yataqlarının tapılması nəticəsində bu yerlərin inkişafı üçün böyük imkanlar açılmışdır. Azərbaycan incəsənəti qarşısında böyük perspektivlər açılmışdır.
10. İfşa edilmək, meydana çıxarılmaq. Cinayətin üstü açıldı. – [Divanbəyi:] Quldurların izi açılıbdır. Mən onları tutmağa çarə taparam... M.F.Axundzadə. // Aydın olmaq, aşkar olmaq, bəlli olmaq, məlum olmaq. [Bayram:] Yox, çuğulluq peşəsini üstümə götürmərəm, iş özü özbaşına açılar. M.F.Axundzadə. [Piri baba:] Siz, Həcər xanım, tez gedin, burada olmağınız açılmasın. S.S.Axundov. // Üzə çıxmaq, büruzə vermək, görünmək (xəstəlik və s.).
11. Tədqiqat, araşdırma və s. nəticəsində kəşf olunmaq, müəyyən edilmək. Maqnit hadisələrinin mahiyyəti ancaq XIX əsrin əvvəllərində açıla bilmişdir.
12. Çiçəklənmək, yarpaqlanmaq; görünmək, zahir olmaq. Yaz gəldi, güllər açıldı. – Gül ilə həmzəban olubdu bülbül; Açılıb bənövşə, yasəmən, sünbül. Q.Zakir. Açılmış güllər, göy, sarı zanbaqlar; Bir cənnətdir bu gülşən hər tərəfli. A.Səhhət. Seyrəltmədən və kultivasiyadan sonra .. pambıq daha yaxşı boy atmağa başladı və bitkilərdə altıncı yarpaq açıldı.
13. Deşilmək, dəlinmək, qazılmaq. Divardan pəncərə açılmışdır. Dağların altından uzun tunel açılmışdır.
14. Baxmaq, çıxmaq. Künc otağa yalnız bir qapı açılırdı. S.Rəhimov. Cənuba baxan uzun, göy eyvana iki otaq açılırdı. Mir Cəlal. Evciyəzlərin qərbə açılan pəncərələrində şüşələr od tutub sarı bir alovla yanırdı. Ə.Məmmədxanlı.
15. Qopmaq, sökülmək. Köynəyin bütün tikişləri açılmışdır.
16. Genişləndirilmək, vüsətləndirilmək, böyüdülmək, genəldilmək, uzadılmaq (sahə). Otağın arası açılsa, genişlik olar. Paltosunun dalı açıldıqdan sonra genəlmişdir.
17. Cilalanmaq, pardaqlanmaq, təmizlənmək, sürtülüb ağardılmaq; parıldamaq, işıldamaq. Mis qablar qumla sürtüldükdə açılar. Şüşə silindikdən sonra açıldı. Dəri pardaqlanıb açıldı.
18. Ortalığa atılmaq, irəli sürülmək, başlanmaq. Söhbət açıldı. Bəhs açıldı. İndi ki söz açıldı, söyləməliyəm.
19. Buluddan azad olmaq, aydınlaşmaq, ayazımaq. Yağış kəsilən kimi hava açıldı. Göyün üzü açıldı. – Bir-iki dəqiqə davam edən yağışdan sonra göy açılmağa başladı. Çəmənzəminli. Hava açıldıqda ata oğlunun əlindən tutub geniş düzənliyə çıxırdı. S.Rəhimov. Günəş qırpınanda açıldı hava; Dayandı ordular, durdu üz-üzə. S.Vurğun.
20. İşıqlaşmaq, işıqlanmaq, işıqlanmağa başlamaq. Səhər açılmaq. Dan yeri açılmaq. – Ey bəxtimin sitarəsi, bu sübh açılmasın; Mahi-rüxün yetər bu gecə karivanə şəm? S.Ə.Şirvani. Payızın sübhü yeni açılmışdı. S.M.Qənizadə.
21. Atılmaq, partlamaq. Atılan bombaların heç biri açılmadı. Güllə açılmaq. – Açıldıqda atəş edərdim güman; Ki, göydən yerə od yağır nagəhan. M.Ə.Sabir. Güllə açıldıqda köpək yerə sərildi. S.S.Axundov. Güllə açılanda Əhməd gördü ki, daha bura qaçmaq yeri deyil; təslim olmağı qət etdi. B.Talıblı.
22. Boşalmaq, boş qalmaq, boş yer əmələ gəlmək. Yer açılan kimi səni oraya düzəldərik.
23. Sağalmamaq, qovuşmamaq, bitişməmək, üstü açılmaq (yara haqqında).
24. Görünməyə başlamaq, zahir olmaq. Gözlərim önündə gözəl bir mənzərə açıldı. Qarşımızda müharibənin dəhşətli bir səhnəsi açılmışdı. – Yavaş-yavaş dumduru göy qabığının və geniş üfüqlərin əzəmətli mənzərəsi açılırdı. M.İbrahimov. Fərruxun nəzərində tamam başqa bir aləm açıldı. Mir Cəlal.
25. məc. Birdən-birə hirslənərək qışqırmaq, bərk danlamaq, acıqlanmaq (bəzən “üstünə, üstümə” sözü ilə). O, birdən üstümə açıldı.
26. Başlamaq, çatmaq, yetişmək. Yaz açılanda havalar qızmağa başlar. – Gül götürdü pərdə yüzündən, açıldı novbahar; Rövnəqi gəldi və nuri-bağü bustanın yenə. Nəsimi. Gəlsin bahar fəsli, açılsın yazlar; Göylərə tökülsün ağ quşlar, qazlar. Qurbani.
27. Baş vermək, üz vermək. Amma təhlükə özgə tərəfdən açıldı. M.F.Axundzadə.
28. Axmağa başlamaq. Borudan su açılmaq. Yaradan qan açılmaq.
29. Hazırlanmaq, salınmaq, düzəldilmək. Yemək otağında təntənəli şam süfrəsi açıldığını gördüm. M.S.Ordubadi. Sübhanverdizadə birtəhər .. dəhlizə girdi, süfrə açıldı, əvvəlcə toyuq qızartması, sonra rəngli çay verildi. S.Rəhimov.
30. dan. Rədd olmaq, əl çəkmək, getmək. Nayıbov Lətifin üstünə qışqırdı: – Açıl başımdan! Mir Cəlal.
31. məc. Həll edilmək. Ömür ipək kələf deyil, açılmayan düyünləri var. R.Rza.
32. məc. Könlü xoş olmaq, məmnun olmaq, üzü gülmək, fərəhlənmək, sevinmək, şad olmaq. Fərəhdən qönçənin gülgün yanağı güldü, açıldı. Nəsimi. [Xavər] uzun iztirablardan .. sonra Kərim xanın qayıtması ilə açılmağa başlamışdı. M.İbrahimov.
33. Bir sıra sözlərin yanına gətirilərək, müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir; məs.: könlü açılmaq, dili açılmaq, ürəyi açılmaq, aynası açılmaq, kefi açılmaq.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

açılmaq

I. aralanmaq, seyrəklənmək
{aralanmak, seyrelmek}

II. başlanmaq
{uçlanmak}

III. yaranmaq
{aranmak}

IV. tapılmaq
{bulunmak}

V. çiçəklənmək, yarpaqlanmaq
{çiçeklenmek, yapraklanmak}

VI. deşilmək, dəlinmək, qazılmaq
{deşilmek, delinmek, kazılmak}

VII. baxmaq
{bakmak}

VIII. qopmaq, sökülmək
{kopmak, sökülmek}

IX. cilalanmaq, pardaqlanmaq, təmizlənmək, parıldamaq, işıldamaq
{cilalanmak, parlatılmak, temizlenmek, parıldamak, ışıldamak}

X. atılmaq, partlamaq
{açılmak, patlamak}

XI. boşalmaq
{boşalmak}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

açılmaq

açılmak


Last searches: