əyri
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
əyri
sif.
1. Düz istiqamətdə olmayan, düz xətt təşkil etməyən (düz ziddi). Əyri yol. Əyri xətt. Əyri qılınc. – Cığır dolanbac yol kimi əyri idi. M.İbrahimov. Murad dedi: – Var, bala; Əyri qazma üsulu. M.Rahim. // Düz durmayan, düz olmayan, bir yana əyilmiş. Əyri barmaq. Əyri çənə. Əyri mismar. – Xudayar bəyin bir böyük qüsuru var. Burnu əyridi, əyridi, amma pis əyridi.. C.Məmmədquluzadə. [Qaçayın] burnu bir qədər əyri və iri idi. Ə.Vəliyev. // Zərf mənasında. Əyri getmək. Mıxı əyri vurmaq. – Ümumi zəiflikdən başqa [Cəbinin] ayaqları da əyri bitirdi. N.Nərimanov. • Əyri baxmaq – 1) gözünün yan tərəfi ilə baxmaq, çəp baxmaq; 2) məc. Narazı, şübhəli, yaxud kinli və hiddətli baxışla baxmaq. Axır vaxtlarda nədənsə mənə əyri baxır.
2. Sözündə, işində, hərəkətində düz olmayan, yalançı, fırıldaqçı. Əyri adam bir gün özünü göstərəcək. – Əyri adamın bacarıqlı olmağı, düz adamın əfəlliyindən cəmiyyət üçün daha qorxuludur. M.İbrahimov. • Əyri danışmaq – düz danışmamaq, səmimi danışmamaq, hiylə işlətmək, biclik etmək. Əyri getmək – 1) fırıldaq, hiylə yolunu tutmaq, düz yolla getməmək; 2) aldatmaq, vəfasızlıq göstərmək. Əzəldən arada əhdü peyman var; Əyri getmə, Əslim, yolu düz yeri! “Aşıq Kərəm”. Əyri görmək – pis şəkildə görmək, xoşuna gəlməyəcək tərzdə görmək. Niyə bəs böylə bərəldirsən, a qare, gözünü; Yoxsa bu ayinədə əyri görürsən özünü? M.Ə.Sabir. Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. M.P.Vaqif. Əyri güzgü – 1) əksi düzgün göstərməyən güzgü; 2) məc. bir şeyin təhrif olunmuş əksi. // İs. mənasında. Casusmusan ki, yoxsa oğru? Ya əyrimisən ki, yoxsa doğru? Xətayi. Bir oğru, bir əyri, bir də haramı; Bu üçü bir olsa kolda gizlənər. Xəstə Qasım. Tənbələ, əyriyə xeyirxahlıq etmək yaxşı işləyənin belindən basmaqdır. M.İbrahimov. // is. Düzgün olmayan şey. Şairəm, çünki vəzifəm budur əşar yazım; Bədi bəd, əyrini əyri, düzü həmvar yazım. M.Ə.Sabir. [Keykavus şah:] Çarə bul, seçilsin doğru əyridən. H.Cavid. [Vəzir:] Belə olar əyyar sözü; Yanlış deyər əyri, düzü. A.Şaiq. • Əyri iş – fırıldaq, hiylə. ..Əyri işlərin haqqında doğru danış. M.S.Ordubadi.
3. is. riyaz. Əyri xətt. Diaqramın əyriləri. Əyrinin nöqtələri. // Hər hansı bir prosesin kəmiyyət nisbətini göstərən (əyri xətt şəklində) qrafik təsvir. Temperatur əyrisi. Yağıntı əyrisi. ‣ Əyri göz – mövhumatçıların etiqadınca, gözü dəyə bilən adamın gözü. [Qızyetər:] Yox... yox..., qadan alım, min əyri göz var; Bircə farağat dur, .. göz dəyər sənə. S.Vurğun. Əyri (gözlə) baxmaq – qeyri-məmnun, narazı, acıqlı yaxud şübhəli nəzərlə baxmaq. Əyri gözlə mənə baxdı. Əyri-əyri baxmaq – bax. əyri (gözlə) baxmaq. Sona əyri-əyri baxır Məşədi Zeynəbin üzünə və birdən onun üstünə hücum çəkib itələyir. C.Məmmədquluzadə. Hacı Rəsul çomaqlı kəndliyə əyri-əyri baxdı. Mir Cəlal. Molla Şirəlinin ən çox zəhləsi getdiyi, ona əyri-əyri baxıb salam verməyən cavanlar idi. S.Rəhman. Əyri oturaq (oturub), düz danışaq – bir-birimizdən incisək də, həqiqəti olduğu kimi deyək. Ey fələk, gəl ki, bir əyri oturub düz danışaq. S.Ə.Şirvani. [Gəray ağa:] Gəl burada, bu qapalı otaqda, bu İçərişəhərdə əyri oturub düz danışaq! S.Rəhimov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
əyri
I. çəp, çaş
{çap, eğri}
II. narazı, şübhəli
{rızasız, şüpheli}
III. dolayı
{dolayı}
IV. yanlış, qüsurlu, nöqsanlı
{yanlış, kusurlu, noksanlı}
V. oğru, dələduz
{yalancı, hilekâr}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
əyri
çarpık, eğri