turklehceleri.org

öhdə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

öhdə

is. [ər.] Öz üzərinə götürülən və yerinə yetirilməsi vacib olan vəzifə; təəhhüd, borc. • Öhdəsində qalmaq – himayəsində, iaşəsində olmaq, boynunda olmaq. [Nuriyyə:] Ata-anamın vəfatından sonra səkkiz yaşında bir uşaq öhdəsində qaldım. İ.Əfəndiyev. Öhdəsində olmaq – bir vəzifə olaraq üzərində olmaq, boynunda olmaq; ixtiyarında, idarəsində olmaq. [Məktəblərin] xərci dövlət xəzinəsinin öhdəsində idi. C.Məmmədquluzadə. Körpü xüsusi tapşırıq ilə Nərimanın dəstəsinin öhdəsində idi. Mir Cəlal. Öhdəsindən gəlmək – 1) bir işi yerinə yetirməyə gücü çatmaq, edə bilmək, bacarmaq. Vəzifənin öhdəsindən gəlmək. – Mehriban bu çətin işin öhdəsindən gələ biləcəkdimi? H.Seyidbəyli. [Xanım:] Mən dedim o, bu işin öhdəsindən gələ bilməz. M.Dilbazi; 2) mübarizədə və ya başqa bir işdə üstün gəlmək, bacara bilmək, gücü çatmaq. [Kərbəlayı Fatma xanım:] Mən hacının öhdəsindən gələ bilmirəm.. C.Məmmədquluzadə. [Çərkəz bəy:] [Camaatın] öhdəsindən gələ bilməyirəm.. Ə.Haqverdiyev. // məc. Dərsini vermək, divan tutmaq. Onun öhdəsindən yaxşı gəldilər. Öhdəsinə qoymaq (buraxmaq, atmaq) – birinin boynuna qoymaq, üzərinə qoymaq, tapşırmaq. Məsuliyyəti başqasının öhdəsinə qoymaq (buraxmaq). – [Pristav:] Turaclılarla haqqhesab çəkməyi qoy mənim öhdəmə. Ə.Vəliyev. Babacan .. evin iş-gücünü həmişəlik qızının öhdəsinə atmışdı. Ə.Əbülhəsən. Öhdəsinə düşmək – üzərinə düşmək, boynunda olmaq, yerinə yetirilməli olmaq. [Fəxrəddin:] Öz boynumu öhdəmə düşən məsuliyyətdən kənara çəkmək istəmirəm. M.S.Ordubadi. Öhdəsinə götürmək (almaq) – yerinə yetirməyi bir vəzifə olaraq boynuna götürmək, boyun olmaq, söz vermək, üzərinə götürmək. [Məhərrəm bəy:] Əlbəttə, hər bir xərci öhdəmə götürürəm.. S.S.Axundov.


Son arananlar: