aşağa
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
aşağa
(=aşağı)
1. is. Bir şeyin dibinə, yerə ən yaxın olan hissəsinə tərəf, alt (yuxarı ziddi). Dirəyin aşağısı çürümüşdür. // Sif. mənasında. Aşağı mərtəbə. Dirəyin aşağı tərəfi. // is. Altlıq. Heykəlin aşağısı.
2. zərf Yerə doğru, aşağıya doğru. Aşağı enmək. Aşağı baxmaq. Aşağı düşmək. Aşağı salmaq. Təyyarə aşağı endi. Şəkil çox aşağı asılmışdır.
3. is. Evin, binanın alt mərtəbəsi. Bu binanın yuxarısı mənzil, aşağısı isə dükandır.
4. sif. Orta səviyyəyə çatmayan, orta normadan az; kiçik, az, qeyri-kafi, zəif. Aşağı səviyyəli ixtisas. Aşağı hərarət.
5. sif. Ucuz. Aşağı qiymətlər. • Aşağı salmaq – ucuzlaşdırmaq. Qiymətləri aşağı salmaq.
6. sif. Alçaq, pis, nöqsanlı, yararsız, dəyərsiz, keyfiyyətsiz. Aşağı keyfiyyətli mal.
7. sif. məc. Yoxsul, kasıb. Aşağı silk. Aşağı təbəqə. Aşağı siniflər. // Yalnız cəm şəklində: aşağılar məc. köhn. – aşağı siniflər, aşağı təbəqələr; kütlə. Aşağılar köhnə qayda ilə yaşamaq istəmirdilər.
8. məc. sif. Vəzifəcə kiçik olan. Gəldiyev aşağı işçilərin sözünə fikir vermirdi. Mir Cəlal.
9. Axır, son, qurtaracaq. Evimiz kəndin aşağısındadır. Mən şəhərin aşağısında yaşayıram. // Çayın axıb getdiyi tərəf. Çay aşağı getmək. ‣ Aşağı baş – evin, məclisin, otağın qapıya yaxın olan tərəfi. Aşağı başda oturtmaq. – Toyxananın qapısında məşəl yandırırdılar. İçəri girdikdə aşağı başdan, yainki yandan sazandalar üçün döşək salınardı. H.Sarabski. Aşağılı-yuxarılı – orta hesabla, orta qiymətlə. Aşağı salmaq – 1) devirmək, düşürmək. [Miraxur:] İndi ki Şah Abbas yoxdur, aya bizə nə manedir ki, bu məlun və bidini, ki deyirlər tənasüximəzhəbdir, təxtdən aşağı salaq.. M.F.Axundzadə; 2) məc. hörmətdən salmaq, nüfuzdan salmaq. [Ceyran] öz işi ilə yoldaşlarını aşağı salmaq niyyətində deyildi. S.Rəhimov. aşağıda zərf Aşağı tərəfdə, alt tərəfdə. Pəncərədən baxarkən aşağıda bir yığın adam gördüm. Aşağıda çəkməçi yaşayır. – [Firidun] şoferə aşağıda gözləməsini tapşırıb, ayağa durmuş yoldaşları ilə vidalaşdı. M.İbrahimov. aşağıdan zərf 1) aşağı tərəfdən, altdan. Aşağıdan yel vurur. Aşağıdan səs gəlir. Aşağıdan yuxarıya. Aşağıdan tut; 2) məc. kütlələr tərəfindən, kütlənin təşəbbüsü ilə. Təklif aşağıdan irəli sürülmüşdür; 3) məc. astadan, yavaşdan, alçaqdan, pəstdən. Aşağıdan oxumaq.