olmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
olmaq
1. Müstəqil feil kimi aşağıdakı mənalarda işlədilir: a) yaşamaq, sakin olmaq, ömür sürmək. İki il Bakıda oldum. O, yataqxanada olur. Siz hansı küçədə olursunuz? – Mərcan xanım uzaqda olmurdu. T.Ş.Simurq; b) mövcud olmaq, var olmaq. İnsan olmasaydı nəyə gərəkdi; Sənin gözəlliyin, ana təbiət! M.Dilbazi; c) iştirak etmək. Dərsdə olmaq. Qonaqlıqda olmaq. İclasda olmaq; ç) üz vermək, baş vermək, vaqe olmaq, əmələ gəlmək. Dünən balaca yanğın olmuşdu. – Azad çırpınacaq bütün vicdanlar; Nə hicran olacaq, nə də intizar. S.Vurğun. Qonşu, yenə nə olub? – deyə soruşdum. S.Rüstəm; d) doğulmaq, dünyaya gəlmək, anadan olmaq. – Onun nəyi olub? – Bir qızı olub. Uşaqlar ekiz olub. – ..Münəvvər xanımın binadan-başdan uşağı olmurdu. Mir Cəlal. Cavadla Zöhrə Aslan olandan sonra bir-birini daha da çox sevməyə başladılar. Ə.Vəliyev; e) bir yerə gəlmək (getmək), bir yeri gedib görmək. Saat ikidə məktəbdə olacağam. – [Maya] hələ ömründə çobanların yaşadığı alaçıqda olmamışdı. M.İbrahimov; ə) yerləşmək, sığmaq. Şeylər çamadana olmur. Papaq başına yaxşı oldu; f) malik olmaq. Pulu olmamaq. Bağı olmaq. Maşını olmaq. – Cəmi yeddiillik təhsili olan Gülaçar qızğın mütaliə həvəskarı idi. İ.Əfəndiyev; g) mümkün olmaq, icazə verilmək. Gəlmək olarmı? İçəri girmək olar; ğ) bir haldan başqa hala keçilmək, dəyişmək. Su donub buz oldu. Od sönüb kül oldu. – [Gilənin] axşamdan basdırdığı qaratikan kötüyü lülə köz olmuşdu. Ə.Vəliyev; h) gəlib çatmaq, yetişmək. Səhər oldu. Gecə yarı oldu. – Bayram oldu, heç bilmirəm neyləyim? Bizim evdə axta zoğal da yoxdur. M.P.Vaqif. Axşam hələ olmamışdı. S.Hüseyn.
2. Köməkçi feil kimi işlədilir: a) ixtisas və sənət mənası verən isimlərdən sonra gələrək, həmin ixtisas və sənətə yiyələnməyi, onunla məşğul olmağı bildirir. Müəllim olmaq. Həkim olmaq. – Firəngistanda birisi ki istəyir alim ola, gərək gecələr yatmayıb zəhmət çəkə, elm oxuya.. C.Məmmədquluzadə; b) isim, sifət və saylardan sonra gələrək həmin sözlərdən -lan // -lən və -laş // -ləş şəkilçilərinin əlavəsilə düzələn feillərin sinonimləri olan mürəkkəb feillər əmələ gətirir; məs.: xəstə olmaq (xəstələnmək), yaxşı olmaq (yaxşılaşmaq), qoşa olmaq (qoşalaşmaq), yoxsul olmaq (yoxsullaşmaq), şən olmaq (şənlənmək); c) bir sıra sözlərdən sonra gələrək mürəkkəb feil və ifadələr düzəldilir; məs.: bənd olmaq, xaraba olmaq, daxil olmaq, aşiq olmaq.
3. Oldu! şəklində – tabe şəxsin, verilən əmri, tapşırığı başa düşdüyünü və onu dərhal icra edəcəyini bildirən cavabı; baş üstə! ‣ Olan oldu (olub) – olub keçmiş, düzəlməsinə, islahına vaxt, imkan olmayan hadisə haqqında. Olan oldu, keçən keçdi – keçmiş ola, artıq gecdir, keçənə güzəşt deyərlər. Onlar deyən yalan oldu; Keçən keçdi, olan oldu. M.Müşfiq. Yaxşı, olan oldu, keçən də keçdi; İndi fikrin nədir, de görək indi? S.Vurğun. Ay oldu ha! – işin baş tutmayacağını bildirmək üçün işlədilən istehzalı ifadə. Bir dəfə (kərə) də olsun – heç, qətiyyən, əsla, tamamilə. Bir dəfə də olsun işə gecikməyib. – Mirzağa elmi tənəzzöhlərə, səyahətlərə bir kərə də olsun getməmişdi. S.Hüseyn. (Bu) olmadı – bir fikir və ya təkliflə razılaşmadıqda etiraz ifadəsi kimi işlədilir. Bu olmadı, o bizim ən yaxşı operatorlarımızdandır. Hər necə (cür) olursa olsun – 1) heç bir şeyə baxmayaraq. Hər necə olursa olsun getməlisən. – [Kor Seyid] hər necə olursa olsun arvadını aparacağını söyləyirdi. S.Hüseyn; 2) bax. hər necə olsa. Hər necə olsa – hökmən, mütləq, heç bir şeyə baxmayaraq. [Tubu:] Qızım, dəli olma, Həsən hər necə olsa, sənin atandır. Ona niyə kömək eləməyəsən? Ə.Haqverdiyev.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
olmaq
bulunmak, olmak