nə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
nə
I.
1. sual əvəz. Bu və ya digər əşyanı, vəziyyəti, halı, hadisəni müəyyənləşdirmək üçün sual məqamında işlədilir. Nə dedin? Nə olan işdir? Nə olub? Bu nə evdir?
2. əvəz. Təsdiq bildirən feillərə inkarlıq mənası verir. [Uğur:] Səndən yaxşılıqdan başqa nə görmüşəm? İ.Əfəndiyev.
3. əd. Danışan şəxsin bir şeydən məmnunluğunu, o şeyin ürəyindən olduğunu bildirir. Nə ürəyimdən dedin? Nə yaxşı əsərdir? Qız nə qız? – Qədir yenə də əyilib baxırdı. Dərə nə dərə! Mir Cəlal.
4. Cəm şəkilçisi ilə: “hər şey”, “hər nə istəsən” mənasında. Burada nələr yoxdur. O səndən nələr dedi. – Bu yoldan gələr, keçər; Ahular mələr, keçər; Oğulsuz anaların; Qəlbindən nələr keçər. (Bayatı). Nələr bitmir, nələr yoxdur torpağımızda. S.Rüstəm.
5. Şəxs əvəzliklərindən sonra gələrək onlara inkarlıq mənası verir. Ona nə. Sənə nə. – [Növbətçi:] Mənə aid bir şey yoxdur. Şəhər stansiyası satıb, mənə nə? Mir Cəlal.
6. Çıxışlıq halında “niyə”, “nə üçün”, “nə səbəbə”, “niyə görə”, “nədən” suallarını əvəz edir. Əzizim, qandı ürək; Yar sözün dandı ürək; Şirin şərbət içirtdin; Nədən bəs yandı ürək? (Bayatı).
7. “İsə” qoşması ilə qeyri-müəyyənlik bildirir. Təcrübəli Fərhadoğlu vurnuxur, nə isə qəti bir qərara gələ bilmirdi. S.Rəhimov. Əbil Qənbərovun çıxışı .. adamlarda nə isə bir donuqluq əmələ gətirdi. Ə.Vəliyev.
8. “Var” sözü ilə “heç nə”, “heç zad” mənası verir. Meyvəsiz bağda nə var? Bəhrəsiz tağda nə var? Məcnun xəyallı könlüm; Leylisiz dağda nə var? (Bayatı).
9. Xəbər şəkilçisi ilə “nədir?” formasında sual kimi işlənir. [Ata:] Çarəsiz mağaraya girdim, bir də ağır bir xorultudan gözlərimi açdım: – Bu nədir? Məndən başqa burada adammı var? – dedim. A.Şaiq. Səlim indi Mehribana sanki fəlsəfə dərsi verirdi: həyat nədir, ölüm nədir – onu anladırdı. S.Hüseyn. ‣ Nə bilim – deyə bilmərəm, bilmirəm. [Qədir:] Ay bəy, Məşədi Ələkbər deyir, nə bilim, yüzbaşı özü də bizə baxır. Mir Cəlal. Nə borcuma (borcuna), nəyimə (nəyinə) gərək – bax. nə borcum(a), nə borcun(a), nə borcumuzdur, borcundur (“borc”da). Nə çarə – bax. çarə. ...Nə desən çıxar – xatakar, pis əməlli adam haqqında. [Sona:] Hə, onlardan nə desən çıxar. Ə.Əbülhəsən. Nə deyim – bax. demək1. Nə əcəb – bax. əcəb. Sual və təəccüblə onun üzünə baxabaxa dedi: – Nə əcəb, Vahid? Nə əcəb? Bu vaxt? Mir Cəlal. Nə fayda – bax. fayda. Ancaq nə fayda; Özü yıxılanın ağlamağından! B.Vahabzadə. Nə hə, nə yox – bax. hə. Nə isə – xülasə, müxtəsər, sözün qısası. Nə isə, Məsmənin yeganə əziz oğlu haqqında şirin xatirələri tükənməz idi. Mir Cəlal. Nə ki – hər nə qədər, nə qədər, mümkün qədər. Nə ki gözəl görmüşəm mən; Hamısından başdı Gözəl. Aşıq Ələsgər. [Hacı:] Şamaxılı Şamaxıdan, gəncəli Gəncədən, şəkili Şəkidən nə ki imkan var hümmət eləyək... Mir Cəlal. Nə lazım – əbəsdir, dəyməz, ehtiyac yoxdur. Nə lazım işi böyütmək. Nə olar – hər ehtimala qarşı. Demək nə lazımdı, özün bilirsən; Bir gün yaranırsan, bir gün ölürsən. Aşıq Ələsgər. Nə olar, nə olar ki, nə olaydı – ümid, arzu, istək mənasında işlənir. Nə olaydı mənim də adım xoşbəxtlər cərgəsində çəkiləydi. – Nə olar ki, hamıya məlum olan düşmənlərimizi bir saatlığa qoyaq kənara. C.Məmmədquluzadə. Nə olardı [Əntiqəni] də bu dərs otağına buraxaydılar, oturmağa qoyaydılar. Mir Cəlal. Könüllü gəlmədik bu dünyaya biz; Nə olar, dünyadan könüllü getsək?.. B.Vahabzadə. Nə olar, olar – gözlənilən təhlükə və ya hadisə, iş qarşısında işlədilir. [Əsgər:] Daha burada dayanmaq namərdlikdir, Mütəllim! Vuraq özümüzü çaya. Nə olar, olar. Ə.Vəliyev. Nə olursa olsun – hər necə olsa, hər nə olsa da, mütləq. Ey gənc! Səadəti bir xəyal bilmə; Nə olursa olsun, ancaq əyilmə! S.Vurğun. Durnanı möhkəm qucmuş Xasay bu il nə olursa olsun toy etmək, fikrində idi. Ə.Vəliyev. Nə sənə, nə mənə – heç bir şeyi nəzərə almadan, hesablaşmadan, gözləmədən. Adilə nə sənə, nə mənə, birdən anasının üstünə qışqırdı. Ə.Məmmədxanlı. Nə təhər (tövr) – bax. təhər. İmzalarla deyil, gözlə görsünlər; Ağlın duruluğu nə təhər olur; Hökmün bulannığı nə təhər olur. M.Araz. Nə üçünsə – səbəbi məlum olmadan. Nə üçünsə cavab vermədi. Nə üçünsə üzünü yana çevirdi. – Bəyim bilet alıb geri dönəndə bizi görüb nə üçünsə qızardı. İ.Əfəndiyev. Nə üzlə – bax. üz. Mən onun yanına gedim nə üzlə; Oyunlar oynadı bu dünya bizlə. S.Tahir. [Bəy:] Pristavın yanına bəs nə üzlə gedəcəksən? Mir Cəlal. Nə var, nə yox – bax. var1. Nə yaxşı – bax. yaxşı. İllər həsrətinə dözən şerimiz; Köhnəldi nə yaxşı, susdu nə yaxşı. M.Araz.
II. bağl. Sadə cümlələrdə həmcins üzvləri, mürəkkəb cümlələrdə isə onun tərkibinə daxil olan cümlələri bir-birinə bağlayır (əsasən təkrar edilərək işlədilir, və, də, də ki bağlayıcılarından biri artırılır). Nə şiş yansın, nə kabab. (Məsəl). Nə göz görsün, nə ürək bulansın. (Məsəl). [Yusif:] Nə yorğan və nə döşək, nə də balış və nə də pul vardır. N.Nərimanov. Nə bir işıq görünür, nə də bir həyat səsi eşidilirdi. C.Cabbarlı. Səltənət nə döndü, nə tərpəndi, nə də ki cavab verdi. Mir Cəlal.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
nə
ne