məəttəl
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
məəttəl
is. [ər. müəttəl]
1. Gözləmə, intizar. Elə kəndlilər bu sözün məəttəli idi(lər). Qantəmir. [Vahid:] Elə bil anam bu suala məəttəl imiş. B.Bayramov. // Yubanma, intizarda olma. [Xannazir öz dəstəsinə:] Daha nəyin məəttəlisiniz, irəli! P.Makulu. • Məəttəl etmək (eləmək) – yubatmaq, intizarda qoymaq, gözlətmək. [Qızın atası:] Gedin, tez başlayın, .. camaatı məəttəl eləməyin. S.Rəhman. Məəttəl olmaq – yubanmaq, gözləmək. [Ağa Salman:] Ümmidim budur ki, uzun iş olmasın. Yoxsa mənə çox məəttəl olmaq mümkün deyil! M.F.Axundzadə. [Katib:] Yox, bu saat gələr, məəttəl olmazsan. Ə.Haqverdiyev.
2. Təəccüblü, heyran. Mən onun işlərinə məəttələm. • Məəttəl qalmaq – təəccüb etmək, çaşıb qalmaq, nə edəcəyini bilməmək, baş çıxarmamaq. ..Məəttəl qalmışam, bilmirəm, yazım, ya yox. C.Məmmədquluzadə. Nərgiz lap məəttəl qaldı. Ə.Məmmədxanlı. [Qarı nənə:] Gərək ona elə bir şey öyrədim ki, hamı məəttəl qalsın. M.Dilbazi.
3. İşsiz, boş, bikar. • Məəttəl qalmaq – çatışmayan bir şeyə görə bikar qalmaq, iş görə bilməmək, dayanıb durmaq. [Bəlli Əhməd:] Qırılıbdı sazım, məəttəl qalmışam; Usta qulun ollam, al, düzəlt sazı. “Koroğlu”. [Anam:] Sən bilmirsən ki, adam bəzən bir mismar üçün .. məəttəl qalır? Mir Cəlal.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
məəttəl
təəccüb, heyrət
{şaşırma, hayret}