ərz
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
ərz
I. is. [ər.]
1. Yer (səma müqabili). Ərzü səmadə yoxdur bir zərrə səndən ayru. Nəsimi. Sanki ərz kürəsi vulkanları, zəlzələləri, daşqınları ilə ölmədə idi. H.Nəzərli. • Ərzdən-səmaya qədər köhn. – Yer ilə göy qədər. Dünənki gün də gün idi, bu gün də bir gündür; Vəli təfavütü var ərzdənsəmayə qədər. S.Ə.Şirvani.
2. Dünya, Yer üzü. Ərzin bu gözəl feyzinə son yox. M.Müşfiq. Ərzin iqbalını bizik düşünən. M.Rahim. // köhn. Məmləkət, ölkə, diyar.
II. is. [ər.]
1. klas. Təqdim etmə, önünə qoyma, göstərmə; izhar. • Ərz etmək (qılmaq) – təqdim etmək. Daşə çəkmiş xəlq üçün Fərhad Şirin surətin; Ərz qılmış xəlqə məhbubin, əcəb biar imiş. Füzuli.
2. köhn. dan. Söylənilən, nəzərdə tutulan fikir, söz, mətləb. Ərzimi başa düşmədin. Ərzimə mültəfit ol. Ərzimə qulaq ver. • Ərz etmək (eləmək) – bildirmək, anlatmaq, məlum etmək, ifadə etmək. Əhvalatı ərz etdi. – [Həsən bəy:] Xeyr, Məşədi İbad, ərz eylədim ki, çirkindir. Ü.Hacıbəyov. Yazıq muzdur qolu boynunda sınıqçıdan qayıdıb birbaşa öz xozeyninin yanına gəldi və başına gələn qəziyyəni ərz etdi. S.M.Qənizadə. [Məşədi Qədir:] Bəli, ərz eləyirəm, yatmışıq, heç şeydən xəbərimiz yoxdur. T.Ş.Simurq. Ərz olsun... – məlum edirəm ki, nəzərinizə çatdırıram ki... (hörmətlə müraciət). Ərz olsun, məlaikələr padşahının qızı bir birə olub, Qəmərin qoynuna girdi, onu sancdı. (Nağıl). Ərz olunmaq – deyilmək, anladılmaq, məlum edilmək, ifadə olunmaq.
3. Acizanə şikayət, xahiş, rica. Ərzim var. Ərzimə qulaq as. – Mixək əkdim mərzə mən; Bağlamadım dərzə mən; Bivəfa yar əlindən; Kimə gedim ərzə mən? (Bayatı). Bizdən həqqə ərzlər yetirdin; Həqdən bizə müjdələr gətirdin. Füzuli. [Dilmanc:] ..Qoy ərzin qalsın sonraya və bu saat get, oğlun Süleymanı gətir nəçərnikin qulluğuna. C.Məmmədquluzadə.
III. is. [ər.] köhn.
1. En, genişlik (tul müqabili).
2. coğr. köhn. En dairəsinin köhnə coğrafiya kitablarındakı adı.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
ərz
I. yer
{yer}
II. dünya, aləm, cahan
{dünya, âlem, cihan}
III. şikayət, xahiş, rica
{şikâyet, rica, istek}