qanlı
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
qanlı
sif.
1. Qana batmış, qana bulaşmış. Qanlı paltar. Qanlı silah. – Fəhlələrdən bir neçə nəfəri Qurbanın qanlı cənazəsini kazarmaya gətirirlər. M.İbrahimov.
2. Qanla dolu, qanla qarışıq, içində qan olan. Qanlı irin. Qanlı ishal. Qanlı, yara.
3. Çoxlu qurbanlara, çoxlu adam qırılmasına, çoxlu qan axıdılmasına səbəb olan. Qanlı toqquşma. Qanlı vuruşma. – Qanlı müharibələrin şahidi olan İçərişəhər hər yandan qalın barı və bürclərlə əhatə edilmişdi. A.Şaiq. Açılmasın qanlı hərbin bir də qara qanadları. M.Dilbazi. // məc. Öldürücü, canalıcı. Könül dost kuyinə etdikcə güzər; Qanlı qəmzəsinə etməzmi həzər? M.V.Vidadi.
4. Öz vəhşilikləri ilə, adam öldürməklə özünü ləkələmiş, vəhşi, yırtıcı. Faşizmin qanlı cəlladları.
5. is. Qatil. Qanlıdan qada əskik olmaz. (Ata. sözü). Gəh gözdə, gəh könüldə xədəngin məkan tutar; Hər qanda olsa qanlını, əlbəttə, qan tutar. Füzuli. Əzrayılı qanlı tutmasın anam; Məni bir kirpiyi peykan öldürür... Aşıq Ələsgər. Doğrudur, xalqın sözü: Qanlını qan tutarmış; Bəzən də bir içim su əjdahanı boğarmış. H.Cavid. // Düşmən, qan düşməni. [Əsəd bəy:] Hər bir halda qanlı qanlıdan əl çəkməz. C.Cabbarlı. Bir oxla ayrılmışdı Sara nişanlısından; Düşündü: “İntiqam al, gəl, onun qanlısından”. Ə.Cavad. Burada [Göytəpədə] çox adamlar əlini Qurana basıb günahsız olduğuna and içmiş, çox qanlılar barışdırılmışdı. İ.Şıxlı.
6. Çox bişməmiş, çiyhal, alabişmiş. İgid canlı, kabab qanlı (gərək). (Məsəl).
7. məc. dan. Qeyrətçəkən, təəssübçəkən; öz xalqının və vətəninin təəssübünü, qeyrətini çəkən. O, çox qanlı adamdır. ‣ Qanlı göz yaşları – acı-acı ağlama, yanıqlı-yanıqlı ağlama. Dizi üstə əzəl alıb başımı; Sildi lütf ilə qanlı göz yaşımı. A.Səhhət. qanlı-qanlı zərf Düşməncəsinə, qeyzlə, acıqlı-acıqlı. Usta yenə arabir Tahirə qanlıqanlı baxır, narazı halda başını bulayırdı. M.Hüseyn.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
qanlı
I. vəhşi, yırtıcı
{vahşi, yırtıcı}
II. qatil
{katil}
III. qadalı, xatalı, qorxulu
{kusurlu, hatalı, korkunç}