tərk
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
tərk
I. is. [fars.]: tərk etmək (eləmək) – 1) qoyub getmək, çıxıb getmək, buraxıb getmək, atıb getmək. Evi tərk etmək. Vətənini tərk etmək. – Reyhan səssiz tərk eləyir; Nənəsinin otağını. M.Dilbazi; 2) yarımçıq qoymaq, daha davam etdirməmək, buraxıb getmək. İşi tərk etmək. – ..[Səməd bəy] orta məktəbin dördüncü sinfində dərsi tərk etdi. Çəmənzəminli. Tərkini qılmaq – bax. tərk etmək (eləmək). Kərbəlayı Eyvaz bu səfər ev-eşiyin tərkini qıldı. Çəmənzəminli.
II. bax. tək2. ..[Məlikməmməd] quyunun tərkinə çatan kimi bir o yana-bu yana baxıb gördü ki, bir yol var. Çəmənzəminli. Dərənin tərkindən, göz güclə işləyən yerdən parıltı gəlir, ancaq su görünmür. Mir Cəlal.
III. is. Atın belinin yəhər qoyulan yerinin dal tərəfi. ..Çavuş qəndabı içib, corabı aldı və qoydu atının tərkindəki xurcuna. C.Məmmədquluzadə. Sadıq kişi atın tərkinə bağlanmış dolu heybəni götürdü. M.Hüseyn. • Tərk xurcunu – atın tərkinə, yəhərin dalına qoyulan kiçik xurcun. Tərk xurcununun bir gözündə bir neçə qutu qrim, on-on iki müxtəlif parik vardı. Ə.Vəliyev. Tərkinə mindirmək (almaq, götürmək) – öz arxasında atın və ya başqa heyvanın tərkinə mindirmək, oturtmaq. Aldı arxasına Qurban çobanı; Götürdü tərkinə igid Osmanı. H.K.Sanılı; // eyni qaydada motosikletə, velosipedə və s.-yə mindirmək. Yusif eyvanın başından motosikli endirdi, işə salıb, Şahmarı da tərkinə aldı. B.Bayramov. Tərkinə minmək – atlının arxasına, minik heyvanının tərkinə minmək. Bir nəfər ağ atlı [Qəribin] qabağına çıxıb salam verdikdən sonra dedi: – Gəl min tərkimə! “Aşıq Qərib”.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
tərk
I. ayrılma, buraxma
{ayrılma, bırakma}
II. sağrı (tərkə minmək)
{terk (terke binmek)}