yetişmək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
yetişmək
f.
1. Bir istiqamətdə gedərək nəzərdə tutduğu bir yerə çatmaq, yetmək, varmaq, varid olmaq. Yüzbaşının çavuşu Nəzərəli at üstə, çaparaq yetişər xərmənə. C.Məmmədquluzadə. [Hacı:] Kəndə yetişəndən sonra Almaz uzunboğaz çəkməsini keçi piyi ilə yağlayıb işıldadır. S.Rəhimov. // Özünü çatdırmaq, vaxtında çatmaq. Millət boğulur, .. əgər dadü fəryada tez yetişməzsə, mümkündür ki, millətdən bir əsər dəxi qalmaya.. C.Məmmədquluzadə. Knyazın ordusu yetişib həmən; Bürümüş şəhəri dörd bir tərəfdən. S.Vurğun. // Bir istiqamətdə hərəkət edərək bir yerə çatmaq (qatar, gəmi, maşın və s. haqqında). Qatar stansiyaya yetişdi. Biz sahilə yetişdik. // Göndərilən ünvana, yerə, şəxsə çatmaq; yerinə, sahibinə çatmaq; yetmək. Üç gün əvvəl göndərilən məktub bu gün yetişdi. Teleqram nədənsə sahibinə yetişməyib. // Gəlib çatmaq; bilinmək. Xəbər nə vaxt yetişdi? Məlumat hələ yetişməyib.
2. Qovuşmaq, birləşmək. Əziziyəm, yar yara; Qara bağrım yar yara; Ürək titrər, qan qaçar; Yetişəndə yar yara. (Bayatı). Yüz hüsn dilü dideyi-heyranə yetişməz; Yüz gənc həqiqətdə bu viranə yetişməz. Qövsi.
3. Çatışmaq, yetmək, çatmaq. Elə qaçırsan ki, sənə yetişmək olmur. Yoldaşıma yetişdim. Qatara yetişə bilmədim.
4. Müəyyən bir həddə, yaşa çatmaq. [Rzaqulu xan] 28 sinnə yetişdikdə Sorbon darülfünunun hüquq şöbəsindən qızıl nişan və iftixar ilə məzun olmuşdur. M.S.Ordubadi. // Büluğa çatmaq, böyümək. Yetişibsən, indən belə yaraşmaz; Yadlar ilə deyib-danışmaq sənə. Q.Zakir. Uşaqlarımız oxuyur, cavanlarımız yetişir, qoy ürəkaçan bir yer olsun, özü də istəyirəm ki, məndən sonraya bir yadigar qalsın! S.Rəhimov. Buğa yetişən kimi oğlan yenə onun buynuzlarından yapışdı. M.Rzaquluzadə. // Yetkinləşmək, təcrübə qazanmaq, bişmək. Biz döyüşdə yetişmişik. Z.Xəlil.
5. Bitmək, vücuda gəlmək, hasil olmaq (bitki haqqında). Abşeronda zeytun çox yaxşı yetişir. – Elə subtropik bitki yoxdur ki, Azərbaycanda yetişməsin. İ.Əfəndiyev.
6. Dəymək, yeməli hala gəlmək. Meyvələr yaxşı yetişib. Üzümlər çoxdan yetişib. – [Əyyar:] ..Şitillər böyüyər, bağım bağ olar; Meyvələr yetişər, kefim çağ olar. A.Şaiq. [Hacı Murad:] Yox, oğlum, dəymə, yetişəndə yığıb sənə göndərəcəyəm. S.S.Axundov. // İşlənmək üçün hazır vəziyyətə gəlmək. Pendir yetişib, yemək olar.
7. Kifayət etmək, kafi olmaq; çatmaq. Bu ət beş nəfərin xörəyinə yetişməz. Çörək hamıya yetişər.
8. Gəlib çatmaq, yaxınlaşmaq. [Bəypolad:] Əfsus ki, şərəfi-müsahibətinizdən məhrum olmaq zamanı yetişdi. H.Cavid.
9. Tay olmaq, bərabər olmaq, çatmaq (adətən inkarda işlənir). Eşq atəşi bir od salıb canıma; Yanmaqda yetişməz səməndər mənə. Q.Zakir.
10. Yetişir, yetişər şəklində – bəsdir, yetər, kifayətdir. [Cəmil bəy:] Yetişir, Humay, yetişir! Yaralı könlümə buraxmış olduğun yanğını, əmin ol ki, dəryalar belə söndürməz. H.Cavid. [Nüşabə:] Yetişir, bizdə əzizdir qonşu; Düşünün bir, nə zarafatdır bu? A.Şaiq.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
yetişmək
erişmek, ermek, gelmek, ulaşmak, varmak, yetişmek, yetmek