əzab
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
əzab
is. [ər.]
1. Əziyyət, üzüntü, işgəncə. Toy-bayramdır bu dünyanın əzabı; Ağlı olan ona gətirər tabı. M.P.Vaqif. [Nuriyyə:] Əvvəl günlər, dünyada hər əzabın bir sonu olduğunu düşünərək özümə təsəlli verirdim. İ.Əfəndiyev. Əzaba, zəhmətə qatlaşmayaraq; Biz şəkilə baxıb şəkil çəkirik. B.Vahabzadə. • Əzab çəkmək – əziyyət çəkmək, sıxıntı çəkmək, dərd çəkmək, möhnət çəkmək. [Əsgər:] ..İstəyirəm qızı tez gətirsinlər ki, yazıq daha əzab çəkməsin. Ü.Hacıbəyov. Bağladım vəcdə gəlib hüsnünə şerimlə kitab; Bu yolun yolçusu tək dərdə dözüb çəkdim əzab. S.Rüstəm. Əzab görmək – 1) bax. əzab çəkmək; 2) cəzalandırılmaq. Əzab vermək (etmək) – əziyyət vermək, cəfa vermək, sıxıntı vermək, işgəncə vermək, incitmək. Təklifi-cənnət eyləmə kuyində könlümə; Çün cənnət əhlidir, nə verirsən əzab ona? Füzuli. [Sitarə:] Fərhad, Fərhad, niyə mənə əzab verirsən, vicdanımı parçalayırsan? C.Cabbarlı. Sanki tale [Vahidə] əzab verir, bütün düşünülməmiş işlərinin hayıfını çıxırdı. İ.Hüseynov. Əzaba salmaq – əzaba, əziyyətə düşməsinə səbəb olmaq. Salıbdır könlümü zülfün əzaba. Q.Zakir. Cəhənnəm əzabı – çox böyük əzab, əziyyət. [Tükəzban:] Fəhlələr yenə cəhənnəm əzabından qurtulmadılar. M.Hüseyn.
2. Şiddətli mənəvi sıxıntı, əziyyət, ürək acısı. Vicdan əzabı. – Xüsusilə Mayaya göstərdiyi üz, dediyi sözlər yadına düşəndə Qaraş əzabdan qovrulub yanırdı. M.İbrahimov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
əzab
əziyyət, üzüntü, işgəncə, sıxıntı
{eziyet, üzüntü, işkence, sıkıntı}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
əzab
acı, azap, çile, güçlük