demək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
demək
I. f.
1. Bir fikri şifahi surətdə ifadə etmək, bəyan etmək, söyləmək, bildirmək. Söz demək. Düzünü demək. – [Aslan bəy:] ..O, bir söz dedimi, heç bir zaman unutmaz. C.Cabbarlı. // Bir fikri yazılı surətdə ifadə etmək, yazmaq. Müəllif öz əsərində deyir ki..
2. Nəql etmək, rəvayət etmək (adətən “ki” bağlayıcısı ilə). Belə deyirlər ki... – doğrudan deyirmişlər ki, Nikolayın bizə çox əziyyətləri olub.. C.Məmmədquluzadə. // Söhbət etmək, söz açmaq, danışmaq. Sadıq kişi öz hünərindən söhbət düşmüş kimi, arılardan həvəslə deməyə başladı. Mir Cəlal.
3. Xəbər vermək, söyləmək, bildirmək. Bu sözü heç kəsə demə. Bunu sənə kim dedi? Sirri başqalarına demək. – Quş uçar çəmən üstə; Sünbül, yasəmən üstə; Yarım gəldi desələr; Yeri var sinəm üstə. (Bayatı). // Yetirmək, bildirmək, çatdırmaq. Mənim fikrimi ona de.
4. Əmr etmək, sərəncam etmək, tapşırmaq. Ona de ki, tez gəlsin.
5. dan. Nəzmə çəkmək. Şeir demək. – [Molla:] Arvad, iki misra demişəm. “M.N.lətif.”.
6. dan. Avazla oxumaq. Bir-iki kəlmə demək. De gəlsin. Bir ağız demək.
7. Adlandırmaq, ad vermək. Buna nə deyərlər? Siz buna nə deyirsiniz? Belə hərəkətə nə demək olar?
8. Məna vermək, mənasına gəlmək. Bu söz nə deməkdir? Ərəbcə “həyat” dirilik deməkdir. // Dəlalət etmək, sübut etmək, ifadə etmək, göstərmək. Bu, o demək deyil ki...
9. “Dərs” sözü ilə – müəllimlik etmək, dərs vermək, öyrətmək. Firidun darülfünundan çıxıb Şəmsiyyəyə dərs deməyə getdi. M.İbrahimov. Qəhrəman müəllimlər ittifaqında çalışmaqla müəllimlik sənətini buraxmır, şəhər məktəbində dərs deyirdi. S.Rəhimov.
10. “Deyəcək” şəklində – deyilməsi, bildirilməsi, xəbər verilməsi vacib olan. Daha deyəcək sözüm yoxdur. – [Məmməd:] Sənə deyəcək iki vəsiyyətim vardır. “Aşıq Qərib”. [Şahbaz bəy:] Oğlum, əyləş, sənə deyəcək sözüm çoxdur. S.S.Axundov.
11. Şəxs sonluqları ilə is. mənasında: dediyim, dediyin, dediyi – söylədiyim, söylədiyin, söylədiyi söz, fikir və s. Dediyinə əməl etmək. Dediyindən belə çıxır ki... // Bəzən cəm şəklində işlənir. Usta ... başını bulayıb, dediklərinə yekun vurdu. M.Hüseyn.
12. “Bir-bir” sözü ilə – sadalamaq, təfərrüatı ilə, ardıcıl surətdə hamısını söyləmək, bildirmək. Ürəyindəkiləri bir-bir demək. – Yetməz əlim, nə çarə, düşən xaki-payüvə; Bir-bir deyəm sənə ələmü möhnətim. S.Ə.Şirvani.
13. “Deməkdi(r)” şəklində – iki şeyi eyniləşdirmə mənasında işlənir. Bakıya ali təhsil almağa getmək, Gülşad üçün dözülməz olan nənə və qardaş zülmündən xilas olmaq deməkdir. Ə.Əbülhəsən.
14. Feli bağlama şəklində: deyib – 1) nəzərdə tutaraq, üz tutaraq, istiqamət götürərək. Qırx lotu bir-birinə qoşulub, Təbriz deyib yola düşdülər. “Aşıq Qərib”. Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! C.Məmmədquluzadə; 2) hesab edərək. Bu üzü qarə könüldür məni rüsvay eləyən; O ki mən dust deyib tutmuş idim, düşmən imiş. S.Ə.Şirvani; 3) “durmaq” sözü ilə – daim təkrar etmək, söyləmək. Xatirinə dəyməsin, Ağa Dərviş, sənin özündə də mən heç bir hərəkət görməmişəm, bəqeyr əz şikayət... – “fələk kəcrəftardır”, – deyib durursan. N.Vəzirov. ‣ Deyək ki – fərz edək ki, tutaq ki. Deyirdim ki – bu fikirdə idim ki, belə güman edirdim ki (çox vaxt arzu bildirir). Deyirdim ki, bir bizə gələsən. – Mən deyirdim ki, bir gün varıb ana yurduna; Öpərsiniz anamın toz basan məzarını... A.İldırım. Deyirlər ki – rəvayət var ki, söhbət var ki, belə danışırlar ki, belə fikir yayılmışdır ki. Deyirlər ki, bu il qış bərk soyuq olacaq. Demək olar ki – bir şeyin təxminiliyini, möhtəməlliyini, mümkünlüyünü, həqiqətə yaxınlığını bildirən ara söz. Demək olar ki, indi papaqların fasonu o qədər artıq deyil, nə qədər ki cürbəcür məsləklər moddadır. C.Məmmədquluzadə. Demək olar ki, hamı oynayıb yorulandan sonra aşıq məclisə girdi. Ə.Vəliyev. Demək olmaz ki – söylənilən sözün, ya fikrin düzgünlüyünə arxayın olmadıqda, bir şeyi müəyyən etməkdə çətinlik çəkdikdə, yaxud inkarı yumşaltmaq istədikdə işlənən ifadə. Demək olmaz ki, Hacı Kamyab qardaşını yaxınına buraxmırdı. Ə.Haqverdiyev. Necə deyirlər – fikri tam və düzgün ifadə etməkdə çətinlik çəkdikdə və ya danışanın sözü ilə tam razılığa gəlmədikdə işlədilən ifadə. Əşrəf, necə deyərlər, canlara dəyən oğlan idi. İ.Şıxlı. Nə deyim – tərəddüd, gözlənilməzlik bildirən ara söz. Nə deyim, birdən yağış yağar. – İlk qədəmdə öpüşdü, son qədəmdə tüpürcək; Bir qeyri mükafatın olacaqmı, nə deyim?.. M.Araz.
II. ara söz mənasında. Söylənmiş fikrə yekun vurmaq, onu xülasə etmək üçün işlənir; deməli, yəni bundan o nəticə çıxır ki. Siz hazırsınızmı, demək, gedə bilərik. – Demək, bu misranın da əsil mənası bu imiş ki, dünyada keçinmək, güzəran etmək istəyirsənsə, camaat ilə həmrəng ol. N.Vəzirov. Demək, belə çıxır ki, Maqsud müəllim Sevili həyat imtahanına çəkirmiş. S.Rəhimov.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
demək
demek, demek ki, söylemek