işləmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
işləmək
f.
1. İş görmək, bir işlə məşğul olmaq, çalışmaq, əməyini tətbiq etmək. Tarlada işləmək. Əkində işləmək. Evdə işləmək. Axşamlar işləmək. – O saat bilinirdi ki, sədr arabaçının vicdanla və hamıdan yaxşı işlədiyinə tamamilə arxayın idi. M.Hüseyn. Şərəfoğlu Muğanda iki dəfə uzun müddət yaşayıb işləmişdi. M.İbrahimov. İşçilər istiyə baxmadan od kimi işləyirdilər. Mir Cəlal. // Bir yerdə xidmət etmək. Məktəbdə işləmək. Zavodda işləmək. Harada işləyirsən? – [Həsənağa:] Baxım görüm nəyə ləyaqətləri var, bir əməlli qulluğa qoyum işləsinlər, sən də bir qədər istirahət elə. Ə.Haqverdiyev. Əziz Narıncın maarif şöbəsində işlədiyini bilirdi. S.Rəhman. // dan. Bir vəzifə daşımaq, bir peşədə çalışmaq, ...vəzifəsini yerinə yetirmək. Mexanik işləmək. Mühasib işləmək. İdarədə katib işləyir. – Bir gün Məşədibəy vaxtı ilə mühəndis işlədiyi Bayıl elektrik stansiyasından tanıdığı fəhlə dostu ilə küçədə təsadüfən qabaqlaşdı.. M.Hüseyn.
2. Çalışaraq yaratmaq, hazırlamaq, mükəmməlləşdirmək, yaxud tədqiq etmək, yaradıcı əməklə məşğul olmaq (çox vaxt “üzərində” sözü ilə). Öz rolu üzərində işləmək. Dissertasiya üzərində işləmək. Yazıçı yeni əsər üzərində işləyir. • Öz üzərində işləmək – öz biliyini, səviyyəsini, təcrübəsini artırmaq üçün daim məşğul olmaq, çalışmaq. // Bir şeyi islah etmək üçün üzərində düşünmək. Əsərin üzərində çox işləmək lazımdır.
3. Müntəzəm surətdə öyrətməklə, yetişdirməklə, tərbiyələndirməklə məşğul olmaq. Kadrlarla işləmək. Uşaqlarla işləməyi bacarmaq lazımdır.
4. Hər hansı alət, cihaz, maşın və s. vasitəsilə iş görmək. Maşınla işləmək. İynə ilə işləmək. Çəkiclə işləmək.
5. Bədən üzvlərinin fəaliyyəti haqqında. Ürəyi işləmək. Nəbzi zəif işləyir. Mədəsi yaxşı işləmir. – Məmməd kişinin beyni maşın dəyirmanı kimi işləməyə başladı. S.Rəhman. Sanki, Fərhadın ürəyi elə bu an işləməyə, onun vücudu bu dəqiqə hərəkət etməyə başladı. Ə.Vəliyev.
6. Hərəkətdə olmaq, dayanmadan iş görmək (maşın və s. haqqında). Maşın işləyir. Telefon işləyir. Saat düz işləyir. // Müəyyən istiqamət üzrə müntəzəm gedib-gəlmək. Bu küçədən avtobus işləyir. // Saat haqqında. Saat 2-yə işləyir. – Nəhayət, saat birə on beş dəqiqə işləmiş Səlimi gəldi. M.İbrahimov. [Rəis:] Daha bəsdir, – dedi, – qalanını səhər hesablarıq, saat birə işləyir. İ.Əfəndiyev.
7. Hər hansı bir material və s. vasitəsilə hərəkət etmək, hərəkətdə olmaq. Parovoz daş kömürlə işləyir. Motor benzinlə işləyir.
8. Açıq olmaq, fəaliyyətdə olmaq, xidmət göstərmək. Poçt bütün günü işləyir. Kitabxana həftənin bütün günlərində işləyir. Teatr bu gün işləmir.
9. Prosesi davam etmək, uzanmaq (xəstəlik, yara və s. haqqında). Əlinin yarası işləyir. – Yara işləyib sim eləmiş, iki ay onu ibadətdən qoymuşdu. Mir Cəlal.
10. Həkk etmək, qazımaq, yaxud naxış vurmaq, bəzək vurmaq. Qabın üstünü işləmək. Köynəyin yaxasını işləmək. – Xəncəri işlə, yolla; Üstün gümüşlə, yolla; Mənə beş alma göndər; Birini dişlə, yolla. (Bayatı).
11. Bir şeyin içərisinə keçmək, dərinləşmək. Güllə bədəninə xeyli işləyib. // Təsir etmək, keçmək, girmək, yerimək (çox vaxt “iliyinə” sözü ilə). Soyuq adamın iliklərinə işləyir. – Səhər ayazı hətta sağ adamın iliyinə işləyirdi. M.Hüseyn. İndi ruhuna dolan qorxu və təlaşla bərabər, qızın vücuduna soyuq işləyir, o titrəyir, lakin hələlik özünü saxlayırdı. Ə.Məmmədxanlı. Sabah ertənin soyuğu çılpaq insanların iliyinə qədər işləyirdi. Ə.Vəliyev. // Girmək, nüfuz etmək. Su torpağın dərinliklərinə işləmişdi.
12. məc. Təsiri olmaq, hökmü çatmaq, nüfuzu çatmaq. Sayalının kağız-baratsız, qolsuz, möhürsüz hökmü dəmir yolundan Kürün qırağına qədər işləyirdi. Mir Cəlal.
13. Açılmaq, atılmaq. Lakin çıxar-çıxmaz bir-birinin ardınca iki güllə işlədi. T.Ş.Simurq.
14. məc. Təsvir etmək, izah etmək, göstərmək. Yazıçı əsərdəki surətləri diqqətlə işləmişdir.
15. Etmək, yol vermək, görmək. İşlədiyi ağır cinayətlərin dəhşətli xofundan təntiyən Ələmdar toqqasını açdı. S.Rəhimov. Son zaman Rüstəm kişi oğlunun tora düşməsindən, pis bir günah işləməsindən qorxurdu. M.İbrahimov.
16. İşlək olmaq, gediş-gəlişli olmaq. Bu yollar işləməsin; Bəzirgan qışlamasın; Mən sevdim, sən apardın; Tanrı bağışlamasın. (Bayatı).
17. Bir sıra isimlərlə yanaşı, mürəkkəb feil və ifadələr düzəldilir; məs.: ağzı işləmək, başı işləmək, fikri işləmək.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
işləmək
I. təkmilləşdirmək, mükəmməlləşdirmək
{geliştirmek, mükemmelleştirmek}
II. çalışmaq, hazırlaşmaq
{çalışmak, hazırlamak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
işləmək
çalışmak, işlemek