qəlb
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qəlb
is. [ər.]
1. Ürək (adətən insanın daxili aləmi, onun hisslərinin, təəssüratının, əhvali-ruhiyyəsinin simvolu, rəmzi təzahürü mənasında işlənir). Bu təsadüf onun qəlbində bir etimad oyandırdı. M.Ə.Sabir. Haman qız bütün səyahətçilərin qəlbini özünə məftun etmişdi. M.S.Ordubadi. Xavər yenə qəlbində sonsuz bir rahatçılıq və səadət duydu. M.İbrahimov. // məc. İnsanın həyat məqsədi, idealı, onu yaşatdıran amil mənasında. [Hüseyn:] ..Səhnə mənim məqsədim, idealım və qəlbimdir. S.Rəhman.
2. məc. Bir şeyin əsas hissəsi, ən mühüm yeri, mərkəzi. Bakı Azərbaycanın qəlbidir. ‣ Qəlb yoldaşı – sirdaş, ürək dostu, səmimi dost. Ancaq həyalı bir qız mənə qəlb yoldaşı ola bilər. Mir Cəlal. Qəlbi incimək – incimək, xatiri qırılmaq. Demək bu halizarı ol güli-rüxsarə müşküldür; Məbada inciyə qəlbi, bu dərdə çarə müşküldür. S.Ə.Şirvani. Qoy bədənim rahət olsun, amma qəlbim inciməsin. C.Məmmədquluzadə. Qəlbi sevinmək – şadlanmaq, fərəhlənmək, sevinmək. Məni görər-görməz sevindi qəlbi; Dedi ki, atana məndən salam de. S.Vurğun. Qəlbi sıxılmaq – ürəyi sıxılmaq, darıxmaq. Əgər istəyirsən ki, uşağın qəlbi sıxılmasın, onu çağır bura və xoş dil ilə onu danışdır. C.Məmmədquluzadə. Qəlbi sınmaq – bax. qəlbi incimək. Qəlbin sınmasın, nigaran da qalma. M.S.Ordubadi. Qəlbi vurmaq – ürəyi işləmək, sağ olmaq, yaşamaq, var olmaq. Bir səs duydum qələm əldən düşüncə: – Mənim üçün qəlbin vursun ölüncə.. Ə.Cavad. Qəlbi yanmaq – ürəyi yanmaq, son dərəcə yazığı gəlmək, acımaq. Qəlbim yanar, ona deyərəm: “Ay yazıq çocuq! Sən sevgili vətəncigimin gül fidanısan”. A.Səhhət. Qəlbi yaralı – dərdli, kədərli, ürəyində dərdi olan, fəlakət üz vermiş. Ey qəlbi yaralı, fikri pərişan; Qəlbindən keçəni qorxma, de gəlsin. B.Vahabzadə. Qəlbindən keçmək – ürəyindən keçmək, ummaq. Salatın bu hadisədən sonra anasının qəlbindən keçənləri bilməsə də, onun sakitləşməsinə sevindi. İ.Şıxlı. Qəlbinə dəymək – 1) incimək, pərt olmaq, qəlbi sınmaq; 2) incitmək, ürəyinə toxunmaq, könlünü qırmaq. Biganə ilə gəzmə, dedim, qəlbinə dəydi; Cana, nə bilim, sən bu qədər dəymədüşərsən? Ə.Vahid; Sallanıb-sallanıb özünü öymə; Elə süzgün baxıb qəlbimə dəymə. Aşıq Ələsgər. Qəlbinə girmək – birinin ürək sirrini bilməyə çalışmaq. Qəlbinə toxunmaq – bax. qəlbinə dəymək 2-ci mənada. Toxunma qəlbinə avarə gülün.. X.Natəvan. Qəlbini açmaq – birinə inanaraq ürəyini açmaq, ürəyindəkiləri açıb söyləmək, ürək sirrini açıb demək. O zaman qəlbini bizə el açar; Öz ürək sözünü deyər doyunca. S.Vurğun. Qəlbini ələ almaq – könlünü almaq, xoş sözlərlə dilə tutmaq, şirin sözlərlə razı etməyə, etimadını, məhəbbətini qazanmağa çalışmaq. [Gəldiyev] axırda qızı mehriban danışdırmağı və beləliklə, bəlkə qəlbini ələ almağı kəsdirdi. Mir Cəlal. Qəlbini qırmaq (incitmək) – bax. qəlbinə dəymək 2-ci mənada. Qəlbini ovlamaq – ələ gətirmək, diqqətini cəlb etmək, məhəbbətini qazanmaq, özünə məftun etmək. Operanın açılışı gecəsi istəklilər lojada əyləşdikləri zaman, Hədiyyə qət etmişdi ki, Kiçikxanım Nərimanın qəlbini ovlamışdır. Mir Cəlal. Qəlbini sıxmaq – ürəyini sıxmaq, darıxmaq, qəm çəkmək, fikir çəkmək. Babalın boynuma, get fələlik et, qəlbini sıxma! M.Ə.Sabir. [Mir Paşa:] Əziz gedib deyə, çox da darıxma; Fikirlər eyləyib qəlbini sıxma. Z.Xəlil. Qəlbini sındırmaq – bax. qəlbinə dəymək 2ci mənada. [Nizami] Fəxrəddin barəsində düşünür və onun qəlbini sındırdığı üçün peşmançılıq çəkirdi. M.S.Ordubadi.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qəlb
ürək, könül
{yürek, gönül}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
qəlb
kalp