xirtdək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
xirtdək
is. Nəfəs yolunun yuxarı hissəsi. Əlyarov az qala Teymurun xirtdəyindən tutub boğmaq istəyirdi. M.Hüseyn. [Yusif] sümüyü çıxmış yanağını, xirtdəyini, cəhəngini qanatmışdı. B.Bayramov. ‣ ...Xirtdəyə kimi çıxmaq – lap çox olmaq, həddini aşmaq; boğaza çıxmaq. Qazma planı axsayır, yeni neft yatağı açılır, hər addımda israf xərclər xirtdəyə çıxırdı. M.Süleymanov. [Hətəmov:] İş-gücün xirtdəyə çıxan vaxtı başlamısınız ki, biz səyahətnamə oxumağa gəlmişik. B.Bayramov. Xirtdəyə qədər (kimi) – 1) boğaza qədər. Cavad yoldaşları ilə birlikdə xirtdəyə kimi lehməyə bataraq, qalın meşələrdən keçir, həmişə məqsədə, hədəfə doğru irəliləyir. Ə.Vəliyev. Nəhayət, divar qəzetində buraxılan karikaturada Mirzənin xirtdəyə qədər çaxır çəlləyinə girdiyi göstərilirdi. Mir Cəlal; 2) lap çox, həddindən çox. Xirtdəyi əl(in)də olmaq – taleyi ... əlində olmaq, tamamilə asılı olmaq. [İskəndər kişi:] Ondan sonra [yasavulun] xirtdəyi bizim əlimizdədir. M.Hüseyn. Xirtdəyi ələ keçmək – yaxalanmaq, girə keçmək, ələ keçmək. Xirtdəyindən yapışmaq – sıxışdırmaq, çıxılmaz vəziyyətə salmaq, boğazından yapışmaq.