əmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
əmək
is. İnsanın əqli və cismani gərginlik tələb edən məqsədəuyğun və ictimai cəhətdən faydalı fəaliyyəti; zəhmət. Zehni əməklə fiziki əmək arasındakı ziddiyyətin aradan qalxması. • Əmək aləti – işləmək üçün lazım olan alət, karastı. Əmək çəkmək – bax. əmək qoymaq. [Altunbay:] [Solmaza] mən səni almaq üçün nə qədər əməklər çəkdim, altunlar tökdüm. C.Cabbarlı. Vəfalıya əmək çəksən itirməz; Bədəsil nəsihət, öyüd götürməz. Xəstə Qasım. Ata əmək çəkdi, bir bağ becərdi; Oğlu ordan şirin meyvələr dərdi. M.Dilbazi. Əmək haqqı – zəhmət müqabilində alınan (verilən) pul, maaş və s. Ayda nə qədər əmək haqqı alırsan? – Hər sahibkar öz istəyinə görə iş saatının müddətini və əmək haqqını təyin edir. M.İbrahimov. Əmək intizamı – hər hansı bir kollektivin bütün üzvlərinin qoyulmuş olan qanun və qaydalara tabe olması zəruriyyəti. Əmək intizamını yüksəltmək. – Bu zəngi Sübhanverdizadə əmək intizamını möhkəmləndirmək məqsədi ilə buraya vurmuşdu. S.Rəhimov. Əmək qabiliyyəti – işləmək, iş görmək qabiliyyəti. Əmək qabiliyyətini itirmək. Əmək qoymaq – zəhmət çəkmək, zəhmət sərf etmək. Bu işə çox əmək qoymuşam. – Əsədin sözünə nəzər yetirin; Yaxşı əmək qoyun, məhsul götürün. Aşıq Əsəd. Əmək məhsuldarlığı iqt. – vahid zaman ərzində fəhlənin istehsal etdiyi məhsulun miqdarı. Əmək mükəlləfiyyəti – əhalinin görməli olduğu ictimai, ya dövləti vəzifə. Əmək-islah düşərgəsi – məhbusların əməklə islah edildikləri cəza yeri. Əməyi itmək (zay olmaq, əlində qalmaq, zaya getmək, bada getmək) – zəhməti boşa getmək, zəhmətinin nəticəsini görməmək. [Koroğlu dedi:] Əməyim zaya getməyi; Yandırır məni, yandırır. “Koroğlu”. O zaman anladım itib əməyim; Qaldı bir də qiyamətə diləyim. A.Səhhət. Öz zəhmətimi demirəm, Gülqədəmin əməyi əlində qaldı. Ə.Vəliyev. Əməyi(m) gözündən gəlsin! – qarğış ifadəsi. // Ümumiyyətlə, zəhmət, səy, ciddcəhd. Mən sizə yaxşılıq etmək fikrindəyəm, siz mənim əməyimi və cəfamı zaye etmək fikrindəsiniz! M.F.Axundzadə. Bu əmək hər yerdə torpağın üzünü eyni ehtirasla dəyişir. M.İbrahimov. ‣ Əmək kitabçası – fəhlə və xidmətçinin əmək stajını göstərən sənəd (kitabça). Əmək ordusu məc. – əməkçilər, zəhmətkeşlər. Əmək sazişi – hər hansı bir işi görmək haqqında tərəflər arasında bağlanan müqavilə. Əmək tərbiyəsi – yetişən nəslin əmək əsasında tərbiyəsi sistemi. Məktəblərdə əmək tərbiyəsini yüksək səviyyəyə qaldırmaq.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
əmək
zəhmət, iş
{zahmet, iş}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
əmək
emek, mesai