turklehceleri.org

durmaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

durmaq

f.
1. Ayaq üstə, şaquli vəziyyətdə hərəkətsiz dayanmaq. Ağacın altında kölgədə durmaq. Güzgünün qabağında durmaq. Sahildə durub dənizə baxdıq. – [Odabaşı Xudayar bəyə:] ..Di, burada niyə durubsan, buyur, gedək mənzilə. C.Məmmədquluzadə. Onlar alçaq bir divarın dibində durdular. M.S.Ordubadi. // Bədən hissələrindən biri üzərində dayanmaq. Başı üstündə durmaq. Əlləri üstündə durmaq. Dizi üstündə durmaq. // Ayaq üstə durmaqla bağlı olan bir işi, vəzifəni yerinə yetirmək, bir işlə məşğul olmaq. Dəzgah dalında durmaq. Keşikdə durmaq. Növbədə durmaq. Qarovulda durmaq. – Qalmışam eşikdə mən; Bir qızıl beşikdə mən; Yar bağçaya gələndə; Duraram keşikdə mən. (Bayatı). Qədir iki ay iyirmi bir gün qoruqlarda qarovul durdu. Mir Cəlal.
2. Ayağa qalxmaq, yerindən qalxmaq, oturduğu yerdən qalxmaq. Aclıq mənə lap kar etmişdi. Durdum ki, evimizə gedib bu arsızı doydurum. A.Divanbəyoğlu. [Gilə] oturduğu yerdən durub qapıya tərəf getdi. Ə.Vəliyev. // Yuxudan ayılaraq yorğan-döşəkdən qalxmaq. Tezdən durmaq. Gec durmaq. – Səhər durub Sabunçu məktəbinə getməyə hazırlaşdım. A.Şaiq. Biz hərbiyyəlilər dan üzü durmağı öyrənmişik. Mir Cəlal. İndi mən lap tezdən qalxıb; Qoca nənəm duranadək çay qaynadıb, süfrə açıb; Eyləyirəm ona kömək. M.Dilbazi. // “Xəstəlikdən”, “yorğan-döşəkdən” sözləri ilə – sağalıb ayağa qalxmaq, sağalmaq, yaxşı olmaq. Xəstəlikdən təzəcə durmaq. – [Gültəkin:] Azardan təzə durmusan, nəfəsin qaralar. S.Rəhimov.
3. Yerləşmək, olmaq, dikəlmək. Pəncərənin qabağında uca bir ağac durur. Küçənin sağ tərəfində gözəl bir bina durur. Meydanda Füzulinin heykəli durur. – Gəl bahar, gəl, özünü cəbhədə zənn etmə tək; Durmuşam burda dünəndən qaya tək. S.Rüstəm.
4. Bir şey üzərində dayanmaq, bir şeyə istinad etmək, əsaslanmaq. Bina özül üzərində durur. Neft daşlarında vışkalar dəmir dayaqlar üstündə durmuşdur.
5. Əyninə oturmaq, bədəninə uyğun gəlmək. Paltar əynində yaxşı durur. Palto əynində gör necə pis durur?
6. Dikinə qalxmaq, dik durmaq, dik vəziyyət almaq. Tükləri biz-biz durmaq. Köynəyin yaxalığı pis nişastalanıb, yaxşı durmur.
7. Qalmaq, dayanmaq. Bir-iki saat burada duraq, sonra gedərik.
8. Qərar tapmaq, rahat qalmaq, sakit qalmaq. Bir dəqiqə bir yerdə dura bilmir. – [Xırdaxanım:] İndi başım yerində durmur, guya ki, mənim deyil.. N.Vəzirov. Yerdə su durmayıb fışqırdığı kimi, mənim dərdim də daha qəlbimdə durmayır. A.Divanbəyoğlu.
9. Müqavimət göstərmək, möhkəm dayanmaq, səbat göstərmək, tab gətirmək, dözmək. Sən bərk dur. Düşmən qabağında durmaq. Onun qabağında dura bilməyib çəkildi. Çətinliklərin qabağında möhkəm durmaq. – Qarşımda duramaz nə sel, nə daşqın; Təbiətlə mənim zərafətim var. M.Müşfiq. • Qabağında durmaq – gücü çatmaq. [Fatma xanım:] Qənd ver, çay ver, düyü də ver. Kimdi qabağında duran? N.Vəzirov.
10. Səbat etmək, sabitlik göstərmək, geri dönmək, israr edib dayanmaq. Sözünün üstündə durmaq. – [Xurşudbanu:] Bil kim, sənə söz verdim, durdum sözümün üstə. Ü.Hacıbəyov. Yüzbaşı dediyində dururdu. Mir Cəlal. Qarı sözünün üstündə durmuş və bu il iki qutu toxum götürmüşdü. Ə.Sadıq.
11. Bir qərara gəlmək, bir nəticəyə gəlmək, bir neçə şeydən birisini qəbul edib, onun üstündə dayanmaq. Nəhayət, trest altımərtəbəli yaşayış evinin üstündə durmuşdu. M.İbrahimov.
12. Qalmaq, davam etmək, yaşamaq, var olmaq, mövcud olmaq; yerində qalmaqda davam etmək. Onun babası hələ də durur. – Arxa su dolmayıb hələ; Köhnə idarəniz durur; Rəngi də solmayıb hələ. M.Ə.Sabir. // Toxunulmamış qalmaq, işlənməmiş qalmaq, olduğu kimi qalmaq. Aldığım pulların hamısı durur.
13. Hərəkətsiz qalmaq, axıb getməmək. Su bir yerdə durarsa qoxuyar.
14. İnkişaf etməmək, artmamaq, irəliləməmək, bir yerdə qalmaq, durğunluq əmələ gəlmək. Elm bir nöqtədə dura bilməz.
15. İşləməmək, hərəkətsiz qalmaq, fəaliyyət göstərməmək, dayanmaq. Maşınlar durur. Saat durmuşdur. Motor durdu. Zavod durdu. – [Qurbanın] qəlbi bir an durdu. A.Şaiq. // Duracaqda, yaxud hər hansı bir yerdə dayanmaq, əylənmək. Qatar stansiyada üç dəqiqə durur. Ekspress qatarı hər stansiyada durmur. Maşın evimizin qabağında durdu. – Arabamız bir alaçığın ağzında durdu. A.Şaiq. Furqon hərəkətə hazır bir halda durmuşdu. M.İbrahimov. // Öz işini, məşğələsini və s.-ni dayandırmaq, arasını kəsmək. Kitabın 20-ci səhifəsində durdum. Söhbətin ortasında durdu. Keçən dərsdə hansı paraqrafda durmuşduq?
16. Bitmək, kəsilmək, ara vermək, dayanmaq, sakit olmaq. Yağış durdu. Atışma durdu.
17. Çaşıb qalmaq, heyrət içində qalmaq, duruxmaq, duruxub qalmaq. Xəbəri eşidən kimi durdu.
18. Gözləmək, səbir etmək, toxtamaq, tələsməmək, dayanmaq. Bir az dur. Dura bilmirəm. Sən bir dur. Durmaq vaxtı deyil. – [Şahsənəm:] Qulun olum sənin, gülüzlü xacə; Degilən Qəribə durmasın, gəlsin. “Aşıq Qərib”. Şəkli alıb qaçdım yoldaşımın yanına: – Faiq, hələ durmusan, məgər durmalı əsrdir? C.Məmmədquluzadə. [Salman:] Qonaq qardaş, dur! Təlaş etmə sən. H.Cavid.
19. Diqqəti bir şeyin üzərində saxlamaq, dayandırmaq, onun haqqında müfəssəl danışmaq, bəhs etmək. Bu məsələnin üzərində çox durmaq lazımdır.
20. Yer tutmaq, mövqe tutmaq. Tərbiyə məsələsi birinci yerdə durur. Qarşıda ciddi problemlər durmaqdadır.
21. Müəyyən şərtlərlə bir işi, vəzifəni yerinə yetirməyi öhdəsinə götürmək, bir işə girmək. [Aslan] nökər durmaq istədi, uşaq olduğu üçün heç kəs ona beş manatdan artıq pul vermədi. C.Cabbarlı. [Papaqçı dedi:] – Bala, mənə şəyird durarsanmı? Rəsul dedi: – Nə üçün durmuram. “Aşıq Qərib”.
22. Başa gəlmək, mal olmaq, tamam olmaq, oturmaq. Palto mənə 150 manata durdu. – Təbrizə Rusiyadan ticarət malı gətirilməyəcəkdir. Gətirilsə də, çox ağır qiymətə duracaqdır. M.S.Ordubadi.
23. Qalxmaq, çıxmaq, törəmək. Qəmzəsindən fitnələr durdu, oyandı uyqudan. Nəsimi. Gün ki sayən düşdüyü yerdən durar, bir vəchi var. Füzuli.
24. Qalmaq. Qədir, sənin can naloqundan nə qədər durur? Mir Cəlal.
25. Hərəkət etmək, davranmaq. Qoy bizə gülməsin nə dost, nə də yad; Ehtiyatlı danış, ehtiyatlı dur! S.Vurğun.
26. Başlamaq, girişmək, təşəbbüs etmək. Durdu mənimlə mübahisəyə. Durdu ağaca çıxdı. – [Hacı Nuru:] ..Sən əbəs yerə özünü saldın qalmaqala, durdun onun ilə, bunun ilə döyüşməyə, xalqın dalısınca yaman sözlər danışmağa. M.F.Axundzadə. Başına durdu qoydu əmmamə; Geydi nəleynini ol əllamə. S.Ə.Şirvani.
27. “Belə”, “bu yana”, “o yana” və s. sözlərlə – çəkilmək. O yana dur, keçim. – [Nurcahan:] ..Qapıdan belə dur, vallah, yoxsa bir oyun oynaram, tamam şəhər tökülər. N.Vəzirov.
28. ...dursun, ...belə dursun, ...bir yana dursun – ...kənarda qalsın, ...bir tərəfdə qalsın, ...sərf-nəzər edərək, ...haqqında danışmayaraq. Tanımaq bir yana dursun, heç adını eşitməmişəm. – Rüstəm dursun, onlara Səyavuş verir cavab. H.Cavid.
29. İnkar şəklində: durmamaq – dayanmamaq, qalmamaq. Bu bağçada quş durmaz; Yaz gələndə qış durmaz; Küsmüsən, gəl barışaq; Mənim dilim dinc durmaz. (Bayatı). Çeşmi-xumarın görəndə; Can çıxar, durmaz bədəndə; Mey içib sərxoş gəzəndə; Dönüb məstanə bir baxmaz. Q.Zakir. // Tökülmək, yerindən çıxmaq. Başında saçı durmur. – Öküz qocalmışdı, ağzında bir dişi durmurdu, ..ətlikdən savayı heç şeyə yaramırdı. S.Rəhimov. • Geri durmamaq – hər bir şey etməyə hazır olmaq, heç bir tədbir qarşısında durmamaq, hər cür tədbirə əl atmaq.
30. İnkar şəklində, ikinci və üçüncü şəxslərdə: durma(yın) – tələs(in), tez ol(un), dayanma(yın), gecikmə(yin). Qabla dəxi mafraşını, Mir Haşım! Durma, götür qaç başını, Mir Haşım! M.Ə.Sabir. [Tərxan:] Durmayın, haqlayın vurulmuş ovu. A.Şaiq. // Hərəkətə gəl(in), sakit durma(yın). Ey könül, sən də həvəslən, durma! M.Müşfiq. // Tez, təcili, yubanmadan. Keçən həftə getmişdim şəhər idarəsindən paşburt alam; çünki səfərim var, anam tel göndərib: durma, gəl. C.Məmmədquluzadə. [Lütfəli:] Mən ölüm, durma, gəl, səni gözləyirəm. İ.Musabəyov.
31. Feli bağlamalara qoşularaq vəziyyətin davamlılığını bildirir. Dayanıb durmaq. – Başımı aşağı dikib durduğum halda, əlimdəki çörək qismətin yumruğumda saxlamağa başladım. A.Divanbəyoğlu. Xəstə sayıqlayır, hərəkət içində çırpınıb dururdu. M.İbrahimov.
32. Feli bağlama şəklində bir sıra feillərin əvvəlində bir işə təşəbbüs etmək, başlamaq mənasını ifadə edir. Durub söyləmək. Durub qaçmaq. Durub mənə belə dedi... Durum baxım, görüm. – [Firidun] bir ildırım sürəti ilə .. durub qaçmaq istəyirdi. M.İbrahimov. [Əminə:] [Həmzə] Nikolayın Nuh əyyamından durub mənə danışır. Ə.Əbülhəsən. ‣ Durma gəldim – tez, tələsik, birbaşa, üz tutaraq. Kəblə Novruzqulu başmaqlarını ayağına geyərək, durma gəldim birbaş Hacı Abtalıbın yanına gedir. H.Sarabski. Durubdurub zərf – hərdənbir, arabir, ara-ara. Gülüş durub-durub ah çəkirdi.. S.Rəhimov. Durub-oturmaq (əyləşmək) yaxud oturubdurmaq – birisi ilə vaxt keçirmək, əlaqə saxlamaq, yoldaşlıq etmək, dostluq etmək. Əbəs yerə cəfa çəkmə, yar olmaz; Rəqib ilə durub-oturan sənə. Q.Zakir. [Mirzə Qədir] hər zaman böyük adamlarla durub-əyləşirdi. S.Hüseyn. [Ağca] xüsusilə zəmanəyə mənsub oxumuşlar, firqəçilər, ziyalılar ilə duruboturmağı arzu edirdi. Mir Cəlal. dura-dura zərf ...olduğu halda, ...durduğu halda, ...ola-ola. Qeyrətimə sığışdıra bilmirəm ki, mən dura-dura və mən olan yerdə, məndən savayı bir özgə adam gəlib burada bir ad çıxartsın; gəlib Tiflisdə şöhrət qazansın. C.Məmmədquluzadə. Məncə, əsil qəhrəman da dar ağacı gözünün qabağında duradura, dediyindən dönməyənlərdir. M.İbrahimov. [Bülənd:] [Veys] dura-dura mənə evlənmək yararmı? Ə.Əbülhəsən.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

durmaq

I. qalmaq, dayanmaq
{kalmak, dayanmak}

II. bitmək, kəsilmək, dayanmaq
{bitmek, kesilmek, dayanmak}

III. gözləmək, dayanmaq
{beklemek, dayanmak}

IV. dayanmaq
{dayanmak}

V. qalxmaq, dikəlmək
{kalkmak, doğrulmak}

VI. qalxmaq, çıxmaq, törəmək
{kalkmak, çıkmak, türemek}

VII. başlamaq, girişmək
{başlamak, girişmek}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

durmaq

dinmek, durmak, kalkmak


Axir izdelgen sözler: