ikiqat
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
ikiqat
1. sif. Bir-birinə uyğun, yaxud yekcins iki hissədən ibarət. İkiqat parça. İkiqat pəncərə. – [Şahsənəm xala] çadrasını ikiqat eləyib atdı başına.. E.Sultanov. Sərəncam bacı başında ikiqat çarşab oğlunu dolandırıb gəzdirirdi.. Çəmənzəminli. Çamadanın dibi ikiqat idi. S.Rəhman.
2. zərf İki dəfə çox, iki dəfə artıq. [Hacı Fərəc:] ..Təzə müştərilər çıxıb, ikiqat qiymət verməyə hazırdırlar.. N.Vəzirov. Bu göyərçin mənim üçün ikiqat əzizdir.. M.Rzaquluzadə. ‣ İkiqat etmək – bir şeyi bir-birinə uyğun tərzdə qatlamaq, bükmək. Kəlağayını ikiqat edib başına örtdü. – [Cəfərqulu] başından papağını çıxardıb ikiqat edəndən sonra alnının tərini sildi və bu cür sözə başladı. Qantəmir. İkiqat olmaq (əyilmək, bükülmək) – 1) təzim etmək, əyilərək salam vermək. İkiqat olub ədəblə bəyə baş vurardı kasıb; Var idi vəfalı kasıb, var idi həyalı fələ! M.Ə.Sabir; 2) yaltaqlanmaq, alçalmaq, baş əymək. Havaxtadək olacağıq ikiqat. Q.Zakir. [Ramazan:] İndi elə vaxt deyil ki, buruq ustası olmaq üçün otuz-qırx il külüng çalasan, onun-bunun qabağında ikiqat əyiləsən. M.Hüseyn; 3) əyilmək, bükülmək, belini əymək. Mahmud əmi ikiqat bükülüb bir neçə dəfə başını gah daşın bu böyrünə, gah o böyrünə sallayıb diqqətlə haman nöqtəyə baxırdı. B.Talıblı.