dəmir
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dəmir
is.
1. Təbiətdə çox yayılmış, karbonla birləşdikdə polad və çuqun əmələ gətirən bozrəngli ağır kimyəvi element. Dəmir mədəni. Dəmir parçası. – Ahənrüba .. dəmiri cəzb edir, yəni özünə çəkir. C.Məmmədquluzadə. // Dəmir parçası, dəmir təbəqəsi, dəmir çubuq. Aslan həyətdə paslı dəmir üstündə oturub, Bayramın yolunu gözləyirdi. M.Hüseyn. // Ümumiyyətlə, dəmirdən qayrılmış şey, ya şeylər. Evin damı dəmirdir. Qapı dəmirdəndir.
2. Dəmirdən qayrılmış, dəmirdən hazırlanmış. Dəmir kassa. Dəmir mil. – [Gülsənəm] otağın düz ortasında qoyulmuş dəmir peçi qaladı. M.Hüseyn. // Məc. mənada. Dəmir qanadlar. – Dəmir atlar dolaşır şimalın meşəsini. R.Rza.
3. tib. Tərkibində dəmir preparatı olan dərman.
4. məc. Möhkəm, yenilməz, sarsılmaz. Dəmir iradə. – [Qara kişi] sərt xasiyyətli, dəmir iradəli, eyni zamanda mehriban qəlbli bir adam idi. Ə.Sadıq. // məc. Eyni mənada təşbeh və müqayisələrdə. Dəmir, beton kimi sıxdır sıramız. M.Müşfiq. Hər tərəfdə yeni dünya qurulur; Sərt sulara dəmir bəndlər vurulur. Z.Xəlil. ‣ Dəmir dövrü arxeol. – ibtidai icma dövründə insanların əmək alətləri qayırmaq üçün əsas material olaraq dəmir işlətməyə başladıqları dövr. Dəmir yolu – 1) qatarların hərəkət etməsi üçün relsli yol. Dəmir yolu çəkmək. – O ki qaldı, nə bilim, dəmir yolu, telefon, teleqram .. onların mənasını Əhməd bəy başa düşmür. C.Məmmədquluzadə; 2) relsli yollara, qatarlara və qatarların hərəkətinə xidmət və bu işləri təşkil etməklə məşğul olan idarələrin məcmusu. Dəmir yolunda işləmək.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
dəmir
demir