yox
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
yox
əd.
1. Xəbər mənasında. Bir şeyin hazırda, yaxud ümumiyyətlə olmadığını bildirir (var ziddi). Yeməyi bol, iştahası yox. – Var evi – kərəm evi; Yox evi – vərəm evi. (Ata. sözü). Yox vaizin sözünə sözüm kim, behişt var; Kuyin bir özgə, cənnəti-didarın özgədir. Qövsi. // Həmin mənada adətən yoxdur şəklində işlənir. Evdə heç kəs yoxdur. Zalda boş yer yoxdur. Bu barədə heç bir şübhə yoxdur. – [Əsgər:] Görünür ki, heç bir yol yoxdur. Ü.Hacıbəyov. Yoxdur təbiətdə bu ayrılıqlar; Bütün kainatın bir ahəngi var. S.Vurğun. Ay süd kimidir... Bir ləkə yoxdur bənizində; Yerlər də çimir sanki bu dəm nur dənizində. B.Vahabzadə.
2. Suala mənfi cavab və ya bir şeylə razı olmamağı bildirmək üçün işlənir (hə, bəli ziddi). – Bu axşamkı tamaşaya biletin varmı? – Yox. – Sənə nə olub, xəstə deyilsən ki? – Yox. – Sən bununla razısanmı? – Yox. – Gedəcəksən, ya yox? – Yox, hələ dayan, fikirləşmək lazımdır. // İnkar edilən şeyin təkrarlanması ilə. – Sabahkı qonaqlığa gələcəksənmi? – Yox, gəlməyəcəyəm. – Bu işi iki günə görüb qurtarmaq olarmı? – Yox, olmaz. – [Aslan bəy:] Yox, hələ də gəlməmiş. C.Cabbarlı. [Süleyman:] Yox, xala, daha bu qədər dul qaldın bəsdir. Ü.Hacıbəyov. // Ümumiyyətlə, etiraz, narazılıq bildirmək üçün işlənir (bəzən təkrar şəklində). Yox, yox, buna dözmək olmaz. Yox, yox, razı deyiləm. – Yox, yox, mənim fikrimə başqa şey gəlir. Ü.Hacıbəyov. Yox, yox, bəsdir, qarı nənə; Bu sözləri demə mənə. S.Vurğun. // Söylənmiş fikri, sözü düzəltmək üçün işlənir. Dur get, sabah axşam gələrsən. Yox, ertəsi gün. Bu saat sənə deyim. Yox, özün tap. – Yox, o ağlamırdı. Göynəyirdi. M.Hüseyn. // Bir şeyi rədd və ya qadağan etməyi bildirir. – Söz verirəm ki, ... – Yox, söz-zad vermə. – İstəyirəm ki, görüşünə gəlim. – Yox, sən gəlmə, mən özüm gələrəm. // Cümlədə inkar bildirən xəbərin, yaxud söz birləşməsinin əvəzində işlənir. O deyir ki, bu saat getmək lazımdır. Mən deyirəm – yox. Sən onu çox dərin adam hesab edirsən. Mən – yox. Bax gör, qayıdacaq, ya yox.
3. İs. mənasında. Yoxa çarə yoxdur. Yoxun üzü qaradır. Yoxdan bir şey ortaya çıxarmaq. – Verdilər knyaza “yox” xəbərini; Ovuşdurub bir az o, əllərini; Əmr etdi qoşuna: “Vurun birbaşa!” H.K.Sanılı.
4. Bağl. mənasında. Deyil. Ona dağ havası yox, dəniz havası xeyirlidir. Bu məsələ tək bizi yox, bütün kollektivi düşündürür. – Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. M.Hüseyn. Maya uşaqlıqdan atı sevərdi, lakin yükdaşıyan qoşqu atlarını yox, yallı-yəhərli minik atlarını. M.İbrahimov.
5. Yoxam şəklində – sevmirəm, acığım gəlir, xoşum gəlmir (varam ziddi). Mən buna yoxam.
6. Yoxdur şəklində – 1) cümlədə işi bildirən xəbər mənasında; 2) özündən əvvəlki sözün mənasına müsbətlik çaları verir. İstisuyun yay aylarında hüsnü yoxdur. ‣ Yox a! – təəccüb, heyrət bildirir. – Az qala yıxılmışdım. – Yox a! Yox demək – mənfi cavab vermək, rədd etmək, qəbul etməmək. [Rüstəm bəy:] Qızım, yox deyirsən? Ü.Hacıbəyov. Yox deyil – vardır, mövcuddur, yaşayır. Yox deyil dünyada; namərd dost, kəmfürsət adam. R.Rza. Yox etmək – puça çıxarmaq, heçə çıxarmaq, məhv etmək, boş yerə sərf etmək. Varın yox edən sərrafa əvvəl nəzərin var; Sonra həzərin var. M.Ə.Sabir. Qaranlıq gecədə buradan qaçaq; Bizi yox etməyi yağı arzular! H.K.Sanılı. Yox olmaq – 1) çıxıb getmək, gözdən itmək; 2) itmək, yoxa çıxmaq, gözdən itmək. Çoxdandır ki, bu kağız bizim evimizdən yox olmuşdu. M.S.Ordubadi. Hamımız alaçıqdan çıxdıq. Qızılquş yox olmuş, uçub getmişdi. A.Şaiq. Səlimnaz arvad gəldiyi kimi də yox oldu. M.Hüseyn; 3) çəkilmək, görünməz olmaq; 4) tükənmək, bitmək. Yox oldu səbrü sükun həsrəti-dəhanində; Qəmündə qarət olub hər nə var, ey xaliq! S.Ə.Şirvani. Yox olmuş – qarğış ifadəsi. Neyləyim, axır, bu yox olmuşların; Fikrini qanqan görürəm, qorxuram. M.Ə.Sabir. Yox olsun! – məhv olsun! rədd olsun! Yox yerə – bica, əbəs, nahaqdan, səbəbsiz, heç bir səbəb olmadan. Aldı əqlü huşumu şövqi-dəhanı dilbərin; Getdi əldən yox yerə məcmui-varım, ey könül! S.Ə.Şirvani. Yoxa çəkilmək – tapılmamaq, qıtlaşmaq. Yoxa çıxmaq – görünməmək, itmək, qeyb olmaq, yox olmaq. Neçə böyük cəzirələr yoxa çıxdı dənizlərdə. N.Rəfibəyli. Yoxdan var etmək – heç bir şeydən yaxşı bir şey vücuda gətirmək, yaratmaq. Yoxdan yaranmaq – çox arıq, cılız adam haqqında. Bu gün var (varam, varsan), sabah yox (yoxam, yoxsan) – həyatın müvəqqətiliyi haqqında. Heç yox – bax. heç. Nə var, nə yox? – bax. var1. Nə yoxdur – hər şey var. Mağazalarda nə yoxdur. Söz yox – bax. söz. Söz yoxdur – bax. söz.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
yox
deyil
{yok}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
yox
bilakis, değil, hayır, yok