turklehceleri.org

Dərd

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

dərd

is. [fars.]
1. Qəm, qüssə, kədər, ürək acısı, mənəvi əzab, əziyyət, iztirab. Dərdini dərd bilənə söylə. (Ata. sözü) ..Mahnı adamın bütün dərdini unutdurur.. M.Hüseyn. // Haqqında düşünmək lazım gələn, qayğıya səbəb olan şey; ürəyi incidən daxili sıxıntı; qayğı, qeyd. Elə dərd var ki, dəxi onun qabağında səbir, hövsələ mümkün deyil.. C.Məmmədquluzadə. // Əndişə, fikir, qayğı. Axşamın qaranlığı çökdükcə [Telmanın] dərdi, kədəri artır, onu qayğı alırdı. S.Hüseyn. Kimsə gəlinin dərdindən agah ola bilmir. Çəmənzəminli.
2. Ağrı, bədən nasazlığı, xəstəlik, azar. Dərdi olan dərman arar. (Ata. sözü). [Əvvəlinci azarlı:] Ax! Ax! ..Vallah, bilmirəm ki, bu nə dərddi ki, gəlib yapışıb yaxamdan. C.Məmmədquluzadə. // Məc. mənada. Zakirəm, sızlaram misli-əndəlib; Tapmayıb dərdimi, əl çəkdi təbib. Q.Zakir.
3. məc. Ürəkdəki sözlər, gizli arzular; sirr, fikir, düşüncə, məqsəd. Onun bircə dərdi var, o da mühəndis olmaq.
4. Qarğış mənasında (bəzən “canına” sözü ilə). – Sonra, Əsgər bəy, canına dərd buyururam. N.Vəzirov. [Zeynal:] Zəhər, boğma, dərd, azar!.. C.Cabbarlı. ‣ Dərd almaq – bir şeyin fikri ilə, qayğısı ilə məşğul olmaq, bir şeyin iztirabını çəkmək. Hərçənd mən bir müəyyən söz demədim, çünki övrətimin dərdi məni elə almışdı ki, nə gələcəkdən və nə keçəcəkdən xəbərim var idi. C.Məmmədquluzadə. Dərd çəkmək – 1) acı bir hadisəni daim xatırlayaraq çox kədərlənmək, qəm-qüssə etmək, ruhi iztirab çəkmək. Yol kəsib haramılar; Dərd çəkir yaralılar. (Bayatı). [Dərviş:] Bir dərd çəkməkdən yarım dərd çəkmək yaxşıdır. Ə.Haqverdiyev. [Zərqələmin] ..üzündəki kədər onun daxilən .. bir dərd çəkdiyini bildirirdi. Ə.Sadıq; 2) bax dərdini çəkmək. Ağa dərviş! Deyirlər, el dərdi çəkənin gözlərinə qan damar, mənim sənə rəhmim gəlir. N.Vəzirov. Dərd eləmək (etmək) – 1) bax dərd çəkmək; 2) ürəyinə salmaq, bir şeyi özü üçün qayğı obyekti etmək. Dərd əhli – özü dərd çəkdiyi üçün başqasının dərdini bilən, onun dərdini başa düşən adam. Vidadi, xəstəyəm, günlər sanaram; Dərd əhliyəm, qəm hərfini qanaram. M.V.Vidadi. Eşqdə bidərdlər eylər təəccüb halıma; Yoxsa bu kişvərdə bir dərd əhli yoxdur, ey əcəb! S.Ə.Şirvani. Özün bir dərd əhli, bir qədir bilən; Danışıban deyən, oynayıb-gülən. Aşıq Pəri. Dərd gəlmək – bax dərd olmaq. Dərd götürmək – bax dərd almaq. Məni dərd götürdü. Mir Cəlal. Dərd olmaq – qayğı, fikir obyekti olmaq, hər zaman üzərində düşünülməsini tələb edən, həmişə narahat edən bir iş olmaq. ..Hər şey Pəri nənəyə dərd olmuşdu. M.Hüseyn. Dərd vermək – dərdlənməsinə, kədərlənməsinə, mənəvi əzab və iztirab çəkməsinə səbəb olmaq. Gəlişin ruhuma dərd verir, aman! Məhəbbət dəmidir, bahar, ay bahar! S.Vurğun. Dərd yarıdır – bir şeyin lazım olduğundan daha az, arzu edildiyindən daha pis olduğunu göstərən ifadə. Vahid, heç olmasa, dərd yarıdır, aləmdə yenə; Bizə rəhm eyləsə mindən biri cananələrin. Ə.Vahid. Dərdə batmaq – bir şeyin fikri, qayğısı ilə məşğul olmaq, bir şeyi özünə dərd etmək. Bu gecə Kosa dünyanın dərdinə batdığı halda, .. pişik kefə batmışdı. S.Rəhimov. Dərdə düşmək – 1) (bəzən “canı” sözü ilə) xəstələnmək, bir xəstəliyə tutulmaq; 2) bir şeyi özünə dərd etmək. Mən düşən dərdə düşsə; Mum olur, dağ da ərir. (Bayatı). Cahanda düşdünsə min qəmə, dərdə; Qaranlıq çəkmədi gözünə pərdə.. S.Vurğun. Dərdə giriftar etmək, dərdə salmaq – dərdə düçar eləmək, dərdə salmaq, dərdlənməsinə səbəb olmaq. Oğlanı dərdə salan; Bir alagöz gəlindir. (Bayatı). Çəkərsən boynuna pərdə; Salarsan aşiqi dərdə. Q.Zakir. Nə sən fəraqə səbəb olmusan, nə mən bais; Bu dərdə saldı bizi ruzigar, ey dust! S.Ə.Şirvani. Dərd(in)ə qalmaq – birinin dərdini, fikrini çəkmək, birinin qeydinə qalmaq, haqqında düşünmək. Əsrlərdən bəri, illərdən bəri; Dərdinə qaldığım yerdir bu yerlər. M.Müşfiq. Dərdindən dəli (dəli-divanə) olmaq – bax dərdindən ölmək. Dərdindən ölmək – 1) itirmiş olduğu ən əziz bir şeyi daim düşünmək, xatırlamaq və dərin iztirab nəticəsində özünü tələf etmək; 2) məc. son dərəcə sevmək, dəlicəsinə sevmək. Şərbaf Qasıma, bəzzaz Ağa Qənbərə getmir; Dərdindən ölür, Molla Ələsgərə də getmir. Ə.Nəzmi; // Son dərəcə qeydinə qalmaq, fikrini çəkmək, qayğısını çəkmək, maraqlanmaq. Dərdinə dərman (çarə) eyləmək (etmək, olmaq) – birini düşmüş olduğu ağır vəziyyətdən, iztirabdan, qayğıdan, dərddən qurtarmaq üçün çarə tapmaq. A kişi .. xəbərin yoxmu, dövlət dumasından da dərdlərimizə bir dərman olmadı, duma özü də dağıldı! N.Vəzirov. Çərkəz dostunun da həyəcan keçirəcəyini, bu xəbəri eşidən kimi əl-ayağa düşəcəyini və onun dərdinə şərik olacağını gözləyirdi. İ.Şıxlı. Dərdinə qalmaq – bax dərdinə yanmaq. Dərdinə şərik olmaq – birinin dərdini yüngülləşdirmək üçün ona təsəlli vermək, hüsn-təvəccöh göstərmək, onunla bərabər kədərlənmək. Çərkəz dostunun da həyəcan keçirəcəyini, bu xəbəri eşidən kimi əl-ayağa düşəcəyini və onun dərdinə şərik olacağını gözləyirdi. İ.Şıxlı. Dərdinə yanmaq – yazığı gəlmək, halına acımaq. Dərdini açmaq (açıb tökmək) – sirrini, ürəyindəkiləri açıb söyləmək. [Firidundan] savayı heç kəsə dərdimi açmaram. Ə.Haqverdiyev. [Zeynalın] keçən gün əli hər şeydən üzülüb öz dərdini Şərifzadəyə açıb söyləmişdi. S.Hüseyn. Kosa dərdini açmaq, məsləhət almaq üçün bir ürək sirdaşı axtarırdı. S.Rəhimov. Dərdini çəkmək – bir şeyin, yaxud başqasının fikrini, qayğısını çəkmək. [Sevinc:] Qaşqay, niyə belə kefsizsən? Yoxsa, dostunun dərdini çəkirsən? Z.Xəlil. Dərdini dağıtmaq – fikrini, zehnini məşğul edən bir qayğını, kədəri, qüssəni, qəmi özündən uzaqlaşdırmaq. [Cahandar ağa] .. bütün günü hirsli-hirsli meşədə gəzmiş, dərdini dağıdıb, başını qatmaq üçün qabağına çıxan quşlara, vəhşi donuzlara güllə atmışdı. İ.Şıxlı. Dərdini təzələmək – yaddan çıxmış acı bir hadisəni yadına salaraq ruhi iztirab vermək, dərdləndirmək, kədərləndirmək.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

dərd

I. qəm, qüssə, kədər, iztirab
{gam, hüzün, keder, ıstırap}

II. sirr, fikir, düşüncə
{sır, fikir, düşünce}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

dərd

acı, çile, dert, tasa, ukde


Son arananlar: