turklehceleri.org

Ət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ət

is.
1. Canlıların bədənində sümüklə dəri arasındakı maddə; əzələ toxumalarının adi adı. // Heyvan və insan bədəninin yumşaq hissəsi. Əti sümükdən ayırmaq.
2. Kəsilmiş heyvan bədəninin xörəyə işlənən qismi. Qoyun əti. Toyuq əti. Mal əti. Bişmiş ət. Çiy ət. – ..Əti, çörəyi, qəndi bizə birə-iki qiymətə satırlar. C.Məmmədquluzadə. Ət almır, arvaddan küftə istəyir; Olmayanda tutur toy, bizim kişi. Aşıq Hüseyn. • Ət baltası – ət doğramaq üçün balta. Ət daşı – üstündə ət döymək üçün bərk daş. Ət döymək – ətin sümüksüz qismini xırda-xırda doğramaq. Ət taxtası – üstündə ət döyülən və ya doğranan girdə və ya dördkünc qalın və bərk taxta. Ülfət yerdə oturub ət taxtasını təmizləyirdi. Mir Cəlal.
3. Bədən, vücud, əndam mənasında. Ətindən elə bil kəsdilər. Güllə ətə dəydi. – [Fərəc:] Bu ət, bu əndam mənim başıma lap bəla oldu. H.Arif.
4. Meyvənin qabığı altında olan yeməli yumşaq hissəsi. Almanın əti. Şaftalının əti. ‣ Ət asmaq – bişmək (qaynamaq) üçün əti qazanda od üstünə qoymaq. Ət basmaq – çox kökəlmək, ətlənmək. [Firidun] uzunboylu, canlı və bütün boynunu ət basmış Hikmət İsfahanini diqqətlə süzdü. M.İbrahimov. Ət gəlmək – bədənin yaralanmış yerinin üstü ətlə örtülmək, sağalmaq, yarası qapanmaq. Ət tökmək – çox arıqlamaq. Ətdən düşmək – arıqlamaq, zəifləmək. Ətdənqandan olmaq – çox arıqlamaq, zəifləmək. Ətə dönmək – süstləşmək, keyləşmək, atilləşmək, hərəkət edə bilməyəcək bir hala gəlmək. Ətə gəlmək – bir qədər kökəlmək. Ətə gətirmək – kökəltmək. Ətəcana (ətə-qana) dolmaq – bir qədər kökəlmək, yaxşılaşmaq, sağlamlaşmaq. ..Səkinə otuz yaşına çatmışdı, ətə-cana dolmuş, gözəlləşmiş, gərdənli bir qadın olmuşdu. M.İbrahimov. [Tahir] son illərdə ətə-qana dolmuşdu. M.Hüseyn. Ətə-cana gəlmək – bax. ətə-qana dolmaq. Nurəddin kəndə gələndən sonra, bir ayın ərzində tanımaq olmurdu. Ətə-cana gəlib üzü lalə kimi qızarmışdı. S.S.Axundov. İnsafsız qurd gülə-gülə; Dedi sevinə-sevinə: – Bu uşaqlar kökəlsinlər; Ətə-cana gəlsinlər. M.Dilbazi. Ətə-cana (ətə-qana) gətirmək – bir qədər kökəltmək, sağlamlaşdırmaq, canlandırmaq. Əti çimçişmək – 1) iyrənmək, çiyrənmək. [Əşrəfin] əti çimçişdi, bu rütubətli zirzəmidə qalmağı şəninə sığışdırmadı, ayağa durub qapını sındırmaq və birbaş yataqxanaya yollanmaq istədi. İ.Şıxlı; 2) ürpərmək. Yağışın suyu [Seymurun] boynuna, bədəninə süzüldü, əti çimçişdi. İ.Məlikzadə. Əti tökülmək – 1) arıqlamaq, zəifləmək; 2) xoşagəlməz bir iş, hərəkət və s. qarşısında özündə iyrənclik, xəcalət hissi duymaq. O danışanda adamın əti tökülür. Əti ürpərmək – qorxmaqdan, hürkməkdən və s. Hisslərdən tükləri qabarıb biz-biz durmaq, dəhşətə gəlmək. Həmzənin əti ürpərdi, vücudu titrəyib lərzəyə gəldi. Gözləri alaqara çaldı. Ə.Vəliyev. Ətimi (ətimizi) tökmə! – utandırma! xəcalət vermə! ..İndi, bu saat bizim övrətlərimiz evdə oturub saqqız çeynəyirlər. Onlar bizim sözümüzü başa düşməyəcəklər və bizə belə cavab verəcəklər: “Sən allah, a kişi, ətimizi tökmə!” C.Məmmədquluzadə. Ətin tökülsün! – utan! xəcalət çək! həyan olsun! Ətini kəsmək (didmək) – çox əziyyət vermək, çox incitmək. [Əbdül:] Vallah, o qədər yanmışam ki, istəyirəm [Gülnisənin] ətini didəm. C.Cabbarlı. Fatı birdən ətini kəsirlərmiş kimi fasiləsiz qışqırdı. Ə.Abasov. Ətlə dırnaq arasına girmək – bir-birinə çox yaxın olan adamların işinə qarışmaq. Ətini şişə çəkmək – çox incitmək, çox əziyyət vermək. [Mahmud bəy:] Başına and olsun, əlimə düşə; Mən onun ətini çəkərəm şişə. S.Rüstəm. Bir köynək ət tökmək – bax. köynək-köynək ət tökmək. Teymur saqi olmaq istəmədiyini deyənəcən bir köynək ət tökdü. M.Hüseyn. Köynək-köynək ət tökmək – son dərəcə utanmaq, xəcalət çəkmək. Əziz Gülsabahın eşqini soyuq səngərlərdə qönçə halında saxlayıb qaytardığını Bayram kişi biləndə köynəkköynək ət tökməli idi. Ə.Vəliyev.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

ət

et


Son arananlar: