hərif
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
hərif
is. [ər.]
1. Gözə tanış gəlməyən, şübhəli görünən tip; subyekt. Bu hərif kimdir? O hərif haradan gəldi? – [Mehralı:] Müxtəsər, bankdan bizim çeklərlə pul alanda hərifləri qamarlayıblar. S.Rəhman. [Yusif:] Həriflər daşımağa macal tapmayıblar, özləri əkilsə də, çuvallar şahid qalıb.. B.Bayramov.
2. məc. Bic, çoxbilmiş, tez başa düşən, tez duyan, ayıq. Yaman hərifdir. – Bəhram hərif olduğu üçün Qulunun bu mehribanlığına əhəmiyyət vermədi və .. bu nəvazişdən sonra əməli bir təklif olacağını gözlədi. Çəmənzəminli. [Hacı Murad:] Amma o da hərifdir, özünü o yerə qoymuşdu ki, guya heç bir zaddan xəbəri yoxdur. S.S.Axundov.
3. Yüngül söyüş məqamında işlədilir. [Altunbay:] Sən də, Toğrul, xristian hərif, yaxın gəl! C.Cabbarlı. [Ağasəfər:] Adə, ey .. çayqıraqlı pəzəvəng hərif! Qrammofon niyə susdu? Ə.Əbülhəsən. // məc. Alçaq, yaramaz (adı çəkilməyə layiq olmayan adam haqqında). – Nə var? – Nə oldu? – Həriflər özgə bir səngərə doldu. S.Vurğun. Bombatək partlaram döyüş zamanı; Bütün hərifləri edərəm zəlil. S.Rüstəm.
4. dan. Oyun yoldaşı; oyundaş. Hərif uduzdu. – Uşaqlardan biri o birilərinə him ilə bildirirdi ki, gələn hərif xamdır. H.Sarabski. Hərifin biri həmişə istər ki, aşıqlar alçı dursun, o birisi də gözünü dikib tovxanlara müntəzir olar. Ü.Hacıbəyov.
5. klas. Sirdaş, yoldaş, munis. Bildim, qəmini sənin, ki çoxdur; Qəm çəkməyə bir hərif yoxdur. Füzuli.
6. bax. rəqib 2-ci mənada. Qara pəhləvan gördü, yox, hərif çox qüvvətlidir. “Koroğlu”.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
hərif
I. rəqib, düşmən, əleyhdar
{rakip, düşman, hasım}
II. qanmaz, anlamaz
{düşünmez, anlamaz}